Məhkəmə qərarları › İş №2(004)-1582/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1582/2025

04.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1582/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş akt əsasında iddiaçıya yazılmış 1651 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğluna məxsus olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 41 В mənzil 63 dövlət reyestr xidmətindən verilmiş çıxarışa əsasən oğlunun mülkiyyətindədir. Mənzilin işıq sayğacı iddiaçının adınadır və abonent kimi o qeydiyyatdadır. İddiaçının oğluna məxsus olan həmin mənzildə uzun müddət yaşayış olmamışdır. Belə ki, mənzil təmirsiz olmuş, təmirsiz olduğu üçün də yaşayış olmamışdır. Yaşayış olmadığı üçün də orada hər hansı kommunal xidmətdən istifadə etməmişlər. Bununla bağlı iddiaçı cavabdeh təşkilatın strukturundan abunə haqqında məlumat sənədi əldə etmişdir. 12 dekabr 2024-cü il tarixdə iddiaçı barəsində akt tərtib olunmuş və aktda göstərilmişdir ki, o sayğacdan kənar enerji axını etmişdir. Halbuki onlar mənzildə yaşamamışlar. Onların mənizilində təmir işləri getmiş və burada yaşamamışlar. Sayğac mənzildən kənarda yerləşir. Bundan başqa iddiaçının xəttə hər hansı müdaxilə etməyi də mümkün deyil. İddiaçı barəsində tərtib olunmuş akt tamamilə əsassız və qanunsuzdur. Bundan başqa iddiaçı qeyd edir ki, o hər hansı elektrik xəttinin və ya digər kommunal xətlərin yerlərini bilmir. Həmçinin müdaxilə etməyi üçün xüsusi qabiliyyəti yoxdur. Bu barədə ona məlumat verilərkən bildirmişdir ki, onun heç bir müdaxiləsi olmamışdır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, "xxxx" ASC tərəfindən 12 dekabr 2024-cü il tarixdə tərtib olunmuş akt əsasında yazılmış 1588.87 manat məbləğində cərimə borcunun silinməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Nümayəndə adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli R366326 nömrəli akta əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********A0063 olan istehlakçı İddiaçı məxsus ünvan 1 yerləşən obyektdə saat 09:05-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və E.E.İ.Qnin tələblərinə uyğun olaraq mənzilə aid NFC tipli sayğaca baxış zamanı abonent sayğacın giriş və çıxış xətlərini eyni yuva edərək sayğacı dövriyyədən kənarlaşdırdığı və mənzilə birbaşa xətt verildiyi aşkar olunmuşdur. Axan yük ampermaşa vasitəsilə ölçülmüşdür. İ=10 A (on amper). Kənar xəttin ləğv edilməsi, üçəf bərpa olunması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən ünvan 1 ünvanında sayğaca baxış keçirilmiş, kənar xətt aşkarlanmış və baxış aktı tərtib olunmuş, xx.xx.2024-cü il tarixli, R366326 nömrəli akt əsasında **********A0063 olan istehlakçı İddiaçı 105.93, 1294.54, 188.40 manat olmaqla ümumilikdə 1588.87 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında sənədə əsasən ünvan 2 ünvanında EİQ pozulması nəticəsində Rİ366326 nömrəli akt əsasında xx.xx.2024-cü il tarixdə abunə kodu **********A0063 olan İddiaçı adına 105.93, 1294.54, 188.40 manat olmaqla ümumilikdə 1588.87 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 19.1-ci maddəsinə əsasən malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 26-ci maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.6-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli R366326 nömrəli aktla ünvan 1 ünvanı üzrə abonent kodu **********A0063 olan istehlakçı İddiaçı adına 1588.87 manat məbləğində borc hesablanmışdır. Akt istehlakçı tərəfindən imzalanmamış, istehlakçı aktı imzalamaqdan imtina etmişdirsə də, bu barədə aktda müvafiq qeyd aparılmamışdır. Cavabdeh yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alındığını təsdiq edən diskin olduğunu iddia edərək məhkəməyə sübut kimi disk təqdim etsə də, məhkəmə baxışında sübutlar tədqiq edilərkən diskin boş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, akt birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları imzalamaqla tərtib edilmiş və təsdiqedici video və foto şəkillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib olunsa da, mənzilə aid elektrik sayğacında aşkar edilmiş qüsurların məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli borc "xxxx" ASC tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh ünvan 1 ünvanı üzrə abonent kodu **********A0063 olan İddiaçı adına 1588.87 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əgər istehlakçı həqiqətən müvafiq qanun pozuntularına yol vermişsə, nəyə görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmiş, talamanın qarşısı alınmamış, hüquq mühafizə orqanlarına məlumat verilməmiş, sadəcə birtərəfli qaydada akt tərtib olunması ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borcun hesablanması əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R366326 nömrəli akta əsasən abonent kodu **********A0063 olan İddiaçı adına hesablanmış 1588.87 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 35.89 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R366326 nömrəli akta əsasən abonent kodu **********A0063 olan İddiaçı adına hesablanmış 1588.87 (min beş yüz səksən səkkiz manat səksən yeddi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35.89 (otuz beş manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar