Məhkəmə qərarları › İş №2(004)-1412/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1412/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1412/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, investisiya məqsədi ilə Cavabdeh-yə verdiyi 5000 manat (beş min manat) pulun və 1 il müddətində hər ay ona maddi qazanc olaraq vəd edilən ümumi olaraq 7200 manat (yeddi min iki yüz manat) pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixində Cavabdeh ilə investor qismində müqavilə bağlamışdır. Müqavilədə qeyd olunduğu kimi YouTube kanalını inkişaf etdirmək və texniki avadanlıqlar almaq üçün Cavabdeh-yə 5000 manat pul vermişdir. Müqavilədə qeyd olunan şərtlərə əsasən şirkətin rəhbəri Nümayəndə 5000 manat pulu ondan qəbul edərək Cavabdeh-nin rəhbəri kimi aralarında bağlanan müqaviləyə imzasını çəkmişdir. Bu ödənişin qarşılığında Cavabdeh hər ay ona minimum 600 manat gəlir olaraq ödəyəcəyini vəd etmişdir və 1 ilin tamamında 5000 manat tam borcun ona qaytarılacağına söz vermişdir. Lakin bu günə qədər ona heç bir ödəniş edilməmişdir. Bir müddət sonra o, etibarından sui-istifadə edilərək aldadıldığını görüb Binəqədi RPİ-nin 4-cü PB-ə müraciət etmişdir. Şirkətin rəhbəri Şükürlü X1 RPİ-nin 4-cü PB-ə dəvət edilmişdir və ondan yazılı izahat alınmışdır. Cavabdeh-nın rəhbəri yazılı izahatda ondan 5000 manat pulu borc olaraq aldığını etiraf etmiş və mart ayının 5-də borcu tam ödəyəcəklərinə dair söz vermişdir. Lakin bu günə qədər ona heç bir ödəniş edilməmişdir. Cavabdeh-nin rəhbəri Nümayəndə ilə dəfələrlə əlaqə yaradaraq ondan borcu qaytarmaqlarını tələb etsə də, o müxtəlif bəhanələr gətirərək məhsuliyyətdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-cü maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AA/35 saylı müqaviləyə əsasən İddiaçı investor olaraq icraçı tərəfə iş görülməsi üçün 5000 manat ödənişi müqavilə bağlanıldığı tarixdə verməyi öz öhdəsinə götürmüş, bunun müqabilində isə icraçı investora İmedia TV youtube kanalına maddi dəstəyi üçün ödəniş verildiyi tarixdən başlayaraq 30-35-ci günləri arasında minimum 600 manat olmaqla ödəniş etməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində Cavabdeh-nin verdiyi vədlərə əməl etmədiyi təqdirdə qarşı tərəf 30 gün öncədən yazılı xəbər verməklə müqavilənin ləğv olunmasını və müqavilədə göstərilən ödənişi geri istəyə bilər. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləni əsas götürərək hesab edir ki, iddiaçı Cavabdeh-nin müqavilə öhəliyini icra etmədiyini bildiyi vaxtdan müqavilənin şərtlərinə uyğun olaraq ləğv olunmasını tələb etməmiş, əksinə bu müddəti suni uzatmaqla ona ödənilməli olan məbləğin şişirdilməsinə şərait yaratmışdır. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh-dən 5000 manat və 3 ay üçün ona vəd edilən qazanc olaraq hər ay 600 manat olmaqla, ümumilikdə 6800 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddiası qismən təmin edildiyindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-dən 5000 (beş min) manat borc, 1800 (min səkkiz) manat ödəniş olmaqla, ümumilkdə 6800 (altı min səkkiz yüz) manat borc və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar