Məhkəmə qərarları › İş №2(004)-1423/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1423/2021

06.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1423/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək X1 miras qalmış əmlaka dair verilmiş 20.10.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və iddiaçıların həmin miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 Balağa qızı 30.03.2021-ci il tarixdə ərizə verərək Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 Balağa qızı izahat verərək bildirmişdir ki, hal-hazırda yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 12 payları bəlli ümumi mülkiyyətdir. Mərhum həyat yoldaşının anası bu evin 8/24 hissəsinə pay hüququna malik olmuşdur. İddiaçı3 və İddiaçı2 ataları X13 mərhum X2 oğlu olmuşdur. X20 anadan olduğu gündən vəfat edən günə qədər, yəni 06.03.2015-ci il tarixinə kimi bu evdə yaşamışdır. Onlar bu yaxın günə qədər bu ümumi həyətdə ümumiyyətlə evə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin olmadığını fikirləşmişdir. Yalnız bu günlərdə miras əmlakın qəbul edilməsi faktının tanınması ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, 1990-cı ildə mərhum nənələri X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqdar Bakı şəhəri 12 saylı Notariat Kontoruna müraciət olunmuş və 20 oktyabr 1990-cı il tarixində həmin evə dair vərəsəlik hüququna dair şəhadətnamə alınmışdır. Məhkəmə tərəfindən bu vərəsəlik işinin AR Ədliyyə Nazirliyinin Dövlət Arxivindən sorğu ilə alınması zamanı məlum olmuşdur ki, həmin vərəsəlik işinin açıldığı zaman bu iş üzrə cavabdeh olan vərəsələr mərhum X6 adını vərəsə kimi göstərməmiş və onun adını gizlətmişdirlər. Bu səbəbdən də X20in, həm də onların bu vərəsəlik işindən xəbəri olmamış, onların razılığı və xəbəri olmadan digər vərəsələr bu fərdi yaşayış evini vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adlarına rəsmiləşdirmişlər. Çox qəribədir ki, həm X20 sağlığında bu miras əmlakı faktiki qəbul edərək bu evdə yaşamasına baxmayaraq, həmin miras əmlak nə onun, nə də iddiaçıların adına rəsmiləşdirilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəməiclasında iştirak edən İddiaçı3 izahat verərək bildirmişdir ki, onlar haqqını tələb edir. Öz paylarını istəyir. Qarşı tərəfdən 4 payçı onlardan 1 payçı olmuşdur. Nə vaxtsa ora sökülsə onlara 4 paya uyğun kompensasiya veriləcək. Atasının çıxarışdan xəbəri olmamışdır. Çıxarışın nənələrinin adına olmağını təxminən 2 il bundan qabaq bilmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, 1990-cı ildə vərəsəlik işindən yaxın zamana qədər xəbərləri olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, iddiaçıların həmin evə qeydiyyatları var. Ev söküntüyə gedəndə onsuz da onlara da kompensasiya veriləcək. Şəhadətnamədə 4 nəfərin adı var. Onlardan ikisi nəfər rəhmətə getmişdir. Onların da vərəsələri müəyyən olunmamışdır. Hesab edir ki, onların vərəsələri müəyyən olana qədər icraat dayandırılmalıdır. İşin faktiki halları ilə əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 12-nin 8/24 hissəsi X2 adına olmuşdur. Zeynalova Zəhraxanım 17.04.1960-cı il tarixində vəfat etdikdən sonra miras əmlakı Cavabdeh4 Abdulla oğlu qəbul etmişdir. Zeynalov Adil anası vəfat edən zaman həmin evdə deyil, uşaq evində yaşamışdır. X13 həmin evdə Cavabdeh4 Abdulla oğlunun razılığı ilə 1967-ci ildən yaşamağa başlamışdır. 03.06.1975-ci il tarixində vəfat etdikdən sonra miras əmlakı cavabdehlər və qardaşları - X16 və X14 qəbul etmişdir və qanunvericiliyin tələblərinə uyğun olaraq adlarına dövlət orqanları tərəfindən miras əmlaka dair müvafiq sənədlər verilmişdir. X13 miras əmlakı qəbul etmədiyindən və həmin tələblər üzrə iddia müddəti keçdiyindən iddia tələbindən imtina olunmalıdır. İddianın təmin olunmamasını xahiş edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 095670 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 17 aprel 1960-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 18.10.1990-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı3 Rəşid oğlu ilə X7 birgə nikahdan 19.03.1933-cü il təvəllüdlü Cavabdeh4 Abdulla oğlu adlı övladı vardır. İş materiallarında olan 300536 nömrəli, 06.10.1990-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh4 Abdulla oğlu 03.06.1975-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri, 12 saylıDövlət Notariart Ofisinin 2-229 saylı notariat icrasının materiallarından görünür ki, 20.10.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X3 məxsus 1-ci Nərimanov döngəsi, 12 saylı evə dair Cavabdeh1, Cavabdeh2, X16 və X8 adına vərəsəlik şəhadətnaməsi var. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən 187989 saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissədən bir hissəsi Cavabdeh1, 8/24 hissədən bir hissəsi X10, 8/24 hissədən bir hissəsi X8, 8/24 hissədən bir hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. İş materiallarında olan AR Bakı şəhəri, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 14.09.2014-cü il tarixli, 297 №-li arayışdan görünür ki, 1951-ci il təvəllüdlü X13 1967-ci ildən Şaxtaxtinski küçəsi, 12 saylı evdə qeydiyyatda olmuşdur. İş materiallarında olan AR Bakı şəhəri, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar sahəsinin 29.03.2021-ci il tarixli, 24/X nömrəli məktubuna əsasən İddiaçı3 və X15 hazırda Şaxtaxtinski küçəsi, 12 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.03.2014-cü il tarixli, AZ-İ 674651 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 07.03.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 23.05.2003-cü il tarixli, AZ-İ 065993 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 30.04.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.04.2021-ci il tarixli məktubuna əsasən X16 və X9 adına vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2015-ci il tarixli, AZ-İ 715602 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 06.03.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 16.09.1980-ci il tarixli, İİ-JQ 394222 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X13 ilə X5 16.09.1980-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Məhkmə iş üzrə toplamş sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissəsi mərhum X2 mülkiyyətində olmuşdur. X2 Cavabdeh4 və Zeynalov Adil adlı övladları olmuşdur. X4 1960-cı ildə vəfat etmişdir. Oğlu 1951-ci il təvəllüdlü Zeynalov Adil 16 yaşında anasından miras qalmış evə qeydiyyata alınmışdır. 03.06.1975-ci ildə Cavabdeh4 Abdulla oğlu vəfat etmişdir. Cavabdeh4 övladları Cavabdeh1, Cavabdeh2, Zeynalov Rauf və Zeynalov Rafiq nənələri X1 miras qalmış Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissəsinə dair miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmişlər və vərəsəlik şəhadətnaməsini almışlar. İddiaçıların tələbi odur ki, X2 digər övladı olan Zeynalov Adilin həmin vərəsəlik işindən məlumatı olmamışdır. 2015-ci ilədək Zeynalov Adil anasından miras qalmış evdə yaşamışdır. Hazırda Adilin arvadı və uşaqları X1 miras qalmış evin Cavabdeh4lə yanaşı Adil tərəfindən də faktiki qəbul edildiyindən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və paylarının müəyyən edilməsini tələb edirlər. Məhkəmə iddainı əsaslı hesab edir. X25 də X2 övladı olmuşdur. Anasından miras qalmış evə 16 yaşında-1967-ci ildə qeydiyyata alınmış və ölümünədək həmin ünvanda ailəsi ilə yaşamışdır. Məhkəmə hesab edir ki, Zeynalov Adil anası X1 qalmış miras əmlakı qəbul etmişdir. X19 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsələri- arvadı və övladlarının Zeynalov Adilə çatacaq miras əmlakda payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağırılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüldüyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər. Göründüyü kimi, 1923-cü il Məcəlləsi mirasın açıldığı yerdə olan vərəsənin onu qəbul etməsi üçün hər hansı bir hərəkət etməsini tələb etmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi. 01.09.2000-ci il tarixində qüvvəyə minmiş yeni (hazırda qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. AR Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. AR Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materiallarından görünür ki, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar xəbərdar olmadığı üçün müraciət etməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra müəyyən olunmuşdur ki, miras əmlaka dair 1990-cı ildə vərəsəlik şəhadətnaməsi alınmışdır. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçılar heç bir maneə olmadan mübahisə predmeti olan həyətdə yaşadıqlarına görə vərəsəlik şəhadətnaməsindən xəbərdar olmamaları mümkündür. Bundan əlavə vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı qüvvədə olan 1964-cü il Mülki Məcəlləsində 3 illik iddia müddəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, 3 illik müddət hazırki tələb üzrə keçməmişdir. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, X1 miras qalmış əmlaka dair verilmiş 20.10.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli və iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının həmin miras əmlakda payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 miras qalmış əmlaka dair verilmiş 20.10.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin və iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının miras əmlakda payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar