Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1601/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 01 dekabr 2018-ci il tarixdə 53 saylı Notariat Kontorunda ünvan 1 ünvanda yerləşən iki otaqlı fərdi yaşayış evininin satılması ilə bağlı bağlanmış AN -İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin dekabr ayında şəxsi mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinini satılması ilə bağlı Cavabdeh ilə razılığa gəlmişlər və fərdi yaşayış evi ikinci mərtəbəsində inşa edilmiş otaqlarla birlikdə 90.000 manata satılması barədə şifahi razılaşma olmuşdur. Cavabdeh bu qədər pulunun olmamasını bildirmiş və belə bir vəd vermişdir ki, alqı-satqı müqaviləsi bağlananda 50.000 manat ödəyir, qalan 40.000 manatı isə ev plana düşərək söküldüyü vaxt verəcəyini öhdəsinə götürmüşdür. Fərdi yaşayış evinin 2/12 hissəsi, yəni 2 otaqdan ibarət 50.87 kv.m sahəsi onun mülkiyyətində olmuşdur və həmin hissənin üstündə də tərəfindən iki otaqlı sahə inşa edilmişdir və fərdi yaşayış evinin ona aid hissəsini həmin üst sahə ilə birlikdə satılması barədə razılaşmışlar. 01 dekabr 2018-ci il tarixdə 53 saylı Notariat Kontorunda Cavabdeh ilə onun arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır, 2/12 hissənin qiyməti 50.000 manat göstərilmişdir və cavabdeh tərəfindən həmin məbləğ ona verilmişdir, həmin gün də qalan 40.000 manatını razılaşmaya uyğun verəcəyini bildirmişdir. Bu yaxınlarda həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin plana düşməsi və söküləcəyi barədə məlumat almış və o, cavabdehə yaxınlaşaraq aralarındakı şifahi razılaşmaya əsasən qalan 40.000 manat verməli olduğunu xatırlatmış, lakin cavabdeh buna etirazını bildirmiş və ona heç bir məbləğ verməyəcəyini demişdir. Bundan da ona aydın olmuşdur ki, cavabdeh onu aldatmış, vacib əhəmiyyətli yanılma nəticəsində o, müqavilə bağlanmasına məcbur olmuş və fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsində yanılaraq az göstərmişdir. Belə ki, fərdi yaşayış evinin üst tikili ilə birlikdə 100 kv.m-dən çoxdur və məlumdur ki, Bakı şəhərində 1 kv.m sahə üzrə 1500 manat kompensasiya ödənilir və belə olan təqdirdə həmin sahə üzrə 150.000 manat kompensasiya ödəniləcəkdir və cavabdeh də aralarındakı şifahi razılaşmaya əsasən ona 40.000 manat ödəməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında belə bir razılaşma olmamışdır və tərəflər arasında iddia edilən razılaşmanın olmasını təsdiq edən hər hansı yazılı akt, saziş və ya digər sübut təqdim edilə bilməmişdir. Həmçinin alğı-satqı müqaviləsində də belə bir şərt qeyd olunmamışdır. Tərəflər arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən də göründüyü kimi, daşınmaz əmlakın dəyəri 50.000 (əlli min) manat təşkil etmişdir və cavabdeh də onun dəyərini tam ödəməklə əmlakı əldə etmişdir. Bundan başqa, iddia tələbi əsassız olmaqla yanaşı, həmçinin əqdin etibarsızlığı ilə bağlı AR Mülki Məcəlləsində qeyd olunan müddət də ötürülmüşdür. Bütün bunları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 53 saylı Notariat Ofisinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AN-İ ******* saylı, 01.12.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı (satıcı) paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 2/12 hissəsini, ümumi sahəsi 50.87 m2 olan 1 otağını Cavabdeh (alıcı) mülkiyyətinə verir. Cavabdeh (alıcı) isə həmin daşınmaz əmlakı 50000 manat qiymətinə alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, 7 sayl evin 4/12 hissəsi İddiaçı adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 2 ünvanlanan ərizədə qeyd olunur ki, o,mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında yerləşən mənzilin ona məxsus olan ½ hissəsini satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən 30.12.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinin üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında qeydiyyatda olan X3 notariat ofisinə təqdim etdiyi **********964 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 53 saylı Notariat Kontorunda 29.11.2018-ci il tarixdə reyestrdə 8İ-9964 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında qeydiyyatda olan X5 notariat ofisinə təqdim etdiyi **********968 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 53 saylı Notariat Kontorunda 29.11.2018-ci il tarixdə reyestrdə 8İ-9968 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında qeydiyyatda olan X4 notariat ofisinə təqdim etdiyi **********963 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 53 saylı Notariat Kontorunda 29.11.2018-ci il tarixdə reyestrdə 8İ-9963 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 7 ünvanında qeydiyyatda olan X6 notariat ofisinə təqdim etdiyi **********059 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 53 saylı Notariat Kontorunda 30.11.2018-ci il tarixdə reyestrdə 8İ-10059 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan ərizənin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 50.000 manata satılması barədə razılığa gəlmişlər. ünvan 4 ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri, M.A.Əliyev, ev 28-də qeydiyyatda olan Cavabdeh ilə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 50.000 manat məbləğində pulun (vergi çıxıldıqdan sonra) İddiaçı verilməsi üçün bankın AZ74MUGA**********0000004AZM65 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 30.11.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 50.000 manat məbləğində pul AZ74MUGA**********0000004AZM65 nömrəli depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* saylı, 01.12.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı) ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 2/12 hissəsini, ümumi sahəsi 50.87 m2 olan 1 otağını 50000 manata Cavabdeh (alıcı) mülkiyyətinə vermişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. İddiaçı eyni alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinin ona aid hissəsinin üzərində də iki otaqlı sahənin satılması və ev plana düşüb söküldükdə isə əlavə olaraq 40.000 manat pulun cavabdeh tərəfindən ödəniləcəyi barəd razılığa gəldiklərini bildirsə də dediyini hallar nə alqı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təqzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Bundan əlavə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan keçən 3 il ərzində alğı-satqı müqaviləsini mübahisələndirməmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan əlavə sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və məhkəmə araşdırması zamanı müqavilənin etibarsızlığı üçün əsas aşkar olunmamışdır. Ona görə də, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddiası həm əsassız olduğuna, həm də məhkəmə tərəfindən iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1601/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1601/2022
20.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver