Məhkəmə qərarları › İş №2(004)-1496/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1496/2022

18.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1496/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə 04.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 24 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar dörd nəfər üçün hesablanmış 569,49 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Nərimanov rayonu, Z. Bünyadov küçəsi, ev 48/54, 24 saylı mənzil onun mülkiyətindədir. 2011-ci ildən bu günə kimi mənzildə bir nəfər qeydiyyatda olmuşdur. Bu fakt Nərimanov rayonu 25 saylı Mənzil Komunal İstismar sahəsindən aldığı arayışla təsbit və təsdiq edilmişdir. Mənzildə bir nəfərin qeydiyyatda olduğuna dair dəfələrlə "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinə arayış təqdim etmişdir. Lakin onun yazılı və şifahi müraciətlərinə baxmayaraq 2019-cu ilin oktyabr ayına kimi dörd nəfərə görə hesabat aparılmışdır. "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsi heç bir əsas olmadan qanunsuz olaraq uzun müddət onun mənzilində bir nəfər qeydiyyatda olduğu halda, suya görə ödənişi 4 nəfərə görə hesablayaraq borcu süni şəkildə şişirtmiş və haqsız olaraq onu artıq vəsaiti ödəməyə vadar etmişdir. Hansı ki, "xxxx" ASC-nin onun mənzilində 4 nəfərin olması barədə sübutu olmamışdır. 2019-cu ildən işinə yaxın yerdə yaşamışdır. Sözügedən mənzildə yaşamamışdır. Bunun nəticəsində 2022-ci ilin yanvar ayında onun mənzilinə 569,49 manat borc hesablanmışdır. Göstərilən borc "xxxx" ASC-nin qeyd olunan əsassız və qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı həmin evdə yaşayışın olmaması ilə bağlı Cavabdeh ASC-yə rəsmi qaydada müraciət etməli olduğu halda, heç bir müraciət etməmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı MKTB-nin 25 saylı Mənzil Kommunal istismar sahəsinin 12 saylı, 11.01.2022-ci il tarixli arayışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 24 saylı mənzildə bir nəfər olaraq qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu **********240 olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 24 saylı saylı mənzildə 11015082 nömrəli, 01.01.2008-ci il tarixli müqavilə üzrə sudan istifadə haqqında 16.03.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, “CSS-20” markalı, 21141611 nömrəli sayğac 02.12.2021-ci il tarixdə quraşdırılmış, abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 2015-ci il üzrə 4 nəfər üçün 153,76 manat, 2016-cı il üzrə 4 nəfər üçün 108,23 manat, 2017-ci il üzrə 4 nəfər üçün 121 manat, 2018-ci il üzrə 4 nəfər üçün 122 manat, 2019-cu il üzrə 4 nəfər üçün 91,5 manat borc hesablanmış və borca 5 manat ödəniş edilmiş, 2020-ci il üzrə 1 nəfər üçün 31 manat borc hesablanmış və borca 32,5 manat ödəniş edilmiş, 2021-ci il üzrə 1 nəfər üçün 54,91 manat borc hesablanmış və borca 92,41 manat ödəniş edilmiş, 2022-ci il üzrə sayğac göstəricisinə görə 26 manat borc hesablanmış və borca 9 manat ödəniş edilmiş, ümumilikdə 569,49 manat borc qalmışdır. İşin müəyyən edilmiş halları odur ki, mübahisə premeti olan mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzildə yalnız bir nəfər - iddiaçı qeydiyyatdadır. Cavabdeh tərəfindən sözügedən mənzilə cəmi 569,49 manat borc hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında sudan istifadə haqqında müqavilə 2008-ci ildə bağlanmışdır və hazırki borc 2015-ci ildən 2019-cu ilə qədər 4 nəfərə, 2019-cu ildən 2021-ci ilə qədər isə 1 nəfərə görə hesablanan borcdur. 2022-ci ildə hesablanmış borc isə sayğac göstəricisinə görə hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən 569,49 manat məbləğində əsassız olaraq yazılmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə iddiaçının vaxtında cavabdehə müraciət etmədiyini əsas gətirərək iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçıya 2015-ci ildən 2022-ci ilə qədər 569,49 manat məbləğində borc hesablansa da, iddiaçının 2017-ci ilə qədər olan borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. İddiaçıdan yalnız 2017-ci ildən etibarən hesablanan borc tələb oluna bilər. Belə olan halda iddiaçıya 2015-2016-cı illər ərzində hesablanmış borc, yəni 261,99 manat silinməlidir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 2017-2019-cu illər üzrə hesablanan borc 4 nəfərin sayına görə hesablansa da iş materialları ilə təsdiq olunur ki, sözügedən mənzildə yalnız bir nəfər qeydiyyatda olmuşdur. Bir nəfərə görə isə 2017-2019-cu illər üzrə borc bir il üzrə 30 manat ((1,75+0,75)*12=30) olmaqla, cəmi 90 manat təşkil edir. Həmin illər üzrə isə iddiaçı tərəfindən 5 manat ödəniş olunmuşdur. Beləliklə, bir nəfər üçün adambaşına hesablanan sudan istifadə və çirkab sularının axıdılması bir il üzrə cəmi 30 manat olduğu halda iddiaçıya 2017-ci il üzrə 91 (121-30=91) manat, 2018-ci il üzrə 92 (122-30=92) manat və 2019-cu il üzrə 66.5 (91,5-30+5=66,5) manat olmaqla, cəmi 249,5 manat əlavə borc yazılmışdır. Həmçinin iddiaçı 2020-2021-ci illərdə yaranmış borcu ödəyərkən 2020-ci il üzrə əlavə 1,5 manat, 2021-ci il üzrə isə 37,5 manat olmaqla, cəmi 39 manat artıq ödəniş etmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, 261,99 manat məbləğində borcun hesablanmasından beş ildən artıq müddət keçib, 249,5 manat məbləğində borc əssassız olaraq 4 nəfərin sayına görə müəyyən edilib və iddiaçı tərəfindən cavabdehə 39 manat artıq ödənilib, həmin borcun artıq hesablanması Cavabdeh ASC-nin əsassız varlanmasına səbəb olur. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Ona görə də, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hesablanma qaydası nəzərə alınmaqla, hesablanmış ümumi borcdan faktiki olaraq həmin mənzildə yaşamayanlara görə hesablanmış borc və artıq ödənilmiş məbləğ daxil olmaqla, cəmi 550,49 (261,99+249,5+39=550,49) manat silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə Sudan istifadə Qaydalarının 7.4-ci bəndinə uyğun olaraq əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin ediməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 24 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 569,49 manat borcdan 550,49 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 24 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 569,49 manat borcdan 550,49 (beş yüz əlli manat qırx doqquz qəpik) manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar