Məhkəmə qərarları › İş №2(004)-1493/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1493/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1493/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı , Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 saylı 2 otaqdan ibarət (3-cü otaq uçub) təmirsiz, qəzalı vəziyyətdə olan yaşayış evindən istifadə hüquqlarına 18000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməsi şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu Z.Əliyev küçəsi, ev 240 saylı fərdi yaşayış evinin 3 otağını təşkil edən (hal-hazırda 2 otaqdır, 3-cü otaq uçub) yaşayış evi xüsusi mülkiyyət əsasında ona məxsusdur. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan evinə qeydiyyatları qeyri-formal xarakter daşıyır. Cavabdehlər 1991-ci ildə könüllü olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində atası X4 (2013-cü ildə ölüb) söz verdilər ki, 4500 dollar pulu (yəni 1996-cı ildə üç otaqlı evi 4500 dollara satıblar) alandan sonra 7 gün ərzində Yasamal rayonu, V.Əliyev küçəsi, ev 240 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxaracaqlar. Lakin Cavabdeh1 və əri hamını aldadıb Azərbaycan Respublikasını tərk edib Türkmənistan respublikasına getmişdilər. 2002-ci ildə cavabdehlər Türkmənistandan qayıdanda valideynləri və onun tərəfindən qəbul edilməyiblər. Cavabdehlər uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18 saylı mənzildə yaşayırlar. Cavabdehlərə onunla və mərhum valideynləri arasında soyuq münasibətləri uzun illərdir var. Soyuq münasibətlər heç vaxt düzəlməyəcək. Cavabdeh1 dəfələrlə Yasamal rayon Polis idarəsinin 29-cu bölməsinə şikayətlər etmişlər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 o yad kişi kimi baxır. Onlar arasında heç bir doğmalıq yoxdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 saylı 2 otaqdan ibarət ( 3-cü otaq uçub) təmirsiz, qəzalı vəziyyətdə olan yaşayış evindən istifadə hüquqlarına 20.000 manat (iyirmi min) məbləğində kompensasiya şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh1 iddia tələbi ilə razılaşaraq, 20.000 manat (iyirmi min) məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanındakı ümumi sahəsi 140.28 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında 2 otaq hüquqlu payı X1, 3 otaq hüquqlu payı İddiaçı adına mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 iyun 2012-ci il tarixli 2(004)-3079/2012 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 19 mart 2024-cü il tarixli, 3-34/2- 151/02-2/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri üzrə 1 otaqlı mebelsiz mənzillərin aylıq kirayə haqqı 2021-ci il üzrə 108,82 manat; 2022-ci il üzrə 125,67 manat; 2023-cü il üzrə 146,40 manat təşkil edir. Eyni zamanda mənzillərin aylıq kirayə haqlarının orta qiymətlərinin ayrı-ayrı rayonlar üzrə hesablanmasının mövcud metodologiyada nəzərdə tutulmadığının nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanındakı ümumi sahəsi 140.28 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı 3 otaq hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlərə 20.000 manat (iyirmi min) məbləğində kompensasiya verilməklə, cavabdehlərin mənzilindən istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmasını istəyir. İş üzrə cavabdeh (cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh1 iddia tələbi ilə razılaşaraq, 20.000 manat (iyirmi min) məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 20.000 manat (iyirmi min) məbləğində kompensasiya verilməklə, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 20.000 manat (iyirmi min) məbləğində kompensasiya verilməklə, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar