Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1563/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər Maraqlı şəxs2 cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 150 manat olan dörd düzüm mirvari boyunbağının və ümumi dəyəri 21019 manat olan 583-585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 823,46 qram olan 26 ədəd qolbaq, 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 ədəd üzük, 21 ədəd qolbaq, 5 ədəd kulonla birlikdə boyunbağı, 11 ədəd kulon, 4 ədəd mirvari boyunbağının sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 ərizəni müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, hazırkı mülki işdə onlar maraqlı şəxs olmalı deyillər. Maraqlı şəxs həmin işlə əlaqədar hər hansı bir subyektiv hüququ olan şəxsdir. Dövlət Vergi Xidmətinin hazırkı mülki işdə hər hansı bir subyektiv hüququ yoxdur. Nazirlər Kabinetinin 69 saylı qərarına əsasən əşya sahibsiz sayıldıqdan sonra müvafiq komissiya yaradılır və həmin komissiyanın tərkibində DVX də olur. Lakin bu əşyanın sahibsiz hesab edilməsindən sonrakı mərhələdir. Hazırkı mərhələdə vergi xidmətinin bu işlə bağlı hər hansı bir marağı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, xüsusi icraat qaydasında müvafiq mülki iş üzrə hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maraqlı şəxs2 qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” barədə xüsusi icraat qaydasında vermiş olduğu ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Maraqlı şəxs2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsinə ünvanlanmış teleqramlardan görünür ki , o, xx.xx.2011-ci il taixdə Gürcüstandan Azərbaycana keçərkən üzərində olan qızılların ona məxsus olduğunu bildirmişdir. Belə ki, ərizədən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi xahiş olunan 21019 manat məbləğində qızıl zinət əşyaları Maraqlı şəxs2 məxsus olmaqla, onun barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə maddi sübut olmuşdur. Bundan əlavə Maraqlı şəxs2 həmin 21019 manat məbləğində olan qızıl zinət əşyalarından imtina etməsi ilə bağlı iş materiallarında hər hansı sübut növü aşkar edilməmişdir. Əksinə maraqlı Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda olarkən xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə mübahisə predmeti olan qızıl zinət əşyaların ona məxsus olması barədə istintaq orqanına məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikası MPM-nin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya saniblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” xüsusi icraat qaydasında vermiş olduğu ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1563/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1563/2021
21.04.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver