Məhkəmə qərarları › İş №2(004)-14/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-14/2022

15.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-14/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı2, iddiaçı X9 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, cavabdeh X5 vəkili Nümayəndə iştirakı ilə, cavabdeh 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar X12 və İddiaçı2 cavabdehlər X10 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X2 qarşı vərəsə kimi tanınmadan imtina edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X12 və İddiaçı2 cavabdehlər X10 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X2 qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X13 vərəsələri kimi onların, yəni İddiaçı1 və qardaşım Hacı-X18 tanınması, onların miras əmlakdakı payınn 1/2 hissədə müəyyən olunması, atasının ikinci nikahdan olan həyat yoldaşı 1979-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı X7 X13 vərəsəsi kimi tanınmasından imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X8 ilə anaları Vəkilova Dildar Rafiq qızı 25 noyabr 1982-ci il tarixdə rəsmi formada nikaha daxil olmuşlar. Onların nikahı həmin tarixdə qeydiyyata alınaraq 292801 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Atası ilə anasının nikahından xx xxxxxx 1984-cü il tarixdə X12 və 24 avqust 1986-cı il tarixdə isə İddiaçı2 doğulmuşdur. Anaları Vəkilova Dildar Rafiq qızı 01 dekabr 2006-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 220659 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. X8 2015-ci il tarixdə 1979-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı X10 ilə rəsmi formada nikaha daxil olmuşdur. Həmin nikahdan onların heç bir övladı olmamışdır. X8 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 941089 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. Ataları vəfat etdikdən sonra onlar vərəsəlik işi açılması üçün 3 saylı ASAN XİDMƏT mərkəzində yerləşən dövlət notariat kontoruna ərizə ilə müraciət etmişlər. Həmin notariat kontorunun notariusu Rasim müəllim şifahi formada məlumat vermişdir ki, atalarının ikinci nikahdan olan həyat yoldaşı 1979-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı X11 da onlarla eyni hüquqlara malikdir. Elə bu səbəbdən də onun da onlarla eyni həcmdə bərabər payları mövcuddur. Rasim müəllim Vərəsəlik haqqında şəhadətnamədə payların üçdə bir olmaqla bərabər şəkildə bölünəcəyi barədə məlumat vermişdir. X3 onlarla bərabər paylara malik olmasına etiraz etmiş, vərəsəlik haqqında şəhadətnamədə miras əmlakın üçdə bir olmaqla bərabər bölünməsi ilə razı deyillər və bu barədə rəsmi formada ərizə ilə notariat kontoruna müraciət etmişlər. Miras əmlaka daxil olan bütün daşınar və daşınmaz əşyalar X8 ilə X10 rəsmi nikaha daxil olduqdan qabaq əldə edilmişdir. Həmin əmlakların əsas hissəsi isə X8 ilə anaları Vəkilova Dildar Rafiq qızının rəsmi nikahda olduqları dövrdə əldə edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, 1979-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı X5 məhrum X8nun vərəsəsi kimi tanınmasından imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki tələbin hüquqi cəhətdən daha çox mənəvi tərəfi üstünlük təşkil edir. Belə ki, iddiaçıların ataları məhrum Elgün Hacıyev tanınmış həkim olmuş və bu səbəbdən də, onun maddi imkanı yaxşı olmuşdur. Atalarının ölümdən sonra evlərində olan müəyyən vəsaitlər yoxa çıxmış və barədə polis orqanında araşdırma aparılmışdır. Bundan başqa bildirir ki, cavabdeh Zenfira xanımın qeyd edilən miras əmlakda payı yoxdur. Sözü gedən əmlaklar iddiaçıların anaları və atalarının nikahı zamanı əldə edilmiş, anaları öləndən sonra onun payını faktiki qəbul edərək, həmin əmlakları idarə etmiş və hazırda da istifadələrindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, sözü gedən əmlaklar hazırki cavabdeh olan X10 ilə onların atasının nikahından öncə əldə edilmişdir. Bu səbəbdən də, həm qanunvericilik tələbindən, həm də mənəvi baxımdan cavabdehin o əmklardan pay əldə etməyə haqqı yoxdur. Onun atası ilə cavabdeh 2015-ci il tarixdə nikah daxil olmuş və onların bu nikahdan məlumatları olmuşdur. Məhkəmədən iddianin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıların atası ilə rəsmi qaydada nikahda olmuşdur. Qanunvericiliyə əsasəndə vəfat etmiş Elgün Hacızadənin vərəsələri hazırki iddiaçılar və cavabdeh Zenfira xanımdır. Qanunvericilik tətbiq olunan yerdə mənəviyyatdan söhbət getməsi absurd məsələdir. Belə ki, vərəsəlik mənəvi əsaslarla deyil, qanunlarla müəyyən edilir. Odur ki, qətnamə çıxarılarkən qeyd olunanların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edəərk bildirdi ki, iş üzrə iddiaçılar və cavabdeh Zenfira xanım Elgün Hacızadənin varisləridir. Bu səbəbdən də onlara qanun üzrə mirasdan pay düşməlidir. Hazırki iddianın isə onlara heç bir aiddiyyatı olmasa da, rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X19 ilə Vəkilova Dildar Rafiq qızı xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuş, onların nikahından xx.xx.1984-cü il tarixdə X12 və xx.xx.1986-cı il tarixdə İddiaçı2 adlı övladları dünyaya gəlmişdir. İddiaçıların anaları Vəkilova Dildar Rafiq qızı xx.xx.2006-cı il tarixdə qara ciyər sirrozundan vəfat etmişdir. Daha sonra X19 xx.xx.2015-ci il tarixdə hazırki iş üzrə cavabdeh Zenfira Əliyeva ilə nikaha daxil olmuşdur. X19 xx.xx.2018-ci il tarixdə ağciyər ödəmi səbəbindən Bakı şəhərində vəfat etmişdir. X13 adına Toyota Prado minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsi; Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 43, 123 saylı mənzil xx.xx.2008-ci il tarixdən; Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ sahəsində yerləşən 1244 nömrəli bağ evi xx.xx.2005-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Hazırda iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-cu il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı X5 məhrum X8nun vərəsəsi kimi tanınmasından imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdehlər isə iddia tələbinə etiraz edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Qanunvericiliyin mənasından da, göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı miras qoyanın (ölənin) birinci növbədə olan vərəsələri arasında, miras qoyanın uşaqları, ölümündən sonra doğulmuş uşaqları, eləcə də, valideynləri (övladlığa götürənlər) ilə yanaşı, həm də, onun arvad və ya əri də, bərabər pay hüquqlu vərəsələri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər, iddiaçılar X12, İddiaçı2 (ölənin uşaqları) və cavabdeh X10 (arvadı) X13 qanunüzrə bərabər pay hüquqlu vərəsələridir və onların hər birinin qanunüzrə mirasdan bərabər şəkildə pay almaq hüquqları vardır. Bundan başqa iddiaçılar tərəfindən iddia tələbi, miras qalmış əmlakların X8 ilə anaları Vəkilova Dildar Rafiq qızının birgə nikahları dövründə əldə edilməsi və bu səbəbdən də, cavabdeh Zenfira Əliyevaya mirasdan pay düşməməsi ilə əsaslandırılsa da, məhkəmə hesab edir ki, sözü gedən hal iddianın təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar X12 və İddiaçı2 cavabdehlər X10 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X2 qarşı vərəsə kimi tanınmadan imtina edilmə tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X12 və İddiaçı2 cavabdehlər X10 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində yerləşən Notariat Kontorunun X2 qarşı vərəsə kimi tanınmadan imtina edilmə tələbinə dair iddiaları rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar