Məhkəmə qərarları › İş №2(004)-1555/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1555/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1555/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərlə əlaqədar "xxxx" ASC tərəfindən ona 600 manat məbləğdə vəsaitin ödənilməsinin təmin edilməsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən sığorta ödənişinin vaxtında edilmədiyini nəzərə alaraq, "xxxx" ASC tərəfindən ona müəyyən olunmuş qaydada və məbləğdə dəbbə pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ona məxsus, ünvan 1 ünvanında yerləşən mənzil binanın 6-cı blokunda, 5-ci mərtəbədə yerləşir. 2023-cü ilin sentyabr-oktyabr aylarında binanın damından yağış sularının ötürülməsini təmin edən boruların tutulması səbəbindən suların binanın damında yığılması və bloka axması müşahidə olunmağa başladı. 2023-cü ilin noyabr ayında bu barədə, binaya xidmət etməli olan Bakı şəhəri, Suraxanı rayonu 139 saylı Mənzil İstismar Sahəsinə (MİS) bildirdi. MİS-in Saleh adlı işçisi məsələ barədə ərizəni aldı və tədbir görüləcəyini bildirdi. Lakin heç bir tədbir görülmədi. 2024-cü ilin mart ayının 23-də binanın damından subasma nəticəsində mənzilin otaqlarından birinin tavanına və iki divarına ziyan dəydiyi məlum oldu. Bu barədə mənzili sığortalayan "xxxx" ASC şirkətinə müraciət etdi. Paralel olarq, 139 saylı MİS tərəfindən lazımi tədbir görmədiyindən Surxanı Rayon İcra Hakimiyyətinə müraciət etdi, bununla bağlı xx.xx.2024-cü il tarixində özünü Surxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı kimi təqdim edən, adını bilmədiyi şəxs 050 *** ** ** nömrəli telefonla zəng edərək problemlə maraqlandı, məsələ ilə bağlı həmin şəxsə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində də telefon (WhatsApp) vasitəsilə məlumat verdi. Nəhayət 2024-cü ilin iyun ayında binanın damında olan problem onun və qonşunun da maddi köməkliyi ilə 139 saylı MİS tərəfindən həll edildi. Mənzilə dəymiş ziyanla bağlı isə xx.xx.2024-cü il tarixində Sığortaçının nümayəndəsi tərəfindən yerində baxış keçirildi, şəkillər çəkildi, lazım olan sənədlər təqdim edildi və məsələ barədə ərizə alındı. Sığortaçının nümayəndəsi bunlardan əlavə ərazi üzrə MİS tərəfindən verilməli olan və problemin səbəbləri, günahkarlar və s. qeyd olunmalı olan bir arayış da təqdim etməli olduğunu bildirdi. 139 saylı MİS isə belə bir arayışın verilməsindən imtina etdi. Bu barədə Sığortaçının işçisinə onun istifadəsində olan 050 *** ** ** nömrəsi (WhatsApp) vasitəsilə məlumat verdi. Ümumiyyətlə, onun müvafiq müqaviləni "xxxx" ASC ilə bağladığını, məsələ ilə bağlı hər hansı digər tərəf və ya tərəflərdən hər hansı arayışı tələb etməli olmadığını bildirsə də, Sığortaçının nümayəndəsi mütləq arayış almalı olduğunu bildirdi. Məsələ ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etdi. "xxxx" ASC tərəfindən ona xx.xx.2024-cü tarixli SŞ0000500/2-52/2024 tarixli məktubla cavab verilərək, müraciəti ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu göndərildiyi bildirildi. Sığortaçının Milli Hidrometeorologiya Xidmətinə göndərdiyi sorğuda yalnız bir gün - hadisənin ona məlum olduğu xx.xx.2024-cü il tarixi ilə bağlı məlumat alma ehtimalını nəzərə alaraq, problemin bir günlə deyil günlərlə davam edən prosesin nəticəsi olduğunu (binanın dam örtüyü karton deyil ki, yağış yağan kimi dərhal da mənzilə su keçsin, binanın damı ikiqat panellə örtülüb (şəkil əlavə olunur), 5-ci mərtəbədən sonra (yuxarıda) əlavə, hündürlüyü 1 metrdən artıq olan aralıq boşluq var, yağış sularını süzən borular tutulduğuna görə su binanın damında yığılıb, əvvəlcə tol örtük zədələnib, daha sonra üst paneldən su keçərək aşağıdakı panelin üzərinə tökülüb, sonra isə həmin altdakı panel də islanaraq suyu mənzilə ötürüb. Bu isə bir gündə yağan yağışın işi deyil. Yuxarıda da qeyd etdiyi kimi hələ 2023-cü ilin oktyabr-noyabr aylarında boruların tutulması artıq məlum idi. Bu səbəbdən əsl həqiqəti müəyyən etmək üçün sorğu verilərkən yalnız bir gün deyil, hadisədən əvvəlki günlər və ya əvvəlki ay ərazidə yağıntı olub-omaması barədə məlumat alınmalı idi) izah etmək üçün Sığortaçı ilə əlaqə saxlamağa çalışdı, lakin telefon zənglərinə cavab verilmədi. Ümümiyyətlə Sığortaçının ona məlum olan *6565 və 050 *** ** ** əlaqə telefonlarına dəfələrlə zəng etmiş, hər dəfə “gün ərzində sizinlə əlaqə saxlanılacaq” deyilsə də, heç bir əlaqə saxlanılmamışdır. Qeyd olunanlar, eləcə də, Sığortaçının müraciətlərinə cavab verilməməsi barədə xx.xx.2024-cü il tarixində yenidən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etdi. Müraciətinə Milli Hidrometeorologiya Xidmətinin https://meteo.az/ rəsmi internet saytına istinad etməklə sığorta hadisəsinin baş vermə tarixindən əvvəlki günlər üzrə ərazidə yağıntının olmasını təsdiq edən məlumatları da əlavə etdi və ətraflı araşdırılma aparılmasını xahiş etdi. Təkrar müraciətinə Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixli 6-1- 26/2-Ş-73xx-xx-11879/2024 nömrəli məktubla cavab verilsə də faktiki heç bir tədbir görülmədi. 2024-cü ilin oktyabr ayında problemlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına etdiyi müraciətlə bağlı Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixli məktubla əvvəlki məzmunda cavab verildi və məsələ ilə bağlı aidiyyəti qurumlara təkrar sorğu göndəriləcəyi bildirildi. Nəhayət "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 2206 nömrəli məktubla cavab verilərək ona sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirildi. Hesab edir ki, imtina əsassızdır. Yuxarıda qeyd etdiyi kimi, Surxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və binaya xidmət edən (xidmət etməli olan) 139 saylı MİS problemlə bağlı məlumatlı idi Fakt barədə ona arayış verməkdən imtina edən MİS-in rəisi vəzifəsini icra edən Elçin adlı şəxs də həmin arayışı verdikləri halda sığorta şirkətinin ona ödədiyi vəsaitin MİS-in hesabından tutulacağını bildirmişdi. Yəni MİS bu halda arayışın verilməməsində maraqlı olan tərəf idi. Sığortaçı da artıq bu barədə əvvəldən məlumatlı idi. Sığortaçının cavab məktubundan görünür ki, Milli Hidrometeorologiya Xidmətindən yalnız hadisənin ona məlum olduğu xx.xx.2024-cü il tarixi ilə bağlı məlumat alınıb. Lakin yuxarıda qeyd etdiyi kimi, binada problem daha əvvəl başlayıb, mənzilə keçən su binanın damında əvvəlki günlərdə yığılmış su olub. Milli Hidrometeorologiya Xidmətinə müvafiq sorğu verilərkən bunların nəzərə alınmalı olduğunu isə Sığortaçıya daha əvvəldən bildirmişdi. İlk müraciətinin xx.xx.2024-cü il tarixində edildiyi halda ona yekun cavabın 6 aydan sonra - dekabr ayında təqdim edilməsi, telefonla məlumat almaq üçün etdiyi müraciətlərə cavab verilməməsi, aidiyyəti qurumlara təkrar sorğuların yalnız o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət etdikdən sonra göndərilməsi, MİS-in müvafiq arayışı verməməkdə maraqlı tərəf olması məlum olduğu halda oraya sorğu göndərilməsi, eləcə də Milli Hidrometeorologiya Xidmətinə daha ətraflı deyil (bunu əlavə xahiş etməyinə baxmayaraq) yalnız hadisə ona məlum olan gün üzrə sorğu verilməsi Sığortaçının ödənişlə bağlı süründürməçiliyə yol verdiyini, sığorta ödənişindən imtina üçün istinad etdiyi məlumatların əsassız olduğunu deməyə əsas verir. Hadisə ilə bağlı məzilin iki divarına və tavanına usta haqqı da daxil olmaqla, ümumilikdə təxminən 600 manat məbləğində ziyan dəymişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia ərizəsinin 2-ci hissəsində qeyd etdiyi dəbbə pulunun 27 manat müəyyən edilməsini (cavabdehin sığorta ödənişinin ödənilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli 2206 nömrəli məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilib, həmin tarixdən iddia ərizəsini təqdim etdiyi xx.xx.2025-ci il tarixinədək 45 təqvim günü keçib. “İcbari sığortalar haqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir, iddianın 1-ci hissəsinə əsasən sığorta ödənişi 600 manat qeyd olunduğundan, dəbbə pulu da bu məbləğə və gecikdirilən günlərin sayına əsasən hesablanıb); iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutulması; dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edildiyi halda müvafiq ekspertə ödəniləcək xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə ünvanlayaraq, dəymiş zərərin 739 manat hesab edilməsi; dəbbə pulunun 33 manat 20 qəpik müəyyən edilməsi (cavabdehin sığorta ödənişinin ödənilməsindən imtina barədə xx.xx.2024cü il tarixli 2206 nömrəli məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilib, həmin tarixdən iddia ərizəsini təqdim etdiyi xx.xx.2025-ci il tarixinədək 45 təqvim günü keçib. “İcbari sığortalar haqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmmində dəbbə pulu ödəməlidir); iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutulması; "xxxx" MMC-nin hesabına ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə 1102,60 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC 22 yanvar 2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 600 manat məbləğdə vəsaitin ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məzilin iki divarına və tavanına usta haqqı da daxil olmaqla, ümumilikdə təxminən 600 manat məbləğində ziyan dəydiyindən cavabdeh tərəfindən həmin ödəniş ödənilməlidir. Aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, iddia Cavabdeh ASC-yə münasibətdə tamamilə əsassızdır və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır: hadisə ilə əlaqədar əmlaka əməkdaşları tərəfindən baxış keçirilmiş və hadisənin araşdırması məqsədi ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışın əldə edilməsi məqsədi ilə AR ETSN Milli Hidrometeorologiya Xidmətinə və AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffat Departamenti, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə sorğu məktubu vasitəsi ilə müraciət edilmişdir. Cəmiyyətə daxil olan AR ETSN Milli Hidrometeorologiya Xidmətinin sorğuya cavab məktubunda xx.xx.2024-cü il tarixində sığorta predmetinin yerləşdiyi ərazidə yağıntının qeydə alınmadığı müəyyən olunmuşdur. Həmçinin Cəmiyyətə daxil olan olan AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil-Kommunal Təsərüffat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, 139 saylı Mənzil Kommunal istismar Sahəsinin sorğuya cavab məktubunda sığorta predmetinin yerləşdiyi ərazidə baş verdiyi bildirilən hadisənin səbəbi və tarixi məlum olmadığı müəyyən olunmuşdur. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq və AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən Cavabdeh ASC-nin sığorta ödənişinin edilməsindən imtinası tam qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd edilən halları nəzərə alaraq, iddianın Cavabdeh ASC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspert rəyi ilə tanışdır. İddia tələbini 600 manat hissədə qəbul edirlər, belə ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edəndə evinə dəyən zərəri artıq müəyyənləşdirərək xərcin əvəzində 600 manat tələb edirdi. Sonradan ekspert rəyi ilə tələbini artırması düzgün deyildir. Məhkəmədən iddia tələbinin 600 manat hissəsində təmin olunmasına etiraz etmədi, digər hissələrdəm rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, Nümayəndə3 ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin 600 manat hissəsində təmin olunmasına etiraz etmədi, digər hissələrdəm rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 95 nömrəli evin 47,02 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Əmlakın Yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyət hüququ əsasında məxsus olmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsindən yerləşən 95 saylı evin 59 saylı mənzili xx.xx.2021-ci il tarixində "xxxx" ASCdə PİM/21/0193 nömrəli sığorta şəhadətnaməsi əsasında 3 il müddətinə xx.xx.2024-cü il tarixinə qədər sığorta etdirmişdir. Həmin sığorta üzrə 178,92 manat sığorta haqqı ödənilmişdir. - İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı şikayət ərizəsinə əsasən "xxxx" ASC şirkətinin fəaliyyəti ilə əlaqədar 04.06.24 tarixli müraciəti ilə bağlı Mərkəzi Bankın 06.06.24-cü il tarixli 6-1-26/2-Ş-62xx-xx-9841/2024 nömrəli məktubuna əsasən "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli SŞ0000500/2-52/2024 nömrəli məktubla müvafiq cavab verilmişdir. "xxxx" ASC-nin cavab məktubunda qeyd olunur ki, xx.xx.2024-cü il tarixində Milli Hidrometeorologiya Xidmətinə və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu məktubları ünvanlanmışdır və veriləcək cavabların nəticəsinə uyğun olaraq sığorta əməliyyatı həyata keçiriləcəkdir. Bununla bağlı bildirmişdir ki: şikayəti ilə bağlı hələ də heç bir tədbir görülməmişdir. Müraciətinin icra vəziyyəti barədə "xxxx" ASC ilə *6565 və (050) *** ** ** nömrələri ilə əlaqə saxlasa da məktubun icra vəziyyəti barədə heç bir məlumat ala bilməmiş, hər dəfə “gün ərzində sizə zəng ediləcək” deyilsə də onunla əlaqə saxlanılmayıb. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə əsasən müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilməlidir. "xxxx" ASC tərəfindən Milli Hidrometeorologiya Xidmətinə müraciət etməkdə məqsəd sığorta hadisəsi baş verən tarixdə hava haqqında məlumat almaqdırsa, həmin məlumat Milli Hidrometeorologiya Xidmətinin https://meteo.az/ rəsmi internet saytında var (sayta istinad edərək hadisənin baş verdiyi tarix də daxil olmaqla əvvəlki günlər üzrə məlumatları əlavə edirəm). Nəzərə alınmalıdır ki, hadisə xx.xx.2024-cü il tarixində baş versə də hava amilinin təsiri araşdırılırsa məhz xx.xx.2024-cü il tarixi deyil, daha əvvəlki - hadisənin baş verməsi günündən əvvəlki bir neçə gün araşdırılmalıdır, çünki xx.xx.2024-cü il tarixi sadəcə hadisənin ona məlum olma tarixidir. Milli Hidrometeorologiya Xidmətinin məlumatından görünür ki, cari ilin mart ayının ikinci ongünlüyü bütün ölkə ərazisində, o cümlədən Bakıda hava şəraiti yağmurlu olub. Hesab edir ki, hadisənin baş verməsini sığorta şirkətinin işçiləri də təsdiq edibsə və digər əlavə məlumatları da rəsmi informasiya resurslarından əldə etmək mümkündürsə bu qədər vaxtda müvafiq tədbir görülməməsi, eləcə də müraciətin icrası ilə bağlı məlumat verilməməsi, müraciətə laqeyd münasibət göstərilməsi sadəcə olaraq sığorta şirkətinin öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Məsələyə bir daha baxılmasını, müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə və İddiaçı ünvanladığı 06 iyun 2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixli, 6-1/1-Ş-62xx-xx/2024 nömrəli müraciəti baxılması üçün aidiyyəti üzrə "xxxx" ASC-yə göndərilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Müraciətin araşdırılması və nəticəsi barədə məlumatı 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə (Mülki Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan bütün sənədlər əlavə edilməklə) təqdim etməyi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 16 iyul 2024-cü il tarixli cavab məktubuna əsasən onun daha əvvəl Mərkəzi Banka daxil olmuş müraciəti ilə əlaqədar tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmişdir. Sığortaçının xx.xx.2024-cü il tarixli, 6-1/1- 14900/2024 nömrəli cavab məktubuna əsasən bildirmişlər ki, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 95, mənzil 59 “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə sığorta təminatı almışdır. xx.xx.2024-cü il tarixində sözügedən mənzilə subasma nəticəsində zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi tələbi ilə xx.xx.2024-cü il tarixində tərəfindən sığortaçıya müraciət olunmuşdur. Sığorta hadisəsinin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixində sığortaçı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə və Bakı şəhəri, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu məktubları ünvanlanmışdır. Eyni zamanda yuxarıda qeyd olunanlarla əlaqədar ona tərəfindən xx.xx.2024-cü il tarixli, 6-1-26/2-Ş-42-10204/2024 nömrəli məktubla cavab verilmişdir. Bildirmişlər ki, təkrar müraciəti ilə əlaqədar tərəfindən sığortaçı ilə əlaqə saxlanılmış və sorğulara cavab gəlmədiyi məlum olmuşdur. Səlahiyyətli dövlət orqanlarının sorğu məktublarına verilmiş cavabların nəticəsinə uyğun olaraq sığortaçı tərəfindən müvafiq sığorta əməliyyatı həyata keçiriləcəkdir. Nəzərə almağı xahiş edilmişdir. - İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı şikayət ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilim "xxxx" ASC şirkəti tərəfindən sığortalanıb. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həmin şirkətə müraciət etmiş və xx.xx.2024-cü il tarixində şirkətin nümayəndəsi tərəfindən mənzilə baxış keçiriib, şəkillər çəkilib, lazım olan sənədlər təqdim edilib və məsələ barədə ərizəsi alınıb. Bunlardan əlavə sığorta şirkəti guya ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsi (MİKS) tərəfindən verilməli olan və problemin səbəbləri, günahkarlar və s. qeyd olunmalı olan bir arayış da təqdim etməli olduğumu bildirir. MKİS isə belə bir arayışın verilməsindən imtina edir. Hesab edir ki, qeyd olunan arayışın ondan tələb olunması düzgün deyil. Bu arayışla sanki sığorta şirkəti də özünü sığortalamaq istəyir və ona ödənilməli olan pulu MİKSdən almağa çalışır. Əgər sığorta şirkəti bu istəyinə görə haqlı olsa belə bunu vətəndaş vasitəsilə etməməlidir. Məsələni sonradan MKİS ilə öz aralarında həll etməlidir. O, sığorta müqaviləsini MKİS ilə deyil "xxxx" ASC ilə bağlamış və müvafiq ödənişləri də (ev ipotekadadır və 2015-ci ildən keçən müddət ərzində hər hansı bir ödəniş, o cümlədən sığorta ödənişləri üzrə heç vaxt gecikmə olmayıb) sığorta edənə ödəmişdir. Sığorta hadisəsi faktı ortada olduğu halda dəymiş ziyan müəyyən edilib müvafiq ödəniş edilməlidir. Lakin görünən odur ki, sığorta edən əlavə, vətəndaş tərəfindən verilməli olmayan sənəd tələb etməklə süründürməçilik edir. Məsələyə baxılmasını və müvafiq sığorta ödənişinin vaxtında edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli “sığorta ödənişinin verilməsindən imtina olunması barədə bildiriş”ə əsasən “AZSİĞORTA" ASC-yə müraciət edərək, xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında yerləşən mənzilə yağış yağması nəticəsində zərər dəydiyini bildirmişdir. Hadisə ilə əlaqədar əmlaka əməkdaşları tərəfindən baxış keçirilmiş və hadisənin araşdırması məqsədi ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışın əldə edilməsi məqsədi ilə AR ETSN Milli Hidrometeorologiya Xidmətinə və AR Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffat Departamenti, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə sorğu məktubu vasitəsi ilə müraciət edilmişdir. Cəmiyyətə daxil olan AR ETSN Milli Hidrometeorologiya Xidmətinin sorğuya cavab məktubunda xx.xx.2024-cü il tarixində sığorta predmetinin yerləşdiyi ərazidə yağıntının qeydə alınmadığı müəyyən olunmuşdur. Həmçinin Cəmiyyətə daxil olan olan AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil-Kommunal Təsərüffat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, 139 saylı Mənzil Kommunal istismar Sahəsinin sorğuya cavab məktubunda sığorta predmetinin yerləşdiyi ərazidə baş verdiyi bildirilən hadisənin səbəbi və tarixi məlum olmadığı müəyyən olunmuşdur. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq və AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixinə Bakı şəhəri Suraxanı rayonu ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışdan görünür ki, həmin tarixdə hava dəyişkən buludlu olmuşdur. Yağıntı qeydə alınmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil-Kommunal Təsərüffat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi, 139 saylı Mənzil Kommunal istismar Sahəsinin 04 noyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında baş verən hadisənin səbəbi və tarixi məlum olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin internet saytından çıxarışdan görünür ki, 2023-cü ilin mart ayının əksər günlərində Bakı və Abşeron yarımadasında yağıntılı hava şəraiti olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1796 saylı rəyinə əsasən qərardadın 1-ci və 3-cü sualları üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, 95 saylı evin 59 nömrəli mənzilin 2 yaşayış otaqlarının hər birinin divar hissəsində aboyların qopduğu, divardan aralandığı, rənginin dəyişdiyi, eyni zamanda tavan hissəsində də su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, otaqların tavanına vurulmuş boyanın rənginin dəyişdiyi, susızmaya xarakterik izlərin olduğu müşahidə olunmuşdur. İş materiallarında göstərilən atmosfer tullantılarının (yağış suları, qar və s.) axması və onların ötürülməsini təmin edən boruların binanın çardaq hissəsində yəni, tədqiqat obyekti olan mənzilin üst hissəsində yerləşməsi nəzərə alınarsa, həmin boruların tutulması, yararsız hala düşməsi nəticəsində mənzilə su sızması halı baş verə bilər. Qərardadın 2-ci sualı üzrə: Su sızma halının tarixinin müəyyən edilməsi ilə bağlı hər hansı metodika olmadığı üçün qərardadın bu sualı üzrə tədqiqat aparılmır. Qərardadın 4-cü sualı üzrə qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. - "xxxx" MMC-nin CC/0xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən aparılmış araşdırmalar, materialların vizual təhlili, bazar qiymətlərinin müqayisəsi və müvafiq metodoloji yanaşmaların tətbiqi nəticəsində müəyyən edilmişdir ki, mənzilə dəymiş zərərin təmir xərclərinin məbləği ümumilikdə 739 (yeddi yüz otuz doqquz manat) təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 300 manat (üç yüz manat) məbləğində xidmət haqqı, iş üzrə İddiaçı tərəfindən "xxxx" MMCnin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, İddiaçı "xxxx" ASC ilə bağladığı əmlak sığortası müqaviləsi əsasında sığorta hadisəsi baş verdikdən sonra (mənzilinin tavan və divarlarının su basması nəticəsində zərər dəyməsi) cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina edilmişdir. Hal-hazırda iddiaçı dəymiş zərərin 739 manat hesab edilməsi; dəbbə pulunun 33 manat 20 qəpik müəyyən edilməsi (cavabdehin sığorta ödənişinin ödənilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli 2206 nömrəli məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilib, həmin tarixdən iddia ərizəsini təqdim etdiyi xx.xx.2025-ci il tarixinədək 45 təqvim günü keçib. “İcbari sığortalar haqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmmində dəbbə pulu ödəməlidir); iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutulması; "xxxx" MMC-nin hesabına ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə 1102,60 manat cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini qismən 600 (altı yüz) manat hissədə qəbul edir. İş üzrə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, 2023-cü ilin payız aylarından başlayaraq binanın dam örtüyündə və yağış sularını ötürən borularda yaranmış nasazlıq nəticəsində yağış suları damda toplanmış və nəticədə 2024-cü ilin mart ayında iddiaçının mənzilinin tavan və divar hissələrinə su sızaraq maddi zərər vurmuşdur. Bu hal üzrə iddiaçı tərəfindən "xxxx" ASC-yə vaxtında müraciət edilmiş, sığorta hadisəsi üzrə yerində baxış keçirilmiş, lakin cavabdeh hadisənin səbəblərini müəyyən etmək məqsədilə aidiyyəti qurumlardan lazımi ətraflı məlumatları əldə etməmiş və yalnız hadisənin baş verdiyi bir günlə məhdud sorğu göndərmişdir. Halbu ki sığrta şəhadətnaməsindən görünür ki, mənzil 2021-ci ilin iyul ayından yanğın və əlavə digər risklərdən sığortalanmışdır. Cavabdeh "xxxx" ASC-nin hadisəni sığorta hadisəsi kimi tanımaması və ödənişdən imtinası, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində nəzərdə tutulmuş “sığorta ödənişinin əsaslı gecikdirilməsinə və ya əsassız imtinaya yol verilməməsi” prinsiplərinə zidd olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hadisənin səbəbləri və xarakteri barədə tam və obyektiv araşdırma aparılmamış, sorğular birtərəfli və məhdud şəkildə göndərilmiş, bu isə sığortaçının ödənişdən yayınmaq məqsədi güddüyünü göstərir. Bundan başqa, cavabdeh tərəfindən sığorta hadisəsinin baş vermədiyini təsdiq edən hər hansı müstəqil ekspert rəyi və ya səlahiyyətli orqanın arayışı təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər, yazışmalar və digər sübutlar mənzilə su keçməsi və zərərin məhz sığorta hadisəsi nəticəsində baş verdiyini təsdiq edir. Ən əsası keçirilmiş tikinti-texniki ekspert rəyindən də müəyyən olunur ki, baş vermis su sızmanın səbəbinin atmosfer tullantılarının (yağış suları, qar və s.) axması və onların ötürülməsini təmin edən boruların binanın çardaq hissəsində yəni, tədqiqat obyekti olan mənzilin üst hissəsində yerləşməsi nəzərə alınarsa, həmin boruların tutulması, yararsız hala düşməsi nəticəsində olması istisna edilmir. Su sızma halının tarixini müəyyən etmək mümkün olmasa, məhkəmə qeyd edir ki, uzunmüddətli yağış və qar suları nəticəsində boruların tutulması, yararsız hala düşməsi ağlabatandır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 914-cü maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Həmin Məcəllənin 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında imtina edə bilər. Göründüyü kimi sığortaçı yalnız o halda sığorta ödənişindən imtina edə bilər ki, hadisə sığorta hadisəsi hesab edilməsin və ya sığorta müqaviləsinin şərtlərinə əsasən ödənişin verilməsi üçün hüquqi əsas olmasın. Lakin iş üzrə sübutlar göstərir ki, hadisə sığorta hadisəsi xarakteri daşıyır və zərər sığorta olunan əmlaka dəyib. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməməsi və müraciətlərin uzun müddət cavabsız saxlanılması “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə uyğun olaraq sığorta ödənişinin vaxtında verilməməsi halıdır və bu səbəbdən iddiaçıya həm sığorta ödənişi, həm də gecikməyə görə dəbbə pulu ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 739 (yeddi yüz otuz doqquz) manat sığorta ödənişi, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 45 təqvim gününə görə ödənilməli sığorta ödənişi məbləğinin 0,1 faizi həddində 33,20 (otuz üç manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 772,20 (yeddi yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri – iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində xidmət haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 739 (yeddi yüz otuz doqquz) manat sığorta ödənişi, xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 45 təqvim gününə görə ödənilməli sığorta ödənişi məbləğinin 0,1 faizi həddində 33,20 (otuz üç manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 772,20 (yeddi yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri – iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində xidmət haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar