Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1403/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər "Cavabdeh1" QSC BOKT və "Cavabdeh2" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "Cavabdeh1" QSC BOKT, "Cavabdeh2" MMC və "Cavabdeh3" MMC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair ilkin və Cavabdeh1 BOKT QSC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" QSC BOKT, "Cavabdeh2" MMC və "Cavabdeh3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2006-cı il tarixli, 548/06 saylı saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 QSC-də onun adına hesablanmış 7956 ABŞ dolları faiz borcunun ləğv edilməsi və kredit tarixçəsindən silinməsi, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin dekabr ayında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialından 10000 ABŞ dolları kredit götürməklə avtomobil almışdır. İddiaçı 2006-cı ilin iyul ayında krediti tam bağlamaqla, Xaçmaz filialından arayış alıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DAM-nə təqdim edib, avtomobili girovdan çıxararaq satmışdır.Bundan sonra o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialında heç bir kredit götürməmişdir. 2019-cu ildə yenidən “xxxxxxxxxx” ASC-dən kredit götürmək üçün müraciət etmiş, kredit borcunun olub-olmaması barədə bankın sorğusu üzrə Cavabdeh3 MMC-nin verdiyi çıxarış əsasında iddiaçıya məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə guya onun arasında bağlanmış xx xxxx 2006-cı il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 101025 ABŞ dolları kreditə görə onun Cavabdeh1 QSC-yə (BOKT) 7956 ABŞ dolları ödənilməmiş faiz borcu qalmışdır. Bundan sonra iddiaçı məktubla Azərbaycan Respublikası Maliyyə X3 və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbərliyinə müraciət edərək həmin kreditin onun tərəfindən götürülmədiyini və bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Hər iki qurumun eyni məzmunlu cavabında quya onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı arasında 101025 ABŞ dolları məbləğində kreditin əldə edilməsi üçün illik faiz dərəcəsi 15 % olmaqla, 12 ay müddətinə xx xxxx 2006-cı il tarixdə 548/06 nömrəli kredit müqaviləsinin bağlanması bildirilməklə, həmin müqavilə üzrə banka olan 7956,02 ABŞ dolları faiz borcu ilə bağlı tələb hüququnun Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktı əsasında BOKT Cavabdeh1 QSC-yə ötürüldüyü qeyd edilmişdir. Hazırda borcun idarə edilməsinin BOKT-nın törəmə müəssisəsi olan “X6 Edilməsi” MMC tərəfindən həyata keçirildiyi bildirilməklə kredit müqaviləsi və həmin müqavilənin rəsmiləşdirilməsi üçün lazımi imzaların ona aid olub-olmadığını müəyyən etmək üçün hüquq-mühafizə və ya məhkəmə orqanlarına müraciət edə biləcəyi göstərilmişdir. İddiaçı BOKT Cavabdeh1 QSC-yə müraciət edərək xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh1 QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əlavə olan xx xxxxxx 2018-ci il tarixli S-FK-XAC-67 nömrəli aktın, habelə bank sənədlərinə əlavə edilmiş və ona aid olan müvəqqəti şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi bir tərəfdən ünvan 1 ünvanında yaşayan İddiaçı, digər tərəfdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” SKB Xaçmaz filialının müdiri Y.Səfərov tərəfindən imzalanmışdır. Həmin kredit müqaviləsi onun tərəfindən imzalanmamış, müqavilədə olan imza ona məxsus deyil və müqavilə imzalanan tarixdə ona aid olan, Nəsimi RPİ-i tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş və etibarlılıq müddəti xx xxxxxx 2005-ci il tarixədək olan müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 6 ay əvvəl bitmişdir. Yəni kredit müqaviləsi etibarlılıq müddəti bitmiş müvəqqəti şəxsiyyət vəsiqəsi əsasında və onun əvəzinə saxta imza edilməklə hazırlanmış , guya 101025 ABŞ dolları məbləğində pul heç bir girov təminatı və zamin olmadan ona verilmişdir. Kredit müqaviləsinin müddətinin iyul 2007-ci ildə bitməsinə baxmayaraq, faiz borcu saxta kredit müqaviləsi əsasında hesablandığından indiyənədək nə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, nə BOKT Cavabdeh1 QSC, nə də “X2 Agentliyi” MMC tərəfindən həmin borc tələb edilməmişdir. 2019-cu ildə “xxxxxxxxxx” ASC-nin Cavabdeh3 MMC-yə borcunun olub-olmamasına dair sorğusana cavab olaraq verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışa qədər həmin borcdan onun da məlumatı olmamışdır. Əsassız olaraq ona aid edilmiş borc kredit tarixçəni körlamaqla yanaşı, yenidən kredit almağına mane olur. Göstərilənlərə əsasən, kredit müqaviləsinə əsasən hesablanmış faiz borcu ləğv edilməli və Cavabdeh3 MMC-də iddiaçının kredit tarixçəsindən silinməlidir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 BOKT QSC İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı faiz borcu üzrə 7956,02 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Cavabdeh1 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 101025 ABŞ dolları manat məbləğində kredit verilmişdir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və hazırda banka onun faiz borcu üzrə 7956 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə İddiaçı dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış "Cavabdeh3" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən 3-cü şəxs "Cavabdeh3" MMC-nin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin və cavabdehlərinnümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2020-ci il tarixli 007-6314-1220 saylı məktubundan və Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC –nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxx 2016cı il tarixli 7040 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Rəcəbov” soyadı və onun qarşısındakı imza, bankdan 101025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza İddiaçı tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasənbu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasənborc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi, müqavilə iddiaçı tərəfindən imzalanmamış və həmin müqavilə üzrə onun tərəfindən kredit götürülməmişdir. Bundan əlavə kredit müqaviləsi imzalanmadığı üçün etibarsızdır. Belə olan halda isə iddiaçıdan həmin müqavilə üzrə hər hansı borc tələb edilə bilməz. İddiaçı tələbini həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 QSC-yə qarşı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Cavabdeh2 MMC iddia tələbinə cavab verməli olan subyekt deyildir. İddiaçının hazırki tələbinə cavab verməli olan subyekt Cavabdeh1 QSC-dir ki, o da cavabdeh qismində iştirak edir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Xidmət müqaviləsi”nə əsasən, Agentlik Cavabdeh1 QSC-yə onun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini Cavabdeh1 QSC-yə ödəməyi, Cavabdeh1 QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər.Göründüyü kimi, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “xxxxxxxxxx” QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Cavabdeh2 MMC ilə xidmət müqaviləsi bağlamışdır. Agentlik yalnız “xxxxxxxxxx” QSC-nin adından çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1-ci m). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3-cü m). Göründüyü kimi, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunurlar, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. Yəni, cavabdehin nümayəndəsi iddiaçının tələblərinə cavab verməli olan şəxs ola bilməz, nümayəndə yalnız onu təmsil edə bilər. Odur ki, hazırki tələb üzrə cavab verməli olan şəxs olmadığından ilkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə iddia rədd edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, 7956 ABŞ dolları faiz borcu ləğv edilməli və xx xxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə borclu olmağı barədə qeyd Cavabdeh3 silinməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi, yəni faiz borcu ilk iddia üzrə etibarsız hesab edilmiş müqavilə üzrə yarandığından və həmin müqavilə üzrə iddiaçının kredit götürmədyi müəyyən edildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən həmin iddia üzrə ödənilmiş rüsumun əvəzi olaraq 30 manat və vəkil xidmət haqqı 150 manat, cəmi 180 manat Cavabdeh1 QSC BOKT-dan tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən, həmin iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı arasında bağlanmış xx xxxx 2006-cı tarixli 548/06 saylı kredit müqaviləsi etibarsız hesab edilsin, 7956 (yeddi min doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu ləğv edilsin. xx xxxx 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi üzrə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 7956 (yeddi min doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu olmağı barədə qeyd Cavabdeh3 silinsin. İlk iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 150 (yüz əlli) manat vəkil xidmət haqqı, cəmi 180 (yüz səksən) manat Cavabdeh1 BOKT QSC-dən tutularaq iddiaçıya ödənilsin. İlkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilsin Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 BOKT QSC-yə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1403/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1403/2020
25.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver