Məhkəmə qərarları › İş №2(004)-1400/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1400/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1400/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 11.04.2011-ci il tarixdə bağlanmış AHM 7467 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 654 USD əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 87 USD cərimə, cəmi 741 USD və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2014-cü il tarixli 2(004)-1187/2014 nömrəli məhkəmə əmri ilə Cavabdeh "xxxx" MMC-nin xeyrinə 654 ABŞ dolları əsas 87 (səksən yeddi) ABŞ dolları cərimə, cəmi 741 (yeddi yüz qırx bir) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu pulun tutulması barədə göstəriş verilmişdir Borclu Cavabdeh 27.01.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2014-cü il tarixli 2(004)- 1187/2014 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli 2(004)-1400/2022 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10.01.2014-cü il tarixli 2(004)-1187/2014 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 11.04.2011-ci il tarixdə bağlanmış AHM 7467 saylı nisyə alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC dəyəri 3704 ABŞ dolları dəyərində olan “Nokia” markalı telefon aparatları Cavabdeh nisyə satmışdır. Bundan sonra 3050 USD dəyərində satılmamış telefon aparatlarını geri qaytarmışdır. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 654 USD borcu qalmışdır. Cavabdeh borcunu vaxtında ödəmədiyinə görə 654 ABŞ dolları borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 87 ABŞ dolları cərimə olmaqla, cəmi 741 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda heç bir yerdə işləmir və maddi vəziyyəti ilə əlaqədar yaranmış borcu ödəyə bilmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında 11.04.2011-ci il tarixdə bağlanmış AHM 7467 saylı müqavilədən görünür ki, qiyməti 3704 ABŞ dolları olan Nokia markalı bir ədəd mobil telefona dair nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materillarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış 03 aprel 2013-cü il tarixli 01/95-8368 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun 3 iş günü müddətində mağazaya ödənilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, əks halda bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarına əlavə olunmuş 26 dekabr 2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 11.04.2011-ci il tarixdə bağlanmış AHM 7467 saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 654 ABŞ dolları əsas borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 741 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 11.04.2011-ci il tarixli müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdehlər iddiaçı "xxxx" MMC-dən aldığı telefon müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 11.04.2011-ci il tarixli, AHM 7467 saylı nisiyə alqısatqı müqaviləsinə əsasən satış qiyməti 3704 ABŞ dolları olan Nokia markalı mobil telefon almışdır. Cavabdeh 11.04.2011-ci il tarixli, AHM 7467 saylı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən onun 654 USD əsas borc, 87 Usd cərimə borcu olmaqla, cəmi 741 USD məbləğində ödənilməmiş borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 87 ABŞ dolları cərimə azaldılaraq 20 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.04.2011-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 654 ABŞ dolları əsas borc, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 674 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.04.2011-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 654 (altı yüz əlli dörd) ABŞ dolları əsas borc və 20 (iyirmi) ABŞ dolları cərimə olmaqla, cəmi 674 (altı yüz yetmiş dörd) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar