Məhkəmə qərarları › İş №2(004)-1575/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1575/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1575/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin miras əmlaklardakı paylarına xitam verilməsi həmin payların iddiaçının paylarına birləşdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin miras əmlaklardakı paylarına xitam verilməsi həmin payların iddiaçının paylarına birləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh atası X3 miras qalan ünvan 1 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 94 kv m olan 74 saylı mənzilin 1/6 hissəsinə görə 23500 manat, ** TR *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1750 manat, ** GT *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1584 manat, ** XN *** dövlət qeydiyyat nişanlı “Kia Carnival” markalı avtomobilin 1/6 hissəsinə görə 5917 manat olmaqla, cəmi 32751 manat kompensasiya verilməklə cavabdehin həmin əmlaklarıda olan paylarına xitam verilməsi, cavabdehin həmin miras paylarının iddiaçının miras payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-698/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə miras əmlaklarda olan payların birləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İİ № 338238 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Onun ölümündən sonra Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 5 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 94 kv.m təşkil edən 74 nömrəli mənzili, ** TR *** dövlət nömrə nişanlı «Ford-Tranzit» markalı avtomobil, ** GT *** dövlət nömrə nişanlı «Ford Tranzit» markalı avtomobil, ** XN *** dövlət nömrə nişanlı «KİA Carnival» markalı avtomobili miras qalmışdır. X1 birinci növbədən olan 3 vərəsəsi vardır: arvadı - İddiaçı, oğlu - X7, qızı - Cavabdeh. X4 vəfatından sonra hər üç vərəsə mirasın hüquqi yolla qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmişdir. Vərəsəlik işi açılandan sonra birinci növbədən olan vərəsə X7 özünə çatan bütün miras paylarından anasının xeyrinə imtina etmişdir. Odur ki, X6 ilə nikah zamanı əldə edilən əmlaklardan arvadına çatan pay və X5 öz payından anasının xeyrinə imtina etməsi nəticəsində, iddiaçıya çatan pay hesabına onun miras əmlakdakı payı 5/6 hissəyə qədər artmış, Cavabdeh miras əmlaklardakı payı isə 1/6 hissədə müəyyən edilmişdir. Bu barədə iddiaçıya və cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin mediator Vəfa Ömərova tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MB/16-060240 saylı xx.xx.2023-cü il tarixli arayış da verilmişdir. Odur ki, mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yarandığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Avtomobillərin DYPİ-də iki nəfərin adına qeydiyyata alınması və şəhadətnamənin verilməsi qeyri-mümkün olduğuna görə, iddiaçı cavabdehə təklif etmişdir ki, onun 1/6 payını kompensasiya ödənilməsi yolu ilə avtomobillərin iddiaçının adına keçirilməsinə razılıq versin. Çünki, avtomobillərlə su balonlarının sifarişçilərə çatdırılması həyata keçirilir. Şəhadətnamələr isə ölmüş şəxsin adında qalmaqdadır. Cavabdeh buna razı olmadığı üçün çətinliklər yaranır. Odur ki, iddiaçı cavabdehin payını cüzi hesab edərək, Mülki Məcəllənin 1299, 1302, 1303, 1304-cü maddələrinə əsaslanmaqla, Cavabdeh atası X3 miras qalan ünvan 1 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 94 kv m olan 74 saylı mənzilin 1/6 hissəsinə görə 23500 manat, ** TR *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1750 manat, ** GT *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1584 manat, ** XN *** dövlət qeydiyyat nişanlı “Kia Carnival” markalı avtomobilin 1/6 hissəsinə görə 5917 manat olmaqla, cəmi 32751 manat kompensasiya verilməklə cavabdehin həmin əmlaklarıda olan paylarına xitam verilməsi, cavabdehin həmin miras paylarının iddiaçının miras payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh qarşı tərəflə mübahisəni avtomobillərlə bağlı hissədə sülhlə həll etməyə razı olmuş və təklif etmişdir ki, üç avtomobilin dəyərindən 15.000 manat cavabdehə ödənilməklə mübahisəni sülhlə həll etməyə razıdır. Lakin iddiaçı bildirmişdir ki, onun həmin məbəği ödəmək niyyəti yoxdur. Ona görə də sülhlə həll etmək mümkün olmamışdır. Mənzillə bağlı hissədə bildirir ki, ümumilikdə söküntüyə düşən mənzilin hər kvadratına görə 3000 manat ödənilməsi nəzərdə tutulur və mübahisə edilən mənzildə əlavə tikililər də mövcuddur. Hazırda həmin hissədə də aralarında danışıqlar aparılır. Cavabdeh bütün əmlaklardakı payına görə 50.000 manat ödənilərsə, mübahisəni sülhlə həll etməyə razı olduğunu bəyan etmişdir. Lakin iddiaçı hazırda ödəməyə pulu olmadığını bildirmişdir. Bu səbəbdən mübahisənin sülhlə həll edilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbini Mülki Məcəllənin 1299, 1302, 1303, 1304-cü maddələri ilə əsaslandırsa da, hazırda mübahisənin predmeti miras əmlakın bölgüsü deyil, çünki artıq əmlak bölünüb və vərəsəlik şəhadətnaməsi də verilib. Tərəflər payları bəlli olan mülkiyyətçilərdir. Hazırda iddiaçının həmin maddələrə istinad etməsi əsassızdır. Ümumiyyətlə iddia tələbi düzgün qurulmayıb. Odur ki, iddianı əsassız hesab edir. Hazırda cavabdeh özü də mülkiyyətçidir, əmlak onun paylı mülkiyyətindədir. Odur ki, iddiaçı miras payına xitam verilməsini tələb edə bilməz. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli AZ-İİ seriyalı 338238 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2023-cü il tarixdə kardiogen şok səbəbindən Bakı şəhərində ölmüşdür. Bakı şəhər İH Tİ və MHQİ-nin verdiyi ÖM seriyalı 022224 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 3 nömrəli evin 3 otaqlı 74 nömrəli mənzili X4 xüsusi mülkiyyətində olmuşdur. X4 vəfatından sonra arvadı İddiaçı nikah müddətində əldə etdikləri ümumi birgə əmlakların, yəni X4 adına olan Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 3 nömrəli evin 3 otaqlı 74 nömrəli mənzilinin, “Kia Carnival” markalı ** XN *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” markalı ** TR *** dövlət qeydiyyat nişanlı və “Ford Tranzit” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ (ikidə bir) hissəsi miras qalmışdır. Əmlakların digər ½ (ikidə bir) hissəsinə İddiaçı adına xx.xx.2023-cü il tarixdə notarius tərəfindən ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr vermişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisinin verdiyi 2V-312, 2V-310 və 2V-311 reyestr nömrəli xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrdən müəyyən edilir ki, xx.xx.2023-cü ildə ölmüş X2 qalmış arvadı İddiaçı nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. xx.xx.2023-cü ildə ölmüş X4 ümumi birgə əmlakı olan - “Kia Carnival” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi, “Ford Tranzit” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi, “Ford Tranzit” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi - arvadı İddiaçı məxsusdur. Bakı şəhəri 19 saylı Notariat Ofisinin verdiyi 2V-315, 2V-313 və 2V-314 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən edilir ki, xx.xx.2023-cü ildə ölmüş X4 qanun üzrə birinci növbə vərəsələri - (arvadı) İddiaçı və (oğlu) X7 hər biri miras qalmış “Kia Carnival” markalı ** XN *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” markalı ** TR *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/6 hissəsini irs almışlar. Miras qalmış həmin avtomobillərin digər vərəsə (qızı) Cavabdeh irs qalan 1/6 hissəsi açıq saxlanılmışdır. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/S86-795/23 nömrəli, ƏEM/S86-796/23 nömrəli və ƏEM/S86-797/23 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəylərindən müəyyən edilir ki, “Kia Carnival” markalı, 2015-ci il buraxılışlı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 35.500 manat; “Ford Tranzit” markalı, 1998ci il buraxılışlı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 9.500 manat və “Ford Tranzit” markalı, 1999-cu il buraxılışlı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 10.400 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 64-913/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 3 nömrəli evin 3 otaqlı 74 nömrəli mənzilinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 141.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi, mübahisəli mənzil və avtomobillər üzərində İddiaçı payı 4/6 hissə, X5 payı 1/6 hissə və Cavabdeh payı 1/6 hissədən ibarət olmaqla, bu əmlaklar tərəflərin paylı mülkiyyətində olan əmlaklardır. İddiaçı iddia tələbində paylı mülkiyyətdə olan əmlaklar üzərində digər paylı mülkiyyətçi Cavabdeh paylı mülkiyyət hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsini və onun payının özünün payına birləşdirilməsini tələb edir. Cavabdeh isə ona kompensasiya ödənilməklə paylı mülkiyyət hüququna xitam verilməsi ilə razı deyildir. Cavabdeh 1/6 hissədən ibarət payı cüzi deyildir, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi vardır. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Yalnız paylı mülkiyyətinin mülkiyyətçiləri öz payını digər payçılara satmaq üçün təklif edə bilər. Digər halda yəni payçılar digər payçının payını almaq üçün yalnız pay sahibinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ancaq qeyd olunan mübahisə üzrə cavabdehin payı cüzi deyildir, əmlakların hər birinin 1/6 hissəsini təşkil edir. İddiaçının öz payının ümumi paylı mülkiyyətdəki əmlaklardan naturada ayrılması tələbini irəli sürmədən, öz payının alınmasını digər payçılara təklif etmədən, cavabdehin paylı mülkiyyətdə olan əmlaklara olan mülkiyyət hüququna onun iradəsinə zidd olaraq, iddiaçı tərəfindən kompensasiya ödənilməsi yolu ilə xitam verilməsini tələb etməsi əsassızdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. İddiaçı digər mülkiyyətçi olan cavabdehə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyildir. İddiaçının hazırkı iddia tələbi cavabdehin mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh atası X3 miras qalan ünvan 1 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 94 kv m olan 74 saylı mənzilin 1/6 hissəsinə görə 23500 manat, ** TR *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1750 manat, ** GT *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin 1/6 hissəsinə görə 1584 manat, ** XN *** dövlət qeydiyyat nişanlı “Kia Carnival” markalı avtomobilin 1/6 hissəsinə görə 5917 manat olmaqla, cəmi 32751 manat kompensasiya verilməklə cavabdehin həmin əmlaklarıda olan paylarına xitam verilməsi, cavabdehin həmin miras paylarının iddiaçının miras payına birləşdirilməsi ” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar