Məhkəmə qərarları › İş №2(105)-413/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-413/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-413/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayənəsi və vəkili Vəkil1, Cavabdeh1, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-673/2024 nömərli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1-da yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır.

2. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 86,2 kv.m yarımzirzəmini 10 il müddətinə İddiaçı icarəsinə vermişdir.

3. 28.11.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4052.97 manat maddi ziyan, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4113.97 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən 6 saylı binanın zirzəmisində yerləşən sahəsi 86 kvadrat metr olan qeyri-yaşayış sahəsini anbar olaraq X5 ilə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. Anbarı icarəyə götürdükdən sonra iddiaçıya məlum olmuşdur ki, zirzəminin üst mərtəbəsində yerləşən mənzilin sahibləri olan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ilə zirzəminin mülkiyyətçisi olan X5 arasında münaqişə mövcuddur və tərəflər arasında məhkəmə mübahisəsi gedir. 04 iyul 2022-ci il tarixində saat 23.00 radələrində anbarı bağlayıb evə getmiş, 05 iyul 2022-ci il tarixdə açdıqda anbarın içərisinin su ilə dolduğunun şahidi olmuşdur. Məlum olmuşdur ki, üst mərtəbənin sahibi olan cavabdehlər tərəfindən gecə vaxtı bilərəkdən anbara su axıdılmışdır ki, nəticədə anbarın divarlarına və tavan hissəsinə ziyan vurulmuş, anbarın içərisində olan qida məhsulları və digər ərzaqlar yararsız hala düşmüşdür. Nəticədə cavabdehlərin qanunsuz əməlləri səbəbindən icarəyə götürdüyü anbarın içərisində olan və iddiaçıya məxsus malların yarasız hala düşməsi səbəbindən iddiaçıya ümumilikdə 4052,97 manat maddi ziyan dəymişdir. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması polis orqanında cavabdehlərin sözügedən əməlində inzibati xəta tərkibinin olması ilə bağlı aparılmış araşdırmanın nəticəsində də öz təsdiqini tapmışdır. İddiaçının mübahisənin cavabdehlərlə məhkəmədənkənar qaydada həlli üçün etdiyi cəhdlər bir nəticə vermədiyindən və cavabdehlər iddiaçıya vurduqları ziyanı ödəməkdən imtina etdiklərindən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurduqları maddi ziyan məbləğinin alınaraq ona verilməsini xahiş etməyi zəruri sayır.

6. Məhkəmədə Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı qeyri qanuni olaraq onun evinin altındakı zirzəmini zəbt edərək anbar kimi istifadə edir. Onun evində gecə saatlarında su xətti (şlanq) partlamış və o, səhər saat 5 ərəfəsində mənzilə gedən su xəttini bağlamışdır. İddiaçı ona zirzəmisində su axıdılması ilə bağlı məlumat verəndə o zirzəmiyə enib baxmış və orada ümumi 3-5 ədəd salfetka olduğunu və onlara axmış suyun həmin salfetlərin üzərinə axdığını görmüşdür. O, həmin salfetlərin dəyərini ödəmək istədiyini iddiaçıya bildirsə də, iddiaçı onunla razılaşmamış və sonradan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmədə Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, ekspert rəyi ilə razılaşmayaraq bildirmişdir ki, bir neçə adda kimyəvi təmizləyicilər, un, düyü, şəkər tozu, makaron kimi qida məhsulları istifadəyə yararsız vəziyyətə düşmüşdür. Siyahıda sadalanan məhsullar salafan torba və ya kapron, şüşə qablarda saxlanılır. Onların hətta üzərinə çatacaq qədər su yığılsa belə keyfiyyətini itirməsi mümkün deyildir. Digər tərəfdən ərzaq məhsulları ilə kiməvi təmizləyicilərin eyni yerdə saxlanması inandırıcı deyildir. Akt tərtib edilərkən dəymiş ziyanın süni olaraq artırılması əsas götürülübdür. Bu məqsədə nail olunması üçün cavabdehlərin baxışda iştirakı təmin edilməyib. Ekspertiza təyin edilərkən cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Əsas odur ki, yararsız hala düşməsi iddia olunan qida və qeyri-qida məhsulları dəfələrlə bildirməklərinə baxmayaraq cavabdehlərə və məhkəməyə təqdim edilməmişdir. Həmin məhsulların məhv edilməsi haqda heç bir video-görüntü yoxdur. Eləcə də bu barədə səlahiyyətli şəxslərin iştirakı ilə akt tərtib edilməmişdir. Suallara cavab verilərkən sıradan çıxması iddia olunan məhsulların hansı hissəsindən istifadə olunmasının mümkünlüyü qeyd edilməmişdir. Eləcə də həmin məhsulların tam sıradan çıxması ilə bağlı heç bir mötəbər sübut yoxdur. Buna görə də hesab edirlər ki, ekspertiza rəyi əsassızdır, işin hallarına uyğun deyildir. Ekspert qarşısına qoyulmuş suallara əsaslandırılmış cavab verməmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında adları qeyd olunmuş yararsız hala düşmüş qida və qeyri-qida məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3552,30 manat müəyyən olunur.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-673/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3552 (üç min beş yüz əlli iki) manat 30 (otuz) qəpik maddi ziyanın və ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli 10/1521-9/1629 nömrəli rəyi ilə iddiaçıya vurulmuş maddi zərərin qiyməti 3552,30 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyana dair həmin hissədə qismən təmin edilməlidir.

11. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 21, 157.4, 1096, 1111.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərkən iştirakları təmin edilməmiş, ekspert rəyi digər sübutlarla müqayisə edilərək qiymətləndirilməmişdir. Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır. Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir. Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir. Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır. Tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edə bilər. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayənəsi və Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...)

19. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

20. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

31. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 86,2 kv.m yarımzirzəmini 10 il müddətinə İddiaçı icarəsinə vermişdir.

32. İşin mübahisəsiz halına görə İddiaçı istifadəsində olan Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən 6 saylı binanın zirzəmisinə üst mərtəbədə yerləşən cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 sahibliyində olan mənzildən su sızmışdır. Belə ki, cavabdeh tərəf məhkəmə iclaslarında verdikləri izahatlarında bu faktı etiraf etmişlər.

33. İş materiallarında olan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə “Elmar” marketin anbarına axıdılmış su nəticəsində istifadəyə yararsız hala düşmüş qida və qeri-qida məhsullarının adlı siyahısı və maya dəyəri barədə tərtib olunmuş aktda göstərilmişdir ki, malların maya dəyəri 3552,97 manat, əlavə olaraq anbarın ümumi sahəsinin 82 kv.metr hissəsinə dəyən zərərin məbləği 500 manatdır. Akt İddiaçı, mühasib Fəttayev Anar, anbardar Məmmədov Rəşad tərəfindən tərtib edilmiş və imzalanmışdır.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, 10/1521-9/1629 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında adları qeyd olunmuş yararsız hala düşmüş qeyri-qida məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3552,30 manat müəyyən olunur. Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 6 saylı binanın zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə oluduğunan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus ünvandan suyun axıdılıb-axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 6 saylı binanın zirzəmidə yerləşən qeyri-yaşayış sahəsində su sızma əlamətləri olmadığından (ilkin vəziyyətdə saxlanmadığından) qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Mülki iş materiallarında adları qeyd olunmuş yararsız hala düşmüş qida və qeyri-qida məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3552,30 manat müəyyən olunur. Həmin məhsulların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

35. Rəydən həmçinin görünür ki, ekspert mülki iş materiallarında adları qeyd olunmuş yararsız hala düşmüş məhsulların orta bazar qiyməti ilə ümumi dəyərini müəyyən edərkən yuxarıda adı çəkilən aktda göstərilən məlumatlara istinad etmişdir. Cavabdeh tərəf isə həmin aktın mötəbərliyini apellyasiya şikayətinin dəlillərində göstərilən məzmunda mübahisələndirmişdir.

36. Məhkəmə iclasında iddiaçı tərəfin izahatı ilə həmçinin müəyyən edilmişdir ki, anbar kimi istifadə edilən zirzəmiyə axıdılmış su yararsız hala düşdüyü iddia edilən və aktda adı çəkilən malların bəzilərinin daxilinə nüfuz etməsə də, etiketlərinin pozulması nəticəsində satışa yararsız olmuşdur.

37. Bundan başqa, iddiaçı yararsız hala düşdüyü iddia edilən həmin malların hazırda mövcud olmadığını, tullandığını bildirmişdir.

38. Məhkəmə kollegiyası vurulmuş zərərin miqdarı ilə bağlı iddiaçı tərəfindən istinad olunan həmin aktı mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, göstərilən akt işin nəticəsinə maraqlı olan şəxs İddiaçı və onunla işləyən şəxslər tərəfindən tərtib edilmişdir. Aktın tərtib edilməsində eyni zamanda cavabdeh tərəfin (və ya iştirakdan imtinası müvafiq olaraq göstərilməklə), o cümlədən işdə maraqlı olması şübhə doğurmayan şahidlərin iştirakı təmin olunmamışdır.

39. Lakin məhkəmə iclasında verdiyi izahatlarda cavabdeh tərəf anbarda salfet və yuyucu toz məhsullarının üzərinə su sızması faktını etiraf etmişdir.

40. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı binanın zirzəmisində yerləşən qeyriyaşayış sahəsinə su sızması nəticəsində ona 4052,97 manat məbləğində zərər dəydiyini qeyd etsə də, real olaraq ziyan dəymiş mallarla, həmçinin anbarın divarlarına və tavan hissəsinə su sızma nəticəsinə görə vurulmuş zərərlə bağlı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə su sızma nəticəsində zirzəmidə iddiaçının yalnız salfet və yuyucu toz məhsullarının islandığını etiraf etmişdir.

41. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfin etirafı və hazırkı iş üzrə ekspert rəyində salfet və yuyucu toz məhsulları üçün müəyyən edilmiş qiymətlər nəzərə alınmaqla, cavabdehlərdən 697 (altı yüz doxsan yeddi) manat 80 (səksən) qəpik alınaraq iddiaçıya verilməlidir.

42. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

43. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

49. Beləliklə məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına, işdə iştirak edən şəxslərin izahatlarına və iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi zərərə görə 697 (altı yüz doxsan yeddi) manat 80 (səksən) qəpik və dövlət rüsumuna görə ödənilmiş 10 (on) manat tutularaq İddiaçı ödənilməlidir.

50. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-673/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi zərərə görə 697 (altı yüz doxsan yeddi) manat 80 (səksən) qəpik və dövlət rüsumuna görə ödənilmiş 10 (on) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar