Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-4/2025 22.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlakın başqasının sahibliyindən geri alınması və son bir ildə vurulan ziyanın ödənilməsi tələbinə dair mülki işə 22 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə məxsus İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5.96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh sahibliyindən geri alınması və son bir ildə, yəni 2023cü il üçün məhsul yığımında ona vurduğu 9536 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək ona və ailə üzvlərinə məxsus İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5.96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh sahibliyindən geri alınması və son bir ildə, yəni 2023 və 2024-cü il üçün məhsul yığımında ona vurduğu 19000 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Cavabdeh onun və ailə üzvlərinin İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5.96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini illik hər hektarını 1200 manat olmaqla icarəyə götürmüş və ona on illik icarə haqqı olaraq 12000 manat pulu bir neçə dəfəyə ödəmişdir. 2021-ci ilin yayında məhsul yığımından sonra cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etmiş və həmin vaxt cavabdeh torpaq sahəsini boşaltmaq əvəzinə, İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək torpağı ondan alğı-satqı yolu ilə aldığını, torpaq sahəsini münbitləşdirmək üçün xərc çəkdiyini və sair uydurma faktlarla ondan 12000 manatın əvəzinə, 34030 manat pul tələb etmiş, İsmayıllı Rayon Məhkəməsi 06 iyun 2021-ci il tarixli qətnamə ilə onun iddiasını qismən təmin edib, ondan 24350,30 manat pul tutulması barədə qətnamə çıxarmışdır. Bu qətnamədən onun verdiyi apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsi işə baxıb, şikayəti qismən təmin edərək, ondan 22350 manat pul tutulması barədə qərar qəbul etmişdir. Daha sonra o Cavabdeh ona və ailə üzvlərinə məxsus 5,96 hektar torpaq sahəsindən istifadəyə görə əldə etdiyi gəlir və əldən çıxmış faydanın tələb olunması barədə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun iddia tələbini təmin etmədiyindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi şikayətini qismən təmin edərək cavabdehdən son bir ildə, yəni 2022-ci ildə ona vurulan ziyan olan 9536 manat pulun tutulub ona verilməsi və qalan hissədə rədd edilməsi barədə qərar çıxarmışdır. Bütün bunlarla yanaşı, cavabdeh uzun illərdir ki, onun və ailə üzvlərinin torpaq sahələrindən qanunsuz istifadə edib mənfəət götürür, digər tərəfdən də ondan qalan pulunu tələb edir.O, cavabdehdən onun mülkiyyəti olan torpaq sahəsinin ona qaytarılması və yalnız bundan sonra torpaq sahəsinin satılıb ona çatan məbləğdə pulun ona ödənilməsinin mümkün olduğunu dəfələrlə izah etsə də cavabdeh onun torpaq sahəsindən qanunsuz qazanc götürüb, əsassız varlanmaqda davam etdiyi üçün o cavabdehi bu qanunsuz hərəkətlərindən çəkindirə bilməmişdir. Cavabdeh onun əmlakına zərər vurmaqda davam edir. İndi də torpaq sahəsini şumlayıb ki, növbəti il üçün yenə qazanc götürsün. Ona görə də ona və ailə üzvlərinə məxsus İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5.96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin sahibliyindən geri alınması və cavabdehdən son bir ildə, yəni 2023 və 2024-cü il üçün məhsul yığımında ona vurduğu 19000 manatın alınıb ona ödənilməsini tələb edir.Dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsinə cəhd etsə də cavabdeh buna əməl etməyərək onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozmuş və vurduğu ziyanı ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Bəhliyan kəndində yaşayır. İş üzrə İddiaçı məhkəmədə ona qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iş üzrə iddiaçı mübahisəli torpaq sahəsini ona öz razılığı ilə satmışdır və sonradan həmin sözünü və ondan satış məqsədi ilə aldığı pulu danaraq, aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamasından istifadə edərək, torpaq sahəsini geri istəyir. Bu mübahisəyə İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qiymət verilmiş və cavabdehdən yekun məhkəmə qətnamələri ilə 22350 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi artıq bir ildən çoxdur ki, icraya yönəldilsə də İddiaçı həmin pulu ödəməkdən müxtəlif vasitələrlə boyun qaçırır və qanuni qüvvədə olan qətnamə icra olunmamış qalır. İddiaçı əsassız olaraq onun hesabına varlanır. Həmin qətnamə ilə müəyyən olunur ki, İddiaçı hazırkı iddiada göstərdiyi kimi mübahisəli torpaq sahəsini ona icarəyə yox, satmışdır və həmin vaxtda müəyyənləşdirilmiş puluda ondan almışdır. İddiaçı mübahisəli torpaq sahələrinin alğı-satqısı üçün ondan aldığı pulu qaytardıqdan sonra həmin torpaq sahələrini ona qaytaracaqdır. O, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini 2022ci ildə bir il əkmişdir. Məhkəmə qərarından sonra iddiaçıya məxsus torpaq sahəsini əkdiyi üçün ona ödənilməli olan pulu ödəmişdir. Ancaq iddiaçı məhkəmə qərarı ilə torpaq sahələrinin alğı-satqısı üçün ona ödənilməli olan pulu ödəməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə ona ödəməli olduğu pulu ödəmədiyindən bir dəfə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş,iki dəfə də 20 gün müddətə inzibati qaydada həbs edilmişdir.2023-cü ildən mübahisəli torpaq sahəsi boş qalıbdır.O, iddiaçıya məxsus torpaq sahəsini 2023-cü ildən hazırkı vaxtadək əkməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən əkilməsindən məlumatı yoxdur. O, iddiaçıya məxsus torpaq sahəsini əkməmiş və sonuncuya maddi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinin və İsmayıllı rayon Təzəkənd bələdiyyəsinin sorğuya cavab məktublarını və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: JN-0020 KOD 40713038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayon Şəbiyan kənd sakinləri X9, X2, X10,X5,X3,X6 və X4 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisindən 4.72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Dövlət aktı qeydiyyat kitabında qeydə alınaraq iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi X7 verilmişdir. JN-0019 KOD 40713038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayon Şəbiyan kənd sakinləri X14 və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisindən 1.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Dövlət aktı qeydiyyat kitabında qeydə alınaraq iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi X11 verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-212/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı 24350 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 24380 manat alınaraq iddiaçı Cavabdeh verilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-302/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu olmaqla, cəmi 68300 manat pulun alınaraq ona ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)- 403/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilərək iddia ərizəsi həmin hissədə təmin edilərək 9536 manat pul və 41 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 414/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi qismən –cavabdehin torpağa sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan götürə biləcəyi gəlirlər olaraq tələb olunan iddianın rədd olunmuş 3391.24 manat hissəsində ləğv edilmiş,həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilərək İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5.96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan həmin torpaq sahəsindən götürdüyü gəlirlər olaraq 3391.24 manat pul Cavabdeh tutularaq İddiaçı verilməsi və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinin 18 iyul 2025-ci il tarixli № 5-54-15/2-19/2025 saylı sorğuya cavab məktubundan görünür ki, JN-0019 KOD 40713038 nömrəli və JN-0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən torpaq sahələrinin təqribən 2 hektar sahəsində taxıl əkilib biçildiyi, qalan torpaq sahələrində isə taxıl əkilmədiyi alaq otları bitdiyi və həmin torpaq sahələrinin kimin tərəfindən istifadə olunması tərəflərindən müəyyən edilməmişdir. İsmayıllı rayon Təzəkənd bələdiyyəsinin 24 iyul 2025-ci il tarixli, № 52 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Şəbiyan kənd sakini İddiaçı iştirakı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN-0019 KOD 40713038 nömrəli və JN-0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən torpaq sahələrinə baxış keçirilmiş, əraziyə baxış keçirərkən artıq biçin işlərinin yekunlaşdığına görə biçilmiş yerlərə nəzərən vəziyyəti təxmin etdikləri,həmin ərazilərin kim tərəfindən biçildiyi onlara məlum olmadığı, 5.20 hektar (4.13 hektar + 1.07 hektar) torpaq sahələrinə baxış zamanı həmin ərazinin təxminən 2.95 hektar torpaq sahəsində taxıl əkildiyi, qalan 2.25 hektar torpaq sahəsi isə biçənək kimi saxlanılaraq alaq otları bitərək biçildiyi,digər yerdə qalan 0.76 hektar ərazi isə ayrı sahədə yerləşərək alaq otlarından ibarət biçilməmiş yer kimi qaldığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 142213 büdcə səviyyəsi kodu ilə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinin və İsmayıllı rayon Təzəkənd bələdiyyəsinin sorğuya cavab məktublarını işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra,belə hesab edir ki, İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinin və İsmayıllı rayon Təzəkənd bələdiyyəsinin sorğuya cavab məktubları tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsini 2023-cü ildən hazırki vaxtadək cavabdeh tərəfindən əkilib-becərildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş JN-0019 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 1.24 hektar və JN-0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 4.72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh sahibliyində deyildir və həmin torpaq sahələri son bir il ərzində yəni 2024-cü il mövsümündə sonuncu tərəfindən əkilibbecərilməmişdir. Belə ki, məhkəmə tərəfindən İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş JN-0019 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 1.24 hektar və JN- 0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən 4.72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 2023-2024-cü illər ərzində Cavabdeh tərəfindən əkin-biçin işlərinin aparılıb-aparılmamsının müəyyən edilməsi məqsədi ilə İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinə və İsmayıllı rayon Təzəkənd bələdiyyəsinə sorğular göndərilmişdir. İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə Nümayəndəliyinin 18 iyul 2025-ci il tarixli № 5-54-15/2-19/2025 saylı sorğuya cavab məktubunda JN-0019 KOD 40713038 nömrəli və JN-0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən torpaq sahələrinin təqribən 2 hektar sahəsində taxıl əkilib biçildiyi, qalan torpaq sahələrində isə taxıl əkilmədiyi alaq otları bitdiyi və həmin torpaq sahələrinin kimin tərəfindən istifadə olunması tərəflərindən müəyyən edilmədiyi qeyd edilmişdir. İsmayıllı rayon Təzəkənd bələdiyyəsinin 24 iyul 2025-ci il tarixli, № 52 nömrəli sorğuya cavab məktubunda İsmayıllı rayon Şəbiyan kənd sakini İddiaçı iştirakı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN-0019 KOD 40713038 nömrəli və JN- 0020 KOD 40713038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən torpaq sahələrinə baxış keçirilmiş, əraziyə baxış keçirərkən artıq biçin işlərinin yekunlaşdığına görə biçilmiş yerlərə nəzərən vəziyyəti təxmin etdikləri, həmin ərazilərin kim tərəfindən biçildiyi onlara məlum olmadığı, 5.20 hektar (4.13 hektar + 1.07 hektar) torpaq sahələrinə baxış zamanı həmin ərazinin təxminən 2.95 hektar torpaq sahəsində taxıl əkildiyi, qalan 2.25 hektar torpaq sahəsi isə biçənək kimi saxlanılaraq alaq otları bitərək biçildiyi,digər yerdə qalan 0.76 hektar ərazi isə ayrı sahədə yerləşərək alaq otlarından ibarət biçilməmiş yer kimi qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi onun öz torpaq sahəsində yəni,özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan ümumilikdə 5.96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh sahibliyində deyildir və həmin torpaq sahəsi son bir il ərzində, yəni 2024-cü il mövsümündə sonuncu tərəfindən istifadə olunmur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa,qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcələnin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki,ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki,proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın başqasının sahibliyindən geri alınması və son bir ildə vurulan ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-4/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-4/2025
22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver