Məhkəmə qərarları › İş №e-2(3-10)-732/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-732/2026

22.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-732/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsində göstərilmişdir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbinə dair ərizə vermişdir. Hadisədən 3 il keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. Göstərilənlərə əsasən xahiş etmişdir ki, iş üzrə iddia müddətini tətbiq edilsin.

2. İş materiallarında olan ##.##.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “QAZ-2411 markalı”, **BA*** dövlət nömrə nişanlı avtomobil ##.##.2022-ci ildə ##.##.2023-cü ilədək İddiaçı ASC-də sığortalanmışdır.

3. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **** nömrəli qiymətləndlirmə aktından görünür ki, hadisə nəticəsində “BMW” markalı ** BL ***” dövlət nömrə nişanlı avtomobilə 2510 manat dəyərində ziyan dəymişdir.

4. İş materiallarında olan ##.##.2022-ci il tarixli PXA****** nömrəli sığorta Aktından görünür ki, “Qaz-2411”, markalı, **BA*** dövlət nömrə nişanlı avtomobil ilə “BMW” markalı 30BL-510” dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “BMW” markalı 30BL- 510” dövlət nömrə nişanlı avtomobilə dəymiş 2510 manat dəyərində ziyan ödənilmişdir.

5. İş materiallarında olan ##.##.2022-ci il tarixli İXP-1826584 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh1 ##.##.2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir.

6. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qərarının surətindən görünür ki, cavabdeh1 Azərbaycan Respublikası İXMnin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək məhkəmə iclaslarını onların iştirakları olmadan keçirərək, cavabdeh cavabdeh2 və cavabdeh1 müştərək qaydada 2510,00 (iki min beş yüz on) manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 45,00 (qırx beş) manat dövlət rüsumunun və 0,45 (qırx beş) qəpik xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il, saat 16:32 radələrində İmişli rayonu Q.Qarayev küçəsi ilə P.Həsənov küçələrinin kəsişməsində cavabdeh2 məxsus, cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “QAZ 2411” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 530” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. İmişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarına əsasən, cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş zərər aktında göstərilmişdir ki, “BMW 530” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2510,00 (iki min beş yüz on) manat təşkil edir. Bununla əlaqədar olaraq, İddiaçı ASC tərəfindən iş üzrə PXA******/** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2510,00 (iki min beş yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

9. Cavabdeh cavabdeh2 iddiaya qarşı etiraz göndərmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbinə dair ərizə vermişdir. O, iddiaçının tələbi ilə razı deyil və tələbə qarşı aşağıdakı etiraz və mülahizələrini bildirir. İddia ərizəsində göstərilir ki, ##.##.2022-ci il tarixdə İmişli şəhərində cavabdeh2 məxsus cavabdeh1 idarə etdiyi QAZ2411 markalı **BA*** nömrə nişanlı avtomobil BMV markalı **-BL-*** nömrəli avtomobillə toqquşmuş, nəticədə sığortaçıya maddi zərər dəymişdir. İmişli Rayon Məhkəməsinin qərarına əsasən cavabdeh1 inzibati məsuliyyətə cəlb edilmişdir. Zərər aktında göstərilmişdir ki, vurulmuş maddi zərər 1510 manat müəyyən edilmiş və sığorta təşkilatı tərəfindən ödənilmişdir. Həmin qəzada onun heç bir günahı yoxdur. O, avtomobili etibarnamə ilə başqa şəxsə vermişdir. Çorovu tanımır. Görünür, onun etibarnamə verdiyi şəxs avtomobili ona vermişdir. Digər tərəfdən, hadisədən 3 il keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Xahiş etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən həmin iş üzrə iddia müddəti tətbiq edib, iddiadan imtina barədə qərar çıxarılsın.

10. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.

11. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) ## ### 2026-cı il tarixli, e- *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 2510 (iki min beş yüz on) manat sığorta ödənişi məbləği, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu xərci və 0,45 manat xidmət haqqı alınıb iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.6, 936.2, 936.3, 936.4, 936.5, 1096.1, 1096.2, 1108.1, 1108.2-ci, “İcbari sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 13.1, 23.1.6, 25.1, 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədən narazıdır və qətnamənin ona aid hissəsini tam həcmdə mübahisələndirir. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən yalnız iddiaçının qərəzli mövqeyini əsas götürmüş, mübahisənin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Bildirir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilir ki, ##.##.2022-ci il tarixdə İmişli şəhərində cavabdeh2 məxsus, cavabdeh1 tərəfindən idarə edilən QAZ-2411 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil BMW markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortaçıya maddi zərər dəymişdir. İmişli Rayon Məhkəməsinin qərarına əsasən, cavabdeh1 inzibati məsuliyyətə cəlb edilmişdir. Zərər aktında vurulmuş maddi zərərin 1510 manat məbləğində olduğu müəyyən edilmiş və həmin məbləğ sığorta təşkilatı tərəfindən ödənilmişdir. Lakin həmin yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur. Belə ki, o, avtomobili etibarnamə əsasında başqa şəxsə vermişdir. cavabdeh1 tanımır və həmin şəxsin avtomobili idarə etməsi barədə məlumatı olmamışdır. Görünür, avtomobili etibarnamə əsasında verdiyi şəxs sonradan həmin avtomobili cavabdeh1 vermişdir. Digər tərəfdən, mübahisəli hadisədən artıq üç ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçi tərəfindən iddia müddəti üzürsüz səbəbdən ötürüldüyünə görə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Lakin məhkəmə nəzərə almamışdır. Ona görə də, ona qarşı iddia tələbi əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür.

24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir.

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

31. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

32. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

34. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

35. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

36. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

37. Maddə 23.1.6. Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.

38. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; - 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

39. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

54. Müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 ## ###### 2022-ci ildə idarə edib yol nəqliyyat hadisəsi törətdiyi “QAZ-2411” markalı, **BA*** dövlət nömrə nişanlı avtomobil cavabdeh cavabdeh2 mülkiyyətində olmuşdur. cavabdeh1 etibarnamə olmadan həmin avtomaşının idarə etmişdir. “QAZ-2411” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək İddiaçı ASC-də icbari sığorta növündə sığortalandığından İddiaçı ASC zərərçəkmiş şəxs X2 2510 manat sığorta ödənişi etmişdir. cavabdeh1 “QAZ-2411” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb edir.

55. Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərər çəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir.

56. İddiaçı cavabdehlərə qarşı birinci instansiya məhkəməsində subroqasiya qaydasında hazırkı iddianı qaldırmış, məhkəmə iddianı əsaslı sayaraq təmin etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı İddiaçı ASC 2510 manat məbləği cavabdehlərdən subroqasiya hüququ ilə tələb edir. Subroqasiya hüququ isə müqavilə tələbi deyil, mülki hüquq pozuntularından irəli gələn tələbdir. Belə ki, Mülki Məcəllənin 936.1ci maddəsində aydın surətdə izah olunmuşdur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçının tələbi müqavilə öhdəliklərindən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan, deliktdən irəli gəlmişdir. Yəni cavabdeh icbarı sığorta müqaviləsinin tərəfi deyildir. İddiaçı cavabdehin vurduğu zərəri ödədiyindən reqres hüququndan istifadə edir. Belə olan halda, ümumi iddia müddəti tətbiq edilməlidir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən də ümumi iddia müddəti on il təşkil edir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki; - “Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. (...). Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

60. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarının 4.79-cu bəndində göstərilmişdir ki, hüquq pozuntusunu törətmiş şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs olmadıqda, bu zərərin vurulmasına görə onunla yanaşı, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxslər də məsuliyyət daşıyırlar (təqsirsiz məsuliyyət).

61. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir, cavabdeh cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır və təmin oluna bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

64. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

66. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

67. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

68. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 50-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar