Məhkəmə qərarları › İş №2(004)-1575/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1575/2022

31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1575/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-dan 43,2 manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, faktiki yaşadığı və **********00070 abonent kodu ilə qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanı üçün ona 24.11.2021-ci il tarixli 11084 akt üzrə hesablanmış 43,2 manat (qırx üç manat iyirmi qəpik) borcun silinməsi və həmin borca görə ondan tutulmuş 43,2 manat (qırx üç manat iyirmi qəpik) vəsaitin cavabdeh “Azəriqaz” İB-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı izahatında tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında yerləşən mənzil ona məxsusdur. 08.09.2021-ci il tarixdə o, smart karta köçürdüyü məbləği qaz sayğacına yükləmək istədikdə sayğacın üzərindəki düymələrin işləmədiyini və ekranda “CHECKİNG FİLE SYSTEM” yazısının əks olunduğunu aşkar etmişdir. O, dərhal “Azəriqaz” İB-nın tabeliyində olan “104” qaynar xətt ilə əlaqə saxlamış, ertəsi gün, yəni 09.09.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları gəlib sayğaca baxış keçirib akt tərtib etmişlər. Həmin akta aparılan qeydiyyatla müəyyən edilir ki, sayğaca heç bir müdaxilə olmamış və sağacda aşkar edilən nasazlıq zavod qüsurudur. Bu səbəbdən, elə həmin gün, yəni 09.09.2021-ci il tarixdə onun mənzilinə yeni qaz sayğacı quraşdırmışlar. Bundan bir neçə gün sonra, yəni 13.12.2021-ci il tarixdə istifadəsində olan mobil telefonuna “Azəriqaz” İB-ya 35,7 manat ödənilməmiş borcunun olmasına dair sms bildirişi gəlmişdir. Bununla bağlı o, aidiyyəti üzrə səlahiyyətli qurum olan Yasamal rayon qaz idarəsinə müraciət etmiş və oradan ona 43,2 manat borcunun olmasını bildirilmişlər. Bunu isə onunla izah etmişlər ki, ümumi borc məbləği olan 43,2 manatdan qaz yüklənərkən müəyyən hissəsi həmin balansdan tutulmuş və qalıq qalan borc barədə sms formasında ona bildiriş göndərilmişdir. Bundan sonra o, Baş İdarəyə yaxınlaşmış, ordan isə onu Bakı Regional Qazın Satışı Departamentinə yönləndirmişlər. Departamentdən müraciəti əsasında illik ödəniş hesabına dair çıxarışı və sayğıcın laboratoriya nəticələrinə dair rəyi əldə etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, sayğıcın laboratoriya nəticələrinə dair rəyə əsasən ona 43,2 manat borc məbləği hesablanmışdır. Departamentdə yazılı şəkildə şikayət ünvanlanmış, oradan daxil olan cavabda bildirilmişdir ki, 360 metr3 həcmində qaz itkisi aşkarlandığı üçün ona həmin borc hesablanmışdır. Lakin o, qeyd olunan hesablama ilə razı deyil, belə ki, ona təqdim edilmiş və onun özünün iştirakı ilə cavabdeh “Azəriqaz” İB-nın məsul əməkdaşları tərətindən tərtib edilmiş 09.09.2021-ci il tarixli aktdan da aşkar şəkildə görünür ki, məhz eyni tarixdə mənzildə əvvəl quraşdırılmış sayğacda “CHECKİNG FİLE SYSTEM” yazısının əks olunduğunu üçün yeni sayğacla əvəz edilmişdir. Aktda həmçinin qaz sayğacına müdaxilənin aşkar edilməsinə dair heç bir qeyd aparılmamışdır. Belə ki, həmin əməkdaşları şifahi məlumatı əsasında müəyyən etmişdir ki, mövcud nasazlıq sayğacın tez-tez rast gəlinən zavod qüsuru ilə bağlı olmuşdur. İddiaçı, əlavə olaraq qeyd etmişdir ki, adi qaydada sayğacın balansında ehtiyat istifadə üçün qaz həcminin olmasına baxmayaraq, o, 08.09.2021-ci il tarixdə balansı artıqmaq niyyətində olmuşdur. Sayğacda aşkar edilmiş nasazlıqla bağlı qaynar xəttə darhal müraciətindn sonra isə ertəsi gün sayğac yenisi ilə əvəzləşdirilmiş və balan kart vasitəsilə artırılmışdır. Bu hal isə onu təsdiq edir ki, onun tərəfindən qaz sərfiyyatı ilə bağlı itkinin baş verməsi qeyrimümkündür. Abonentin hesabdan çıxarış vərəqəsindən isə göründüyü kimi, qeyd olunan tarixdən sonra hesabın artılması zamanı balansdan hazıradək 43,2 manat borc məbləği ondan tam şəkildə tutulmuşdur. Odur ki, izahatında göstərilənlərə və təqdim edilmiş sübutlara əsasən İddiaçı, faktiki yaşadığı və **********00070 abonent kodu ilə qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, X5 "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanı üçün ona 24.11.2021-ci il tarixli 11084 akt üzrə hesablanmış 43,2 manat (qırx üç manat iyirmi qəpik) borcun silinməsi və həmin borca görə ondan tutulmuş 43,2 manat (qırx üç manat iyirmi qəpik) vəsaitin cavabdeh “Azəriqaz” İB-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin dəlillərinə etiraz edib məhkəməyə 24.11.2021-ci il tarixli aktı təqdim edərək bildirmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00070 saylı abonent kodu verilmiş ünvana quraşdırılmış G-4 markalı **********0 nömrəli qaz sayğac yenisi ilə əvəz edildikdən sonra qüsurun səbəbinin yoxlanılması məqsədi ilə 09.09.2021-ci il tarixində “Azəriqaz” İB-nin Metrologiya Departamentinə göndərilmişdir. Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və “Azəriqaz” İB-nın Metrologiya Departamentinin mühəndisi tərəfindən təsdiq edilmiş MSK-29/1710-03700-1 nömrəli aktla müəyyən edilmişdir ki, **********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın LCD ekranında LCD ekranında informasiyanın əks olunmaması, klapanın açıq olması və təbii qazın keçməsi qeyd olunmuşdur. Qaz sayğacında informasiya əks olunmasa da klapan açıq olmuş və abonent heç bir ödəniş etmədən təbii qazdan istifadə etmişdir. Bu səbəbdən “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamentinin əməmkdaşları tərəfindən 24.11.2021-ci il tarixli N11084 nömrəli akt tərtib edilərək Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında yaşayan abonent İddiaçı, istifadə edilən qaz cihazlarına nəzərən itirilmiş qazın həcmi 360 m3, borc məbləği isə 43,2 manat hesablanmış və və həmin məbləğ istehlakçının hesabına daxil edilmişdir. Lakin tərtib edilmiş akt abonent tərəfindən imzalanmaqdan imtina edilmişdir. Akta əsasən borc abonent koduna 2021-ci ilin noyabr ayında könüllü ödəməsi üçün yerləşdirilmişdir. İddiaçı hal hazırda həmin borcu tam şəkildə ödəmişdir ki, həmin ödənişlər 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üzrə həyata keçirilmişdir. Lakin göründüyü kimi, iddiaçı borcunu tam şəkildə ödəsə də, əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, cavabdehdən pul tələb edərək əsassız varlanmaq niyyətindədir. Baxmayaraq ki, **********00070 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş debitor borcudur və onun ödəmək abonentin vəzifəsidir. Bu hallar, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Cavabdeh “Azəriqaz” İB-nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 müvafiq 24.11.2021-ci il tarixli N11084 nömrəli aktın İddiaçı rəsmi qaydada təqdim edilməsinə dair və digər müvafiq sübutları məhkəməyə təqdim edəcəyini birldirməsinə baxmayaraq, sonrakı məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə hər hansı digər mötəbər sübut təqdim olunmamışdır. Qeyd edildiyi kimi, cavabdehin nümayəndəsi 31.03.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına hər hansı üzrlü səbəb olmadan gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - İddiaçının təqdim etdiyi, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş və istehlakçı İddiaçı özünün iştirakı ilə imzalanmış 09.09.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında G-4 markalı **********0 nömrəli qaz sayğacı G-4 markalı **********678 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Həmin aktda sayğacın əvəz edilməsi səbəbi kimi ekranda “CHECKİNG FİLE SYSTEM” yazısının oxunması kimi qeyd edilmişdir. Abonent İddiaçı “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona ünvanlanmış 27 dekabr 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, onun Departamentə ünvanlanmış müraciətinə baxılmış və araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında quraşdırılmış G-4 markalı **********0 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün 09.09.2021-ci il tarixində çıxarılmış və G-4 markalı **********678 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB Metrologiya Departamentinin dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının 19.11.2021-ci il tarixli MSK-29/1710-03700-1 nömrəli aktına əsasən, “Sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda “CHECKİNG FİLE SYSTEM” əks olunur və informasiya oxunmur” rəy verilmişdir. Məktubla həmçinin bildirilmişdir ki, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 24.11.2021-ci il tarixli N11084 nömrəli akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 360 m3 həcmində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********00070 olan Bakı şəhəri, Yasamal rayonu, X5-8, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında yaşayan istehlakçı İddiaçı 24.11.2021-ci il tarixli N11084 nömrəli akta əsasən 43,2 manat borc hesablanmışdır. Abonentin hesabdan çıxarışından görünür ki, abonent kodu **********00070 olan Bakı şəhəri, Yasamal rayonu, X5-8, "xxxx" MTK tərəfindən inşa edilən bina 8, mənzil 6 ünvanının sahibi İddiaçı hesablanmış 43,2 manat borc “Azəriqaz” İB tərəfindən onun balansından tutulmuşdur. - Cavabdehin nümayəndəsinin təqdim etdiyi “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” N11084 nömrəli, 24.11.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X5-8, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında yerləşən mənzilə “Azəriqaz” İB-nin 29/1710-03700-1 saylı aktına əsasən **********0 nömrəli sayğacın LCD ekranında “CHECKİNG FİLE SYSTEM” əks olunmuş və informasiya oxunmur” qeydinə görə 360 kub metr qaz itkisi sərfiyyatı, 43,2 manat borc hesablanmışdır. Aktdan həmçinin müəyyən edilir ki, “İstehlakçının nümayəndəsi” qrafasında “İddiaçı, imza - imtina etdi” qeydi aparılmışdır. Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və “Azəriqaz” İB-nın Metrologiya Departamentinin mühəndisi tərəfindən təsdiq edilmiş MSK-29/1710-03700-1 nömrəli aktdan görünür ki, “**********0 nömrəli sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda “CHECKİNG FİLE SYSTEM” əks olunur və informasiya oxunmur” rəy verilmişdir. Lakin aktda təbii qazdan istifadə edilməsi bilavasitə göstərilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X5 8 "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 iddiaçı X1 faktiki sahibliyindədir. 08.09.2021-ci il tarixdə istifadəsində olan smart kartdakı məbləği qaz sayğacına yükləməklə balansı artırmaq istədikdə sayğacın üzərindəki düymələrin işləməməsini və ekranda “CHECKİNG FİLE SYSTEM” yazının əks olunmasını aşkar etmişdir. 09.09.2021-ci il tarixdə cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X5, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında G-4 markalı **********0 nömrəli qaz sayğacı G-4 markalı **********678 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Həmin aktda sayğacın əvəz edilməsi səbəbi kimi ekranda “CHECKİNG FİLE SYSTEM” yazısının oxunması kimi qeyd edilmişdir. Lakin aktda sayğacdakı nasazlığı abonentin təqsiri səbəbindən baş verməsi göstərilməmişdir. Daha sonra çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB Metrologiya Departamentinin dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının 19.11.2021-ci il tarixli MSK-29/1710- 03700-1 nömrəli aktına əsasən, “Sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda “CHECKİNG FİLE SYSTEM” əks olunur və informasiya oxunmur” rəy verilmişdir. Qeyd olunan rəydə də nasazlığı abonentin təqsiri səbəbindən baş verməsi, eləcə hansı həcmdə qaz ehtiyatının sərf edilməsi göstərilməmişdir. Müvafiq rəylə “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” N11084 nömrəli, 24.11.2021-ci il tarixli akt tərtib olunmuş və abonentsə 360 kub metr qaz itkisi sərfiyyatı, 43,2 manat borc hesablanmışdır. Aktda həmçinin “İstehlakçının nümayəndəsi” qrafasında “İddiaçı, imza - imtina etdi” qeydi aparılmışdır. Lakin akta hansı müddət ərzində qaz ehtiyatının sərfiyyatına görə borc hesablanması göstərilməmişdir. Eyni zamanda həmin akt istehlakçı İddiaçı rəsmi qaydada təqdim edilməmiş və aktda imzadan imtina etdi qeydi aparılmışdır. Aktla hesablanmış 43,2 manat borc istehlakçının hesabına daxil edilmişdir. Cavabdeh “Azəriqaz” İB-nin məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmunundan və məhkəmə iclasında iştirak etmiş nümayəndəsinin izahatından da müəyyən edilmişdir ki, qeyd olunan 43,2 manat borc məbləği istehlakçı İddiaçı balansından “Azəriqaz” İB-nin xeyrinə tam şəkildə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X4 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı qərarı X4 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı İddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçıya məxsus mənzil cavabdeh təşkilat tərəfindən tərtib edilmiş N11084 nömrəli, 24.11.2021-ci il tarixli akta əsasən hesablanmış 43,2 manat cərimə artıq iddiaçının balansından tam şəkildə “Azəriqaz” İB-nin xeyrinə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X5-8, "xxxx" MTK tərəfindənin inşa edilmiş bina 8, mənzil 6 ünvanında yaşayan, **********00070 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 24.11.2021-ci il tarixli 11084 nömrəli akt üzrə hesablanmış 43,2 manat borc silinməli və həmin borca görə İddiaçı tutulmuş 43,2 manat “Azəriqaz” İB-dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X5-8, "xxxx" MTK tərəfindən inşa edilmiş bina 8, mənzil 6 ünvanında yaşayan, **********00070 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 24.11.2021-ci il tarixli 11084 nömrəli akt üzrə hesablanmış 43,2 manat borc silinsin və həmin borca görə İddiaçı tutulmuş 43,2 manat “Azəriqaz” İB-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar