Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1445/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın cavabdeh İlahiyyat Məscidinə qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK-nın cavabdeh İlahiyyat Məscidinə qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MTK-nın ərazisində yerləşən su anbarının yanında cavabdeh İlahiyyat məscidi tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Universiteti "MTK” 17 mərtəbəli, beş bloklu 400 ailədən ibarət yaşayış komleksidir. Sözügedən yaşayış kompleksi ünvan 1 ünvanında yerləşir. Belə ki, "xxxx"MTK-nın ərazisində yerləşən 400 nəfərlik ailəni su ilə təmin edən su anbarının yanında cavabdeh "İlahiyyat məscidi" qanunsuz tikili inşa etdirməyə başlamışdır. Cavabdeh tərəfindən aparılan qanunsuz tikili su anbarının zədələnməsinə gətirib çıxara bilər. Bu da 400 ailənin su ilə təchiz olunmasında məhdudiyyətlər yarada bilər. Demək olar ki, cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edəndən sonra qanunsuz tikilinin dayandırılmasına dair rəsmi qaydada cavabdehə müraciət etmişlər. Lakin buna baxmayaraq cavabdeh heç bir rəsmi müraciətlərinə məhəl qoymadan "xxxx" MTK-nın ərazisində qanunsuz tikilini inşa etdirməkdə davam edir. Bu da "xxxx"MTK-nın mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu baxımdan da məhkəməyə müraciət etmək qərarına gəliblər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı "xxxx" MTK cavabdeh “İlahiyyat” məscidinə qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi mülki-prosessual qanunvericiliyin qeyd olunan tələbləri pozulmaqla verilmişdir: 1) MPM-in 10-1.2-ci maddəsinə əsasən “məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir”. Bu Məcəllənin 10-1.3-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsi ilə müəyyən olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Lakin hazırkı iddia ərizəsi "xxxx" MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ona məxsus elektron imzadan istifadə edilməklə tərtib olunmamış və göndərilməmişdir. Həmin iddia ərizəsi kağız daşıyıcıda bilavasitə məhkəməyə təqdim olunmuşdur. Bu formada iddia ərizəsinin verilməsi isə qeyd etdiyi prosessual normaların tələblərinə ziddir. 2) MPM-in 149.2 və 149.2.3-cü maddələrinin məzmununa görə, ərizədə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən məlum olur ki, ərizədə sonda cəmi 3 sənəd göstərilmişdir: iddia ərizəsinin surəti, dövlət rüsumu haqqında qəbz və pretenziya məktubu. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddia ərizəsinə faktiki olaraq bu 3 sənəddən başqa digər sənədlər də əlavə olunmuşdur, ancaq, onlar ərizədə yazılmamışdır. Bununla da, qeyd etdiyi prosessual normanın tələbi pozulmuşdur. 3) MPM-in 150.1 və 150.1.3-cü maddələrinə görə, iddia ərizəsinə, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. Lakin hazırkı iddia ərizəsinə bu ərizəni imzalamış “”Bakı Universiteti” MTK-nın sədri Hikmət Cəfərov”un səlahiyyətini təsdiq edən sənəd əlavə olunmamışdır. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin rəsmi internet saytından əldə etdiyi və hazırkı ərizəsinə əlavə etdiyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, ********** VÖEN ilə qeydə alınmış "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsi X1r, lakin, iddia ərizəsi MTKnın nümayəndəsi olan X2 tərəfindən deyil, başqa şəxs – Hikmət Cəfərov tərəfindən imzalanmışdır. İddia ərizəsini imzalamış Hikmət Cəfərov isə ********** VÖEN ilə qeydə alınmış "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsidir, yəni, iş üzrə iddiaçı olmayan şəxsin nümayəndəsidir. Hikmət Cəfərov bu işdə istifadə olunması üçün həm də "xxxx" MMC-nin adından Nümayəndə etibarnamə də vermişdir. Bu etibarnamənin məzmunu MPM-in 74.2-ci maddəsinin tələblərinə uyğun olmamaqla yanaşı, iş üzrə tərəf olmayan "xxxx" MMC-nin təmsil olunması məqsədilə verilmişdir. 4) MPM-in 150.1 və 150.1.5-ci maddələrinə görə, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Lakin, elekron qaydada verilməmiş hazırkı iddia ərizəsinə cavabdehə təqdim edilməsi üçün sübutların surətləri əlavə olunmamışdır. MPM-in 151.1-ci maddəsinə əsasən “iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. MPM-in 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Təəssüf ki, hazırkı işdə artıq ərizənin icraata qəbul olunması barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı qəbul olunduğundan, hazırda qeyd etdiyi prosessual pozuntulara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" MTK-nın cavabdeh “İlahiyyat” məscidinə qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsini baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə verilmiş vəsatəti, ona əlavə olunmuş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarında olan: Dövlət Vergi Xidmətinin internet səhifəsindən çıxarışın surətindən görünür ki, "xxxx" MTK-nin xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X1r. Dövlət Vergi Xidmətinin internet səhifəsindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X3r. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsaslı olduğundan təmin olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin: 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilsin. İddiaçı "xxxx" MTK-nın cavabdeh İlahiyyat Məscidinə qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1445/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1445/2024
18.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver