Məhkəmə qərarları › İş №2(004)-1422/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1422/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1422/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X3 cəlb olunmaqla "maddi ziyanın ödənilməsi və mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X3 cəlb olunmaqla "maddi ziyanın ödənilməsi və mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə 06.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı cavabdehin əməllərində cinayət əlamətləri aşkar olunacağı təqdirdə qərardad çıxarılmaqla müvafiq prokurorluq orqanına xəbər verilməsi və Cavabdeh onun xeyrinə dəymiş zərərin əvəzi olaraq ******* ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 18.05.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddəti tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh o, təxminən 2000-ci ildən tanımışdır və dostluq, qardaşlıq münasibətləri olmuşdur. Elzadə arabir ondan pul borcu alırdı, lakin sonradan qaytarırdı. 2010-cu ilin fevral ayında Elzadə ona bildirmişdir ki, Almaniya Respublikasında satışda olan otel var, onun tanışları həmin oteli almaq üçün 400000 evro verirlər və onlara otelə şərik olmaq üçün 200000 avro pul düzəldib 20 gün içərisində vermək lazımdır. O da Elzadəyə inandığı üçün Sumqayıt şəhərində qeyri-yaşayış sahəsini və Bakı şəhərində yerləşən 4 otaqlı evini 02.03.2010-cu ildə “Kapital” Bank-ın Sabunçu filialında girov qoyub 170000 manat kredit pul götürmüş və aylıq ödənişi 3400 manat təşkil etmişdir. Bundan sonra o, 170000 manat pulu Bakı şəhərində dostu İlqara verib 20.03.2010-cu il tarixində Almaniya Respublikasına getmişdir. İlqardan o, ona deyəndə pulu Almaniya Respublikasına onun kartına göndərməyini xahiş etmişdir. O, Almaniya Respublikasına getdikdən 5-6 gün sonra Elzadə də ora gəlmiş və onlar Frankfurt şəhərində “Holiday İnn” otelində qalmışlar. O, Elzadəyə satışda olan otelə baxmaq üçün getməyi bildirdikdə Elzadə otel sahibinin İtaliya Respublikasında olduğunu və yaxın vaxtlarda gələcəyini dedi. Bir neçə gün sonra Elzadə ona onun Bakı şəhərində olan Nadir adlı dostuna pul lazım olduğunu bildirmişdir. Ondan Nadirə bir aya qaytarmaq şərti ilə 30000 ABŞ dolları pul verməyini xahiş etmişdir. O da Bakı şəhərində olan dostu İlqara zəng edib ona verdiyi 170000 Manat puldan 30000 ABŞ dolları Elzadənin tanışı Nadir Həsənova verməyini xahiş etmişdir. İlqar da səhəri gün ona zəng edib Nadirə onun sürücüsü vasitəsi ilə 30000 ABŞ dolları verdiyini bildirmişdir. O, Elzadə ilə Almaniyada olarkən Elzadə ondan xərcləməyə pul verməyini xahiş etmişdir. O da ona hissə-hissə, ümumilikdə 26000 ABŞ dolları pul vermişdir. Sonra ona bildirmişdir ki, Almaniyada satılan otelin sahibi gəlmədiyindən işlər alınmadı. Sonra Elzadə Ukraynaya getdi. 2010-cu ilin aprel ayında Elzadə ona bildirdi ki, Ukraynada yaşayan dostu Nadirlə yeni ticarət işi qurur. Onların birlikdə görüşməyini təklif etmişdir. 2010-cu ilin aprel ayının son günündə o, Elzadə və Nadir görüşmüşdür. Onlar orada ona Ukrayna dövlətinin Vinniskiy Vilayətində fermaları olduğunu, orada Holland cinsindən olan inək alıb saxlamaqla yaxşı gəlir əldə edə biləcəyini bildirmiş və ona da onlarla şərik olmağı təklif etmişlər. O da onlarla razılaşmışdır. Elzadə təcili olaraq ondan 100000 dollar pul istəmişdir. O da ilk dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisində 50000 ABŞ dolları, səhəri gün isə Yasamal rayonu, Ə.Haqverdiyev, 34 küçəsində əlavə 50000 ABŞ dolları pul vermişdir. Bundan sonra Elzadə Ukrayna Respublikasına inək almaq üçün getmişdir. 05.05.2010-cu ildə o, Elzadəyə zəng edərək bildirmişdir ki, 08.05.2010-cu ildə inəklərə baxmaq üçün Ukraynaya gələcək. O isə etiraz etmişdir. O, onun etirazına baxmayaraq 08.05.2010-cu ildə Ukraynaya getmişdir. Elzadə orada ona bildirmişdir ki, aldıqları inəklər xəstə olduğundan hamısı ölmüşdür. O da Elzadənin bu sözündən sonra ondan verdiyi 156000 ABŞ dollarını pulu banka ödəyərək evlərini girovdan azad etmək üçün qaytarmağını istəmişdir. Elzadə isə 1 ay müddətində Bakıya qayıdıb, ondan aldığı pulları ödəyəcəyini bildirmişdir. Elzadəyə nə qədər pullarını qaytarması üçün zəng etsə də, ona çata bilməmişdir. Həmçinin Elzadə bildirdi ki, Ukrayna Respublikasında sahəsi 1500 hektar olan kalxoz satılır. O, artıq orada şərikdir və o da istəsə ora onu şərik edə bilərlər. Oranın ümumi qiyməti 550000 dollardır. Sonra Elzadə ona təklif etmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 34-də, məhəllə 468-469-da həyat yoldaşı Qalina Petrovnanın adına olan evi 250000 ABŞ dollarına qiymətləndirib müvəqqəti ona verir. O, Elzadənin kalxoz təklifi ilə razılaşdığı üçün 2010-cu ilin oktyabr ayında Ukraynanın Kiyev şəhərinə getmişdir. Orada Nadir, Elzadə və onların tanışı Telman adlı şəxslə görüşmüş, söhbət etmişdir. Onlar da Elzadənin dediklərini təsdiq etdilər. Sonra o, Elzadəyə 3000 dollar pul vermişdir ki, kalxoza aid olan “NİVA İK” şirkətinin borclarını, hansı vəziyyətdə olduğunu qanuni şəkildə araşdırıb audit elətdirsin. O, 18 noyabr 2010-cu ildə onların tələb etdiyi kimi 183000 ABŞ dolarından ilkin olaraq 50000 ABŞ dolları Kiyev şəhərində Elzadəyə vermişdir, o isə “Krişatik” otelində Telman və Nadirə vermişdir. Həmən günü notariat qaydada onların təsisçisi olduğu “Diana 99” şirkətinə 33%-lik payçı elədilər. Gəlir əldə etmişlər. Lakin, o, onu aldadaraq aldığı 250000 ABŞ dolları pullarla öz biznes imperiyasını qurmuşdur. Lakin ondan aldadaraq aldığı 250000 ABŞ dolları ona bəs etməmiş və ondan yenə aldadaraq istifadə etməyə başlamışdır. 13 dekabr tarixinə onun Elzadəyə verdiyi məbləğin cəmi 250000 ABŞ dolları borcu, işə görə isə 159950 ABŞ dolları, ümumilikdə 409950 ABŞ dolları məbləğində pulları Elzadədə cəmlənmişdir. 2010-cu ilin mart ayından 2011-cu ilin yanvar ayına kimi Elzadə tək ondan 445150 Dollar aldadaraq almış, əvəzində heç bir hüquqi iş görməmiş, 18 ildə qazandığı, qurduğu iş yerini, gəlir mənbəyini dağıtmış, onu və ətrafını işsiz və pulsuz qoymuşdur. Beləliklə o, ona 1 milyon dollardan çox zərər vurmuş, mənəvi əzab və istirablar vermişdir. 2011-ci ilin yanvar ayında Elzadə yazılı şəkildə bildirmişdir ki, “Diana 99”-un təsisçisi olduğu “NİVA t K” firmasının pay torpaqlarının resgistrasiya etmək, bu müqavilələrin müddətinin 2018-ci ilə qədər uzadılmasına, əkin-biçinə əlavə xərclər tələb olunacaq. Bununla bağlı bank hesabları açılmalı və s. işlər görülməlidir. Beləliklə 20.07.2011-ci il Elzadə 1 manat xərcləmədən ondan aldığı pulların cəmi: 250000 dollar - Bakıda, evinin adından, 230740 dollar - kalxoz üçün, cəmi: 480740 ABŞ dolları ondan almış, heç bir sənəd verməmiş və mənimsəmişdir. Azərbaycan Respublikasında Bakı və Sumqayıt şəhərində 2010, 2011 və 2012 ci illərdə satdıqları mülklərinə görə ona dəymiş ziyanların cəmi bir milyon səkkiz yüz on səkkiz min beş yüz əlli dollar olmuşdur. O, humanistlik göstərərək bu məblığin ******* ABŞ dolları məbləğində pul vəsaitini və ünvan 1 ünvanında yerləşəm 3 otaqlı 34 nömrəli mənzilini və ya onun bazar dəyərini geri istəyir. İdda tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, cavabdehin 250000 ABŞ dolları məbləğində pulun verilməsini 196000 ABŞ dolları məbləğində pulun verilməsi hissəsində etiraf edir. Lakin sonra mübahisə predmeti olan ev girov qoyularaq iddiaçı tərəfindən pul götürülmüşdür. Evin girov qoyulması ilə bağlı cavabdehin oğlu və yoldaşı Qalina xanımın və cavabdehin özünün razılığı olmuşdur. Ev girovda olduğundan bankın tələbi evə yönəlmişdir. İddia tələbinin əsasını həm pul, həm də əmlak təşkil edir. Münasibətlər 2010-cu ildə yaranmış, 2013-cü ildə iddia müddəti keçmişdir. Hətta ümumi iddia müddəti də keçmişdir. Əslində iddiaçının cavabdehə borcu vardır. İddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 01.10.2010-cu il tarixli etiraf ərizəsinə əsasən o, ona məxsus olan Ə.Haqverdiyev küçəsi, ev 23, 34 saylı mənzili borcun əvəzində İddiaçı verir. Yəni 196000 ABŞ dolları borc, ondan (156000 ABŞ dolları + 40000 ABŞ dolları evin krediti) Evi 250000 dollar məbləğində qiymətləndirmişdir. Qalan məbləği İddiaçı Cavabdeh ödəməlidir. Bu müddət ərzində evi öz mülkiyyətinə keçirmir və alğı-satqı etmir. Şərtlərə əsasən Cavabdeh evdən 01.05.2011-ci il tarixədək çıxmalıdır. Daha sonra 3.03.2011-ci il tarixdə həmin vərəqdə cavabdeh qeydiyyat aparmışdır ki, 250000 dollardan qalan qalıq da İddiaçı tərəfindən ona ödənilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə cavabdeh sovxozla bağlı onun yanında danışmışdır. Onun sovxozda 33% payı qalmışdır. Onların həmin sovxozda 100000 ABŞ dolları dəyərində metalı var idi və o, Ədalətə qalmışdır. Ümumiyyətlə sovxozdan Ədalətə xeyli əmlak qalmışdır. Elzadə ilə iddiaçının söhbətinə şahiddir ki, Elzadə iddiaçıya bildirmişdir ki, onun Elzadəyə 120000 manat borcu vardır. Elzadə isə borcun 20000 manat hissəsini ona bağışlayaraq 100000 manatı tələb etmişdir. O, Ədaləti heç yerdə payçı etməmişdir. Əlavə olaraq qeyd edir ki, Ədalət hətta onların evinə gələrək yoldaşına onun da Ədalətə borcu olduğunu bildirmişdir. İşin halları odur ki, tərəflər arasında tanışlıq, şəriklik münasibətləri olmuşdur. Cavabdeh iddiaçıya yazılı şəkildə bildirmişdir ki, 250000 dollar iddiaçı tərəfindən ona ödənilib, o isə ona məxsus olan Ə.Haqverdiyev küçəsi, ev 23, 34 saylı mənzili borcun əvəzində İddiaçı verir. Həmin mənzilin girov qoylmasına və satılmasına cavabdeh və onun ailə üzvləri tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizələri verilir. Mübahisə predmeti olan ev İddiaçı tərəfindən banka girov qoyulur. Hazırda iddiaçı ******* ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun ona verilməsini xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 250000 dollar verilməsi iş materiallarında olan cavabdehin yazılı ərizəsi ilə sübut olunur. İş materiallarında olan ərizələrdən görünür ki, mübahisə predmeti olan evin iddiaçı tərəfindən satılmasına və girov qoyulmasına razılıq verilmişdir. İddiaçının istinad etdiyi cavabdeh tərəfidən verilmiş yazılı sənəd mənzilə mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Məhkəmə o cümlədən qeyd edir ki, sözügedən mənzilin mülkiyyətçisi cavabdeh deyil, X1muşdur. Eyni zamanda hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə iddiaçının cavabdehin əməllərində cinayət əlamətləri aşkar olunacağı təqdirdə qərardad çıxarılmaqla müvafiq prokurorluq orqanına xəbər verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh onun xeyrinə dəymiş zərərin əvəzi olaraq ******* ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun İddiaçı verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh onun xeyrinə dəymiş zərərin əvəzi olaraq ******* ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun İddiaçı verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar