Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-37/2025 26.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyan və əmlak” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “ziyan və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə dəymiş 2697 (iki min altı yüz yetmiş doqquz) manat məbləğində zərərin, 3500 (üç min beş yüz) manat dəyərində olan inəyin, 200 (iki yüz) manat hüquqi yardım üçün vəkilə ödədiyi haqqın və dövlət rüsumu kimi ödədiyi 86 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ’’Nissan Sunny” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili həm özü, həmdə sürücülük hüququ olan oğlu X3 idarə edir. 04 fevral 2024-cü il tarixdə oğlu onun avtomobili ilə Beyləqan rayonu, Dünyamalılar kəndinə diş həkiminə gedərkən Beyləqan rayonu Əhmədli kəndi isiqamətində hərəkətdə olarkən Cavabdeh özünə məxsus mal-qaranı yolda hərəkət təhlükəsizliyini təmin etmədən magistral yoldan keçirərək kəndə tərəf apararkən heyvanlardan ikisi qaçaraq magistral yola çıxmış, həmin vaxt oğlu tormozlama etsə də qəzanın qarşısını ala bilməmiş, avtomobil heyvanlardan ikisini vurmuş, heyvanlardan birinin ayağı sınmış, digəri isə heç bir xəsarət almamışdır. Qəza nəticəsində onun mülkiyyətində olan avtomobil əzilmiş, ona maddi ziyan dəymişdir. Həmin vaxt Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünü yox, onun oğlunu günahkar olmasını əsas tutaraq, ayağı sınmış inəyinə görə onun qapısında mülkiyyətində olan və bazar dəyəri 3500 manat olan bir baş balalı inəyini aparıb getmişdir. O, araşdırma aparılması və həqiqətin aşkara çıxarılmasından sonra məsələni onunla həll edəcəyini düşünərək, inəyin müvəqqəti onda qalması ilə razılaşmışdır. Beyləqan rayon polis şöbəsində aparılan araşdırma zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh inzibati xəta törətməsi müəyyən edilmiş, onun mülkiyyətində olan ’’Nissan Sunny” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2679 (iki min altı yüz yetmiş doqquz) manat zərər dəyməsi barədə mütəxəssis rəyi alınmış, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Beyləqan Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 3(020)-131/2024 saylı qərarı ilə o 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cavabdeh həmin qərardan şikayət verməmiş, qərar qanuni qüvvəsini almışdır. O, Cavabdeh onun qapısından apardığı inəyini qaytarmağı və avtomobilimə dəymiş 2679 manat zərəri ödəməsini tələb etsə də, o inəyi qaytarmayacağını, pulu isə ödəməyəcəyini bildirmişdir. Hal-hazırda onun inəyini həyətində saxlamaqla, onun mülkiyyət hüquqlarını pozur. Eyni zamada onun avtomobilinə dəymiş zərərlə bağlı heç bir ödəmə etməyib. Belə olan halda o hüquqlarını bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində şəxsi mülkiyyətində olan avtomobilə dəymiş 2697 (iki min altı yüz doxsan yeddi manat) məbləğində zərərin, bir baş 3500 manat dəyərində inəyin, həmin inəyin bir baş 1000 manat dəyərində 1 yaş 2 aylıq balasının, həmin inəyin 500 manat dəyərində bir baş 4 aylıq buzovun naturada, onlar olmadıqda isə onların dəyəri olan 5000 manat pulun, 200 manat dəyərində hüquqi yardım üçün haqqın,cəmi 7897 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında gösərmişdir ki, həmin hadisə iddiaçının oğlunun təqsiri ucbatından baş vermişdir. Həmin hadisə olduqdan sonra iddiaçının razılığı ilə onun ayağı sınmış inəyi iddiaçıya verilmiş, iddiaçı isə bunun müqabilində özünə məxsus inəyi ona vermişdir. Ona verilmiş inək də ölmüşdür. O, iddianın əsasız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin 3(020)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Zərər çəkmiş şəxs X2 dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilmişdir. Həmçinin həmin qərardan müəyyən edilir ki, Cavabdeh 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman Beyləqan rayonu, Əhmədli kəndi ərazisindən keçən asvalt yolu kəndə tərəf keçirərkən iri buynuzlu heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yola çıxan heyvanı vuraraq heyvana dəyərək həmin vaxt avtomobil əzilərək avtomobilin sahibinə maddi zərər dəymişdir. BD497166 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Nissan Sunny minik” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Beyləqan rayon X1 sədri Həsənov Aydın, Aşağı Çəməni kənd sakinləri Fərzəliyev Xanəli, İddiaçı, Allahverdiyev T. və Cəfərov Yusifin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, 04 fevral 2024-cü il tarixində Beyləqan rayonu Əhmədli kənd ərazisində X3 tərəfindən idarə edilən “Nissan” markalı minik avtomobili vasitəsi ilə vurulan 1 (bir) baş inək heyvanı, təxminən beş yaşında 01 mart 2024-cü il tarixdə Aşağı Çəmənli kəndində yerləşən Cəfərov Əyyubun atası İddiaçı məxsus şəxsi təsərüfat sahəsində ölmüşdür. Odur ki, akt tərtib edib doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. "xxxx" MMC-nin AA054 saylı xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Nissan Sunny minik” markalı **-KO-*** Dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirildi və qəza nəticəsində dəymiş ziyan təyin edilərək siyahısı tərtib edilmiş və ümumi dəymiş ziyan 2679 manat təşkil edir. "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə 23 sentyabr 2025-ci il tarixli, 0242 saylı hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Nissan Sunny” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanmasına dair qiymətləndirmə aktında göstərilmiş dəyişdirilən ehtiyat hissələri və görülmüş işlərinin (xidmətlərin) dəyəri hadisə baş verdiyi dövr (2024-cü il) əsas götürülməklə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla təxminən 2638 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Beyləqan rayon Vəkil Bürosunun hesabəna 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına 85 manat və 15,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Nissan Sunny” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və Cavabdeh yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı alınmış qiymətləndirilmə hesabatına uyğun olaraq, nəqliyyat vasitəsinə dəymiş zərər 2638 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçıdan tutulmalıdır. Məhkəmə, iddia tələbinin “bir baş 3500 manat dəyərində inəyin, həmin inəyin bir baş 1000 manat dəyərində 1 yaş 2 aylıq balasının, həmin inəyin 500 manat dəyərində bir baş 4 aylıq buzovun naturada, onlar olmadıqda isə onların dəyəri olan 5000 manat pulun tutulması” hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər baş vermiş yol nəqliyyat hadisəsindən sonra öz aralarında olan razılığa əsasən hadisə nəticəsində cavabdehə məxsus ayağı sınmış inək iddiaçıya verilmiş, iddiaçı isə bunun müqabilində özünə məxsus inəyi cavabdehə vermişdir. Hal-hazırda iddiaçı həmin inəyin 04 fevral 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə 01 mart 2024-cü il tarixdə öldüyünü bildirərək, cavabdehə verdiyi inəyi, həmin inəyin bir baş 1000 manat dəyərində 1 yaş 2 aylıq balasının, həmin inəyin 500 manat dəyərində bir baş 4 aylıq buzovun naturada, onlar olmadıqda isə onların dəyəri olan 5000 manat pulun tutulmasını tələb etsə də, həmin inəyin 04 fevral 2024-cü il tarixdə aldığı xəsarətlərdən məhz 25 gün sonra xx.xx.2024-cü il tarixdə ölməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəməyə sübut kimi təqdim etdiyi akt isə baytar həkimi tərəfindən deyil, bələdiyyənin sədri və kənd sakinləri tərəfindən imzalanmışdır. Eyni zamanda həmin inəyin çəkisi, dəyəri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Nissan Sunny” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2638 manat məbləğində ziyan Cavabdeh İddiaçı xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 46,38 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalanı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ərizəçinin “hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməli və hüquqi yardıma görə ödənilmiş məbləğin 200 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 2638 (iki min altı yüz otuz səkkiz) manat, hüquqi xidmət haqqı olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 46,38 (qırx altı manat 38 qəpik) manatı alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-37/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-37/2025
26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver