Məhkəmə qərarları › İş №2(004)-1427/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1427/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1427/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçıya 2021-ci il üçün hesablanmış 24.50 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsində iddiaçı fərdi yaşayış evini inşa etdirmək niyyətində idi. İddiaçı sayğacın quraşdırılması üçün Cavabdeh ASC-yə müraciət etmişdir. Bu günə kimi sudan heç bir halda istifadə edilməmişdir, buna ehtiyac olmamışdır. Sayğac quraşdırıldıqdan sonra iddiaçıya bildirmişlər ki, onun 24.50 manat sudan istifadə etdiyinə görə cərimə hesablanmışdır. Halbuki, iddiaçı sudan istifadə etməmiş və su borusu yerin dərinliyində yerləşmişdir. Əsassız hesablanmış cərimə məbləği silinməlidir. Cavabdeh ASC tərəfindən iddiaçıya 2021-ci il üçün hesablanmış 24.50 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi yoxdur, iddiaçı orada deyil, ünvan 1 ünvanında yaşayır. 2021-ci ilin noyabrın axırında Cavabdeh ASC-nin nümayəndələri tərəfindən oraya sayğac quraşdırılmışdır, həmin sayğacın pulunu da iddiaçı ödəmişdir. Sayğac quraşdırıldıqdan əvvəl və sonra sudan istifadə etməmişdir. Ailə tərkibi 4 nəfər olaraq göstərilmiş, ailə tərkibi 2 nəfərdən ibarət olduğu və sudan istifadə etmədiyi halda 24,50 manat məbləğində pul yazılmışdır. Şəkillərdən də göründüyü kimi su borsu Su idarəsinin işçiləri tərəfindən bağlanmışdır. Məcburi köçkündür, əsassız yazılmış 24,50 manat məbləği ödəmək imkanı yoxdur. Ona görə də, əsassız yazılmış 24.50 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kodu **********144 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, Abşeron,Fatmayı kəndi,ev-100/k 14 ünvanı üzrə 2021 -ci il tarixi üzrə 24.50 (iyirmi dörd manat əlli qəpik) manat borc məbləği hesablanmışdır. Həmin saldonun görünür ki, sözügedən ünvana 21752120 nömrəli sayğac 23.11.2021-ci il tarixdə quraşdırılmış, borc məbləği 29.10.2021-ci il tarixdən başlayaraq hesablanmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Bu barədə 20.08.2019-cu il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı sözügedən ünvanda yaşamır. Belə ki, iş materiallarında olan fotoşəkillərdə də görünür ki, həmin ünvanda fərdi yaşayış evi mövcud deyil. Eyni zamanda 07 yanvar 2020-ci il tarixli saldodan da görünür ki, sözügedən ünvana 21752120 nömrəli sayğac 23.11.2021-ci il tarixdə quraşdırılmış, borc məbləği 29.10.2021-ci il tarixdən başlayaraq hesablanmışdır. Ailə təribi 4 nəfər olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğac quraşdırıldıqdan əvvəlki dövrə, 2021-ci il oktyabr tarixindən hesablandığından, həmin borc məbləğinin hansı əsaslarla, hansı qaydada hesablandığı müəyyən olunmadığından Abşeron rayonu, Fatmayı kəndi 0,06 ha torpaq sahəsi (Kodu **********144) ünvanı üzrə 2021-ci il tarixinə yazılmış 24.50 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi, (Abonent kodu: **********144) ünvanına 2021-ci il tarixinə hesablanmış 24.50 manat borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Abşeron rayonu, Fatmayı kəndi, (Abonent kodu: **********144) ünvanına İddiaçı adına 2021-ci il tarixinə hesablanmış 24,50 (iyirmi dörd manat əlli qəpik) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar