Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4070/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və bərpası və avtomobilin alınıb verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və bərpası və avtomobilin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonunun E.Süleymanov küçəsi, 2383-cü məhəllə ev 57, nömrəli evin ona məxsus 78-ci mənzilinə və oradakı əşyalara vurulan, o cümlədən bütün məhkəmə xərcləri 15000 manat dəyərində maddi ziyan və ödənilmiş dövlət rüsumunun Cavabdeh ona ödənilməsi və ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan “Haval” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7.bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır.
5. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək həm mənzilə vurulmuş zərərin əvəzinin ödənilməsi , həm də ona məxsus olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılmasını istəyir.
6. Hazırki iş üzrə iddiaçı “maddi ziyan” və “avtomobilin qaytarılması” tələbi kimi bir-biri ilə əlaqədar olmayan iki tələbi bir iddia ərizəsində birləşdirmişdir. Hər iki iddia tələbinə bir icraatda baxılması işin ətraflı, tam və obyektiv şəkildə araşdırılmasına maneədir.
7. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən həmin tələblərə bir icraatda baxıla bilməz. İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə ayrı-ayrılıqda “maddi ziyan” və “avtomobilin qaytarılması” tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir.
Nəticə :
8. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
9. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və bərpası və avtomobilin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva