Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1247/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 19035,15 (on doqquz min otuz beş manat on beş qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 147,50 (bir yüz qırx yeddi manat, əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 19182,65 (on doqquz min yüz səksən iki manat, altmış beş qəpik) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ##.##.2023-cü il tarixində saat 20:30 radələrində Bakı-Quba-Dağıstan yolunun 152-ci km-i ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “xxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Honda Accord” markalı, **EA*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı II Tağım YPX tərəfindən tərtib olunmuş ##.##.2023- cü il tarixli, İXP ******* saylı protokol ilə “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Həsənşah oğlu AR İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin daha sonra Quba Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq haqqında bəhs edilən qərarda da Cavabdeh “Lexus LX570” markalı, **AA*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmış vəziyyətdə olan “Honda Accord” markalı, **EA*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyi qeyd edilmişdir. Quba Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə baxmayaraq, hər bir halda Cavabdeh dayanmış vəziyyətdə olan avtomobilə zərər vurduğundan zərərvuran şəxs qismində çıxış edir. Yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Honda Accord” markalı, **EA*** dövlət qeydiyyat nişanlı avtomobilə 36182,96 (otuz altı min yüz səksən iki manat, doxsan altı qəpik) manat maddi zərər dəymişdir. MIB****** saylı sığorta şəhadətnaməsinə və AKS****** saylı ##.##.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Lexus LX570” markalı, **AA*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası “xxxx” ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəfimizdən “xxxx” ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4364,85 (dörd min üç yüz altmış dörd manat səksən beş qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 19035,15 (on doqquz min otuz beş manat, on beş qəpik) manat təşkil etmişdir. Buna görə də “Lexus LX570” markalı, **AA*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 19035,15 manat yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği və ödənilmiş dövlət rüsumu kimi 147,50 manat tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi, cavabdeh Cavabdeh 128 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 300 manat mütəxəssis xərci tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması (onun hərəkətlərində «Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması) qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, cavabdeh Cavabdeh təqsiri müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunmuş, nəticədə digər avtomobilə zərər dəymişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi müəyyən hissədə «xxxx» ASC tərəfindən ödənildiyindən, hadisədə cavabdehin təqsiri müəyyən edildiyindən, iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, cavabdeh Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır.
4. Həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə baş vermiş yol hadisəsində 3 nəqliyyat vasitəsi iştirak edib. Üçüncü naməlum və hadisə yerindən yayınan VAZ 2107 markalı dövlət qeydiyyat nişanı məlum olmyan nəqliyyat vasitəsi Cavabdeh idarə etdiyi “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yanından toqquşaraq avtomobilin istiqamətini dəyişmiş və Cavabdeh idarəetməni itirərək nəticədə məlum hadisə baş vermişdir. Həmin VAZ 2107 markalı dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil hadisə yerindən yayındığına görə onu məhsuliyyətə cəlb ediməsi mümkün olmayıb. Həmin yolda hərəkətə nəzarət edən kameralar olmağından VAZ 2107 markalı avtomobilin sürücüsün müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq Cavabdeh həm Baş Dövlət Yol Polis İdarəsinə və 102 qaynar xəttinə müraciət edərək baş vermiş hadisədə təqsiri olmadığını və təqsirkar VAZ 2107 markalı avtomobil olduğunu bildirmiş və xahiş etmişdir ki, həmin sürücü müəyyən edilsin və məhsuliyyətə cəlb edilsin. Lakin bu günə kimi həmin sürücü müəyyən edilməmişdir. Bundan sonra Cavabdeh onun barəsində İXM-nin 333.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)**/**** saylı qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzbati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Qeyd olunan qərar ona dəlalət edir ki, Cavabdeh heç kimə maddi ziyan vurmayıb və onun heç bir təqsiri yoxdur. Belə olan halda, iddia təmin edilə bilməz. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
7. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ##.##.2023-cü il tarixdə, saat 20:30-da Bakı-Quba-Dağıstan yolu 152 KM-də toqquşma yol hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi “xxxx” MMC-dir, nəqliyyat vasitəsi “Lexus LX570” markalı, **AA*** dövlət qeydiyyat nişanlı avtomobildir.
9. “xxxx” MMC şirkəti tərəfindən verilmiş etibarnamədən görünür ki, “Lexus LX570” markalı, **AA*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 5 il müddətində Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənar idarə etməyi etibar etmişdir. Etibarnamənin müddəti ##.##.2019- ##.##.2024-cü il tarixidir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin YPXnın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ##.##.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, Cavabdeh ## ###### 2023- cü il tarixdə saat 22:38 radələrində idarə etdiyi “Lexus LX 570” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Quba yolunun 152 km də Quba istiqamətindən Bakı istiqamətinə gedərkən yolun kənarında dayanan KİA markalı ** VN *** nömrəli və eyni yerdə sol kənarda dayanmış Honda markalı ** EA *** nömrəli maşına dəymişdir. 11.Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin YPXAnın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ##.##.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs kimi ##.##.2023-cü il tarixdə, saat 22:38-də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, zərərçəkmiş şəxsə vurulması göstərilən maddi zərər onun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində baş verməmişdir. Deməli, onun əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin obyektiv cəhəti mövcud deyildir. Bu da onun əməlində ümumiyyətlə Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsinin tərkibinin olmamasını göstərir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. 12.MİP220075 saylı sığorta şəhadətnaməsindən görünür ki, “Honda Accord” markalı, **EA*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Sığorta dəyəri 37400 manatdır.
13. AKS****** №-li sığorta ödənişi aktından görünür ki, “Honda Accord” markalı, **EA*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan xərc 36182,96 manatdır. Sığorta ödənişinin məbləği 23400 manatdır.
14. ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən Əsgərzadə Emin Əsgər oğluna AKS****** saylı akta əsasən 23400 manat ödəniş edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli sorğusuna əsasən, Quba Rayon Məhkəməsinin *(***)-**/**** saylı inzibati xətalar haqqında işin surəti hazırki iş materiallarına əlavə olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir.
17. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan bütün sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur 19 . “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1ci maddəsi subroqasiya institutunun mahiyyətini müəyyən edir.Subroqasiya nəticəsində sığortaçı zərərvuran şəxsə qarşı sığortalının malik olduğu tələb hüququna keçir. Buna görə də sığortaçının tələb hüququnun mövcudluğu üçün yalnız sığorta ödənişinin həyata keçirilməsi deyil, sığortalının həmin zərərə görə konkret şəxsdən tələb etmək hüququnun mövcudluğu da müəyyən edilməlidir.Başqa sözlə, sığortaçı sığortalının malik olmadığı və ya sübuta yetirilməmiş tələb hüququnu subroqasiya qaydasında əldə edə bilməz. Bu səbəbdən hazırkı iş üzrə həll edilməli əsas məsələ “xxxx” ASC tərəfindən sığorta ödənişinin həyata keçirilib-keçirilməməsi ilə yanaşı, cavabdeh Cavabdeh Əhlıman oğlunun həmin zərərə görə mülki-hüquqi məsuliyyət daşıyıb-daşımamasıdır.
21. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yol-nəqliyyat hadisəsinin mexanizminin, sürücülərin hərəkətlərinin və hadisənin qarşısının alınması üçün texniki imkanın olub-olmamasının müəyyən edilməsi məqsədilə avtotexniki ekspertiza təyin etmişdir. İş üzrə avtotexniki ekspertiza təyin edilmişdir. Ekspertiza nəticəsində sürücünün yol hərəkəti şəraitini nəzərə almalı olduğu, təhlükəsiz hərəkəti təmin etməli olduğu və konkret yol-nəqliyyat şəraitində hadisənin qarşısını almaq üçün texniki imkanının olduğu barədə nəticəyə gəlinmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin təkrar ekspertiza təyin etməsi özü-özlüyündə qanunvericiliyin tələblərinə uyğundur. Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə əsasən xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması üçün ekspertiza təyin edilə bilər. Bununla belə, ekspert rəyinin mövcudluğu məhkəməni həmin rəyin nəticələrini hüquqi qiymətləndirmədən qəbul etmək vəzifəsi ilə yükləmir. Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarına əsasən ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməli, onun məzmunu işin digər halları ilə müqayisə edilməlidir. Ekspert xüsusi bilik tələb edən texniki məsələni həll edir. Cavabdehin mülki-hüquqi məsuliyyət daşıyıb-daşımaması isə hüquqi məsələdir və yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza cavabdehin hadisənin qarşısını almaq üçün texniki imkanının olması barədə nəticəsi iş üzrə əhəmiyyətli sübutdur.Lakin həmin nəticədən birbaşa olaraq belə hüquqi nəticə çıxarmaq olmaz ki, cavabdehin mülki məsuliyyəti tam sübuta yetirilmişdir.Ekspertin “hadisənin qarşısını almaq üçün texniki imkanın olması” barədə nəticəsi sürücünün davranışının texniki baxımdan qiymətləndirilməsidir. Məhkəmə isə həmin texniki halı: -yol-nəqliyyat hadisəsinin konkret mexanizmi; -digər avtomobilin hərəkəti; -yol şəraiti; -sürət; -məsafə; -sürücülərin hərəkətlərinin qarşılıqlı təsiri; -zərərin yaranma mexanizmi; -inzibati iş üzrə qəbul edilmiş qərar ilə birlikdə qiymətləndirməlidir. Hazırkı iş üzrə ekspertiza rəyinin olması cavabdehin mülki məsuliyyətinin bütün elementlərinin avtomatik təsdiqi kimi qiymətləndirilə bilməz.
24. İş materiallarından müəyyən olunur ki, hadisə ilə əlaqədar cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. Lakin Quba Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi mülki məsuliyyəti avtomatik olaraq istisna etmir. Çünki inzibati və mülki hüquqi məsuliyyətin hüquqi əsasları fərqlidir. Lakin həmin məhkəmə qərarı iş üzrə mühüm sübut olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi yalnız ekspertiza rəyinə əsaslanmaqla kifayətlənməməli, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın məzmununu və həmin qərarın əsasını da nəzərə almalı idi.
25. Mülki məsuliyyətin sübuta yetirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin mahiyyətinə görə, zərərin ödənilməsi öhdəliyinin yaranması üçün zərərvuran şəxsin mülki-hüquqi məsuliyyətinin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə isə cavabdehin yol-nəqliyyat hadisəsində iştirak etməsi mübahisələndirilmir. Lakin hadisədə iştirak etmək ilə həmin hadisə nəticəsində yaranmış zərərə görə mülki məsuliyyət daşımaq eyni hüquqi anlayış deyildir. İddiaçı cavabdehin məhz hüquqa zidd hərəkətinin nəticəsində “Honda Accord” markalı avtomobilə tələb edilən həcmdə zərər vurulduğunu sübut etməlidir. Ekspertiza rəyində cavabdehin hadisənin qarşısını almaq üçün texniki imkanının olması göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu nəticə iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə cavabdehin tələb edilən məbləğdə mülki məsuliyyətinin yaranmasını kifayət qədər əsaslandırmır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 23.400 manat sığorta ödənişinin həyata keçirilməsi iş materialları ilə təsdiq olunur. Bununla belə, subroqasiya tələbinin məbləği yalnız sığortaçının faktiki ödənişindən deyil, həmçinin sığortalının zərərvuran şəxsə qarşı mövcud olan hüququnun həcmindən asılıdır. İş üzrə avtomobilə dəymiş zərərin məbləğinin sonradan 27.094 manat müəyyən edilməsi də öz-özlüyündə cavabdehin həmin məbləği və ya onun bir hissəsini ödəməli olduğunu təsdiq etmir. Zərərin məbləğinin müəyyən edilməsi ilə həmin zərərə görə məsul şəxsin müəyyən edilməsi müxtəlif hüquqi məsələlərdir. Buna görə də əvvəlcə cavabdehin məsuliyyəti müəyyən edilməli, daha sonra həmin məsuliyyət çərçivəsində zərərin və subroqasiya tələbinin həcmi müəyyənləşdirilməlidir.
27. Beynəlxalq hüquqi standartlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi mülki hüquq və vəzifələrin müəyyən edilməsi zamanı hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Bu təminat məhkəmənin iş üzrə mühüm sübutları və tərəflərin əsas arqumentlərini obyektiv qiymətləndirməsini, habelə qəbul etdiyi nəticəni kifayət qədər əsaslandırmasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, milli məhkəmələr sübutların qiymətləndirilməsi məsələsində geniş səlahiyyətə malik olsalar da, onların gəldiyi nəticələr özbaşına və ya açıq-aşkar əsassız olmamalıdır. Məhkəmə işin nəticəsinə təsir edə biləcək əsas arqumentlərə cavab verməlidir. Hazırkı iş üzrə apellyasiya məhkəməsi həm avtotexniki ekspertiza rəyini, həm inzibati xəta haqqında iş üzrə xitam qərarını, həm də subroqasiya tələbinin hüquqi əsaslarını birlikdə qiymətləndirir. Bu yanaşma AİHK-nın 6-cı maddəsinin tələb etdiyi ədalətli məhkəmə araşdırması və əsaslandırılmış məhkəmə qərarı standartına uyğundur. Eyni zamanda Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1ci bəndi mülki hüquq və vəzifələrin müəyyən edilməsində müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Bu beynəlxalq standartlar baxımından tərəflərin təqdim etdiyi sübutların heç biri əvvəlcədən və avtomatik olaraq həlledici sübut hesab edilə bilməz; onların işin bütün halları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməsi tələb olunur.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə avtotexniki ekspertiza təyin etməklə zəruri araşdırma aparmış olsa da, həmin ekspert rəyinin nəticələrinə hüquqi qiymət verərkən subroqasiya tələbinin əsasını təşkil edən mülki məsuliyyətin bütün şərtlərini kifayət qədər müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi: - ekspert rəyində müəyyən edilmiş texniki halları; - inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərarını; -cavabdehin konkret hərəkəti ilə yaranmış zərər arasındakı səbəbli əlaqəni; -subroqasiya hüququnun yalnız sığortalının mövcud tələb hüququ çərçivəsində həyata keçirilə bilməsini tam və qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Nəticədə cavabdehin mülki məsuliyyətinin yaranması üçün zəruri hüquqi əsaslar kifayət qədər müəyyən edilmədən iddia təmin edilmişdir.Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.
29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin YPX-nın əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ##.##.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla belə, Quba Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- **/**** saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə başlanmış inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. İddiaçı cavabdehin zərərin ödənilməsi üçün təqsirli olmasını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Sübutetmə yükünü daşımayan cavabdehin öz əleyhinə olan halları təkzib etmək vəzifəsi yoxdur. Məhkəmə yalnız qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və etibarlı sübutlar əsasında nəticəyə gələ bilər. Ehtimallara, fərziyyələrə və ya əvvəlki məhkəmə aktlarının yanlış şərhinə əsaslanaraq mülki məsuliyyət müəyyən edilə bilməz.
31. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qiymətləndirərək belə nəticəyə gəlir: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı yalnız qanunda nəzərdə tutulmuş hallarda zərərçəkənə ödənilmiş sığorta ödənişinin subroqasiya (regres) qaydasında sığortalıdan və ya məsul şəxsdən tələb edilməsini həyata keçirə bilər. Həmin Qanunun 63.2-ci maddəsində isə imperativ qaydada müəyyən edilmişdir ki, subroqasiya hüququnun bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tətbiq edilmir. Qanunverici bununla həmin sığorta növü üzrə subroqasiya hüququnun tətbiq dairəsini məhdudlaşdırmış, bu hüququn yalnız qanunda birbaşa göstərilmiş əsaslar mövcud olduqda yarana biləcəyini müəyyən etmişdir. Belə olan halda, subroqasiya hüququnun yaranmasına səbəb olan hallar geniş deyil, məhdud və dar təfsir edilməli, həmin halların mövcudluğu isə iddiaçı tərəfindən mötəbər və kifayət edən sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetməyə dair müddəalarına əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Buna görə də, iddiaçı sığortaçı cavabdehin qanunda nəzərdə tutulmuş subroqasiya hüququnu yaradan hərəkəti törətdiyini və bunun nəticəsində onda regres hüququnun yarandığını sübut etməlidir. 32.Hazırkı iş üzrə iddiaçı subroqasiya hüququnun cavabdehin yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri nəticəsində yarandığını bildirsə də, iş materiallarında həmin halın qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edildiyini göstərən mötəbər sübutlar mövcud deyildir. Xüsusilə, cavabdehin bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qərarı, inzibati tənbeh haqqında qərar və ya həmin halı birmənalı təsdiq edən digər sübutlarla müəyyən edilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına əsas verən hüquqi faktlar lazımi qaydada sübuta yetirilmədiyindən, irəli sürülmüş iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianı əsassız olaraq təmin etmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iş üzrə nəticəyə gələ bilər. Hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli, məhkəmənin gəldiyi nəticə isə yalnız iş üzrə müəyyən edilmiş hallardan irəli gəlməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslandırılmış olmalı, qətnamədə müəyyən edilmiş hallar, həmin halları təsdiq edən sübutlar, eləcə də bir sübutun qəbul, digərinin isə rədd edilməsinin səbəbləri göstərilməlidir. 34.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. 35.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov