Məhkəmə qərarları › İş №2(004)-1419/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1419/2021

19.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1419/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 345,60 manat borcun onun (abunə kodu **********0010) hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun yaşadığı Bakı şəhəri Yasamal rayonu Mustafa Sübhi (Nabat Aşurbəyova) küçəsi 166 nömrəli ev 1 nömrəli mənzili təbii qazla təmin edilmişdir. 2019-cu ilin əvvəllində onun yaşadığı küçədəki bütün sayğaclar, o cümlədən onun evinin sayğacı yeni tip smart sayğacı ilə əvəz edilmişdir. ASAN Kommunal Xidmətindən sayğacın plastik kartını əldə edərək xx.xx.2020-ci il tarixdə karta pul yükləyən zaman, 10%-nin borca çıxıldığıenı görmüş və səbəbi ilə maraqlandıqda öyrənmişdir ki, guya xx.xx.2019-cu il tarixdə gecə saatlarında ərazidə xidmət aparan “Cavabdeh” İB-nin əməkdaşları onun yaşadığı evə küçədən baxış keçirmiş və sayğacdan kənar xətt aşkar etmişlər. Bu barədə ona hər hansı bir məlumat verilmədən birtərəfli qaydada qanunsuz olaraq xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və ona 345,60 manat borc yazılmışdır. Onun evin heç vaxt sayğacdan kənar xətt olmayıb və indi də yoxdur. O, tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktı “Cavabdeh” İB-dən əldə etdikdə, ona göstərilən fotoşəkildəki sayğac onun evinə aid deyildir. Çünki, onun evinin sayğacı dəmir barmaqlıqları olan pəncərəyə deyil, evin küçə divarına bərkidilmişdir. Öz evinin sayğacının fotoşəklini məhkəməyə təqdim edir. O, daima vicdanlı abunəçi kimi istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmişdir. Onun “Cavabdeh” İB-yə hər hansı borcu yoxdur. Borcun hesablanmasına dair akt qanunsuz tərtib edilib və cərimə əsassız yazılıb. Bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları və rəsmi sənədləri ilə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Mustafa Sübhi (Nabat Aşurbəyova) küçəsi 166 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır. Abonentin saldosundan müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Mustafa Sübhi (Nabat Aşurbəyova) küçəsi 166 nömrəli evin 1 nömrəli mənzilinə xx.xx.2019-cu il tarixdə smart G-4 İTRON GALLUS PAY tipli ********** nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçı barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********0010) ünvan 1 ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Aktı BQRSD-nin Yasamal rayonu üzrə qrup rəhbəri Kamil Məmmədov və mühəndisi Məhəbbət Məmmədovun tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Akta əsasən xx.xx.2019-cu il tarixdə abunəçiyə 345,60 manat borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və viedeo çəkiliş aparılmamışdır. İddiaçı aktı imzalamaqdan imtina etdiyi aktda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Əgər sayğacdan kənar xətt aşkar edilmişdirsə, “Cavabdeh” İBnin həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınmasını təsdiq edən sənədləri mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı mövcud olmamışdır. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt qanunsuzdur və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı xx.xx.2019-cu il tarixli məktubla İddiaçı müraciətinə cavab verərək bildirmişdir ki, məsələ ilə bağlı filialın məkdaşları İddiaçı yaşadığı (abunə kodu **********0010) ünvan 1 ünvanda qaz sayğacına baxış keçirmişlər, akt tərtib edilmiş və aidiyyatı sənədlər əsasında araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı əsassız tələb olunan 345,60 manat borcun ləğv edilməsi üçün aidiyyəti üzrə müvafiq göstəriş verilməsinə dair “Cavabdeh” İstehsalat Birliyinin Bakı X1 Departamentinin rəhbərliyinə xx.xx.2019-cu il tarixli AERA-181259/19 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 345,60 manat borc istehlakçı İddiaçı (abunə kodu **********0010) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat borc istehlakçı İddiaçı (abunə kodu **********0010) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar