Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-439/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdehə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı MMC(bundan sonra – “iddiaçı”xxxx“xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 245.533,63 manat sığorta ödənişinin, sığorta ödənişinin 60 gün müddətinə gecikdirilməsinə görə hər gün üçün 0,1 faiz olmaqla hesablanmış 14.732,02 manat dəbbə pulunun, 580 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş xidmət haqqının əvəzi qismində 5.540 manatın, cəmi 266.385,65 manatın cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli qərardadı ilə “xxxx” ASCnin əsl cavabdeh qismində cavabdeh ilə əvəz olunması qərara alınmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur (hakim – G.Namazova).
4. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin edilməsi, cavabdehdən sığorta ödənişinin əvəzi qismində 204.509,34 manat, hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı qismində 1.000 manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 687 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (sədrlik edən - Z.Şirinov, hakimlər - T.Mahmudova və L.Əliyeva).
6. Həmin qətnamə 2026-cı il # ##### tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.
7. Cavabdeh 2026-cı il # #### tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən - Z.Şirinov, hakimlər - T.Mahmudova və L.Əliyeva).
9. Kollegiya qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2026-cı il # ##### tarixində cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdehin kassasiya şikayəti isə 2026-cı il # #### tarixində məhkəməyə daxil olmuşdur.
10. Göründüyü kimi kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehə münasibətdə 2026-cı il # #### tarixində bitdiyi halda, kassasiya şikayəti 2026-cı il # #### tarixində verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 135.5, 135.6, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi üzrə - Kassasiya şikayətinə əlavə olunan və cavabdehin “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetindən əldə edilmiş məlumatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə bildiriş cavabdehin elektron kabinetində yalnız 2026-cı il ## ##### tarixində, saat 19:50-də əks olunmuş, həmin bildiriş 2026-cı il ## ##### tarixində, saat 16:39-da oxunmuşdur. Bu hal məhkəmənin istinad etdiyi tarix ilə proses iştirakçısının elektron kabinetində əks olunan tarix arasında açıq uyğunsuzluğun mövcud olduğunu göstərir.
14. Bundan əlavə, hamıya məlum olan və praktiki fəaliyyətdə də müşahidə edilən hal ondan ibarətdir ki, 2026-cı ilin mart ayının sonu və aprel ayının əvvəllərində “Elektron məhkəmə” informasiya sistemində aparılmış yenilənmələr səbəbindən bildirişlərin göndərilməsi və məhkəmə sənədlərinin elektron kabinetlərdə əks olunması prosesində müxtəlif texniki ləngimələr və nasazlıqlar mövcud olmuşdur. Məhkəmə isə həmin halları nəzərə almadan və elektron kabinetdə faktiki əks olunan tarixlərin səbəblərini müəyyən etmədən kassasiya şikayətini geri qaytarmışdır. Hesab edirik ki, təqdim edilmiş sübutlar kassasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyini, müddətin hesablanmasının başlanğıc tarixi ilə bağlı əsaslı şübhələrin mövcud olduğunu təsdiq edir. Belə olan halda, elektron sistemdə yaranmış texniki uyğunsuzluqların və ya gecikmələrin mənfi nəticələri proses iştirakçısının üzərinə qoyula bilməz.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsaslı hesab edir və onların mübahisələndirilən qərardadın ləğvi üçün əsas yaratdığı qənaətinə gəlir.
18. Belə ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışa əsaslanmış və həmin çıxarışda Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsinin 2026-cı il # ##### tarixində cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirildiyini nəzərə alaraq kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir.
19. Lakin cavabdeh hazırkı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2026cı il # #### tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə bildirişin onun elektron kabinetində yalnız 2026-cı il ## ##### tarixində, saat 19:50-də əks olunduğunu, həmin bildirişin isə 2026-cı il ## ##### tarixində, saat 16:39-da oxunduğunu göstərmişdir. Bu halı təsdiq edən Elektron Məhkəmə Informasiya Sistemindəki şəxsi kabinet üzrə bildirişin detallarını əks etdirən məlumat kassasiya şikayətinə əlavə edilmişdir.
20. Məhkəmə kollegiyası nəzərə alır ki, oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsində aparılmış araşdırmalar zamanı “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyaya keçidi ilə əlaqədar müəyyən texniki problemlərin mövcud olduğu müəyyən edilmişdir. Həmin araşdırmalar çərçivəsində əldə olunmuş aidiyyəti qurumun məlumatlarında sistemdə yaranmış texniki problemlər səbəbindən məhkəmə sənədlərinin proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilməsi barədə bildirişlərin faktiki göndərilməsi və əks olunması ilə bağlı gecikmələrin baş verdiyi, o cümlədən müvafiq dövr üzrə bildirişlərin 2026-cı il ## ##### tarixində tərəflərin elektron kabinetlərdə əks olunduğu müəyyən edilmişdir.
21. Hazırkı iş üzrə cavabdehin şəxsi elektron kabinetindən əldə edilmiş və kassasiya şikayətinə əlavə olunmuş məlumatlarda da qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə bildirişin 2026-cı il ## ##### tarixində, saat 19:50-də əks olunduğu göstərilir. Bu hal, apellyasiya məhkəməsinin qərardadında əsas götürülmüş 2026-cı il # ##### tarixi ilə cavabdehin şəxsi elektron kabinetində faktiki əks olunan məlumat arasında uyğunsuzluğun mövcud olduğunu göstərir.
22. Belə olan halda tərəflərin iradəsindən asılı olmayan, elektron informasiya sisteminin fəaliyyətində yaranmış texniki problemlər nəticəsində baş vermiş gecikmələr səbəbindən tərəflərin hüquqlarının məhdudlaşdırılması yol verilə bilən hal deyil.
23. Cavabdeh tərəfindən 2026-cı il # #### tarixində verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət daxilində verildiyi müəyyən olunur..
24. Beləliklə, kassasiya şikayətinin geri qaytarılması üçün qeyd edilmiş əsaslar təsdiq edilmədiyindən, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kassasiya instansiyası məhkəməsinin icraatında saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417, 418.3 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları hazırkı məhkəmənin icraatında saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.