Məhkəmə qərarları › İş №2(004)-1484/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1484/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1484/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 702,82 (yeddi yüz iki manat səksən iki qəpik) manat əsas borc, 42,13 (qırx iki manat on üç qəpik) manat gecikdirilmiş mükafat, 294,06 (iki yüz doxsan dörd manat altı qəpik) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 740 (yeddi yüz qırx) manat olmaqla, ümumilikdə 1779,01 (min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat borc və ödənilmiş 37,80 (otuz yeddi manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli Daxili Lizinq müqaviləsinə əsasən İddiaçı MMC ilə X3 arasında bağlanmış razılaşma ilə lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvgəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqaviləyə əsasən lizinq alan illik 17% olmaqla 36 ay müddətinə hər ay sabit pul məbləğində 385,05 manat, ümumilikdə 13.862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumi məbləğ 13.862 manat olmaqla həmin məbləğin 10.800 manat hissəsi əsas məbləğ təşkil etmişdir. İş materiallarında olan X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli lizinq müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ”Azərmaş” MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı MMM Servis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən dəmirçi işi 100 (yüz) manat, armaturçu işi 100 (yüz) manat və rəngsaz işi 540 (beş yüz qırx) manat olmaqla yekun ödəniləcək təmir məbləği 740 (yeddi yüz qırx) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən “Khazar LX” markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən təhvil alınmışdır. İş materiallarında olan AD 746267 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə), 747.1 (əsas öhdəliyə münasibətdə), 748-1.8 (təmir-bərpa xərcinə münasibətdə), 748-1.9 (gecikmə xərcinə münasibətdə), 748-7.1 (lizinq alanın məsuliyyətinə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, iş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə “Lizinq alan” Cavabdeh “Lizinq verən” İddiaçı MMC qarşısında müqavilə öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur və nəticədə Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu 294,06 (iki yüz doxsan dörd manat altı qəpik) manat məbləğində deyil, əsas borcun 10%-i miqdarında, yəni, 70 (yetmiş ) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Dəbbə pulunun 70 (yetmiş) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 70 (yetmiş) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Nəticə etibarilə, MM-in 462, 467, 747.1, 748-1.8, 748-1.9 və 748-7.1-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, olan X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli MAS-1941 nömrəli lizinq müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh keçmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Həmçinin, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində avtomobilin 740 (yeddi yüz qırx) manat təmir xərci yaranmışdır. Nəticədə, Cavabdeh İddiaçı MMC-yə 702,82 (yeddi yüz iki manat səksən iki qəpik) manat əsas borc, 42,13 (qırx iki manat on üç qəpik) manat gecikdirilmiş mükafat, 70 (yetmiş) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 740 (yeddi yüz qırx) manat olmaqla, ümumilikdə 1554,95 (min beş yüz əlli dörd manat doxsan beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37,80 (otuz yeddi manat səksən qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 702,82 (yeddi yüz iki manat səksən iki qəpik) manat əsas borc, 42,13 (qırx iki manat on üç qəpik) manat gecikdirilmiş mükafat, 70 (yetmiş) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 740 (yeddi yüz qırx) manat olmaqla, ümumilikdə 1554,95 (min beş yüz əlli dörd manat doxsan beş qəpik) manat pul və ödənilmiş 37,80 (otuz yeddi manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 702,82 (yeddi yüz iki manat səksən iki qəpik) manat əsas borc, 42,13 (qırx iki manat on üç qəpik) manat gecikdirilmiş mükafat, 70 (yetmiş) manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 740 (yeddi yüz qırx) manat olmaqla, ümumilikdə 1554,95 (min beş yüz əlli dörd manat doxsan beş qəpik) manat pul və ödənilmiş 37,80 (otuz yeddi manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar