Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1619/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə3 Şəmsəddin oğlunun Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə4 Üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" X6 nümayəndəsi Nümayəndə2 Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə5 iştirakı ilə İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı əmək haqlarının ödənilməsi, gecikdirilmiş müddət üçün faizlərin verilməsi, sosial sığorta haqlarının ödənilməsi, məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki işə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 Xidməti, "Dövlət Sosial Müdafiə Fondu" X7 və Dövlət Vergi Xidməti işə cəlb edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC tərəfindən 2020-ci ilin iyun və noyabr aylarına olan əmək haqlarının ödənilməsi, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının on faiz məbləğində ödəncin verilməsi, X1 "xxxx" ASC-dən 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarının tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi, 2020-ci il üçün məzuniyyət pulunun alınması, mediasiya üçün ödənilmiş 50 manat rüsumun alınması, qeyd etdikləri bütün əmək haqlarının əmək müqaviləsində göstərilən, yəni 599 manat məbləğində deyil, bank çıxarışlarında göstərilən kimi 1000 manat məbləğində hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin xx.xx.2009-cu il tarixli əmri ilə qazma maşınlarının elektriki vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixində qazma işləri sahəsinin adı dəyişdirilərək “X5” MMC adı ilə yeni müəssisə yaradıldığından iddiaçının həmin vəzifəyə yenidən əmri verilmişdir. xx.xx.2013-cü il tarixdən isə işlədiyi təşkilat X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Cəmiyyətdə işlədiyi müddətdə əmək müqaviləsində əmək haqqının 599 manat göstərilməsinə baxmayaraq, 1000 manat əmək haqqı almışdır. Beləliklə, iddiaçı cəmiyyətdə elektromexanik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif edilən müqavilələri imzalamalı olmuşdur. Bunun da nəticəsi olaraq, xx.xx.2020-ci il tarixdə, guya, iddiaçının öz xahişi ilə işdən azad edilməyinə dair yeni əmr yazılıb elə həmin günə başqa əmrlə işə qəbul edilərək xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasını rəsmiləşdirmişdirlər. Beləlikə, iddiaçı 2009-cu ildən işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparılaraq müqavilə ilə formal iş üsuluna keçilmişdir. Bununla belə, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən, sahə rəisinin mövqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə, sahə rəisi ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işləməsi qanunsuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı ala bilməmişdir. İddiaçı 2020-ci il dekabr ayının 1-də teleqram almışdır ki, guya bir neçə dəfə onu işə çağırmışdırlar, lakin o işləmək istəməmişdir. Beləliklə, işdən azad edilməyi barədə əmrin ləğv edilməsi və 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarında iddiaçıya ödənilməli olan əmək haqqının verilməsi üçün o, Bakı şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı birinci dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edəndə əmək haqqı ala bilmədiyi 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları qeyd olunmuşdur. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməsini bildirmişdir. İkinci dəfə iddia ərizəsi tərtib olunarkən əmək haqqı ala bilmədiyi 2020-ci ilin müvafiq ayları qeyd olunarkən, yalnışlıqla 2020-ci ilin iyun və noyabr ayları qeyd edilməmişdir. İddia rədd edilmiş və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqlarının iddiaçıya ödənilməsi müəyyən edilmişdir. İddiaçı X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi son 2020-ci ilin məzuniyyət hüququndan istifadə etməmiş, buna baxmayaraq müavinət və digər xərcləri almamışdır. X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2009-2020-ci illərin dövlət sosial sığorta haqlarını ödəməmişdir. İddiaçı 17 dekabr tarixində müqavilə başa çatdıqda işdən çıxarılmışdır. O, 15 dekabr tarixində bunun yalan və əsassız olmasına rəhbərliyə ərizə yazsa da, bu günədək cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişdirlər. İddiaçı məcbur olub məsələnin araşdırılması üçün X4 Xidmətinə 15 yanvar 2021-ci il tarixində ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır və haqq hesab ödənilməsində qanun pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinə dair məktub yazılmışdır. Bununla belə hələ ki, nəticə yoxdu. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək və iddia müddətinin tətbiqi haqqında ərizə verərərk iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndələri iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə vermişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı əmək kitabçasının surətinə və sosial arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək “X5” MMC-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də (indiki "xxxx" ASC), xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək X1 "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X2” MMC-də, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 "xxxx" ASCdə işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1162/2021 saylı qərarından müəyyən olunur ki, X4 Xidməti Bakı şəhər İdarəsinin 21 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 "xxxx" ASC-də İddiaçı əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə Cəmiyyətin vəzifəli şəxsi Nümayəndə1 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan H.Həmzəyev tərəfindən verilmiş şikayət təmin edilməmişdir. "xxxx" ASC-nin Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 353/23 saylı məktubundan və həmin məktuba əlavə ödəniş tapşırığının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 nömrəli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı 2020-ci ilin avqust, sentyabr, oktyabr və dekabr ayları üçün cəmi 1435,01 manat məbləğində əmək haqqı hesablanmış və ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 154. Əmək haqqı
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr... Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisələrinin yarandığı halada şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, sosial sığorta haqqlarının tutulması işəgötürənin vəzifəsi olduğundan, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətlərdə isə iddiaçı cavabdeh X1 "xxxx" ASC-də işləmədiyindən (həmin müddətlərdə müvafiq olaraq “X5” MMC-də, “X2” MMC-də işlədiyindən), yəni həmin müddət üçün "xxxx" ASC cavabdeh olmadığından iddia həmin müddətlər üçün sosial sığorta haqqlarının tələbi hissəsində rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia eyni əsasla 2020-ci ilin iyun ayı üçün əmək haqqı, 2020-ci ilin aprel, may, iyun, iyul ayları üçün əmək haqqının on faizi məbləğində ödəncin verilməsi, 2020-ci il üçün yanvar ayından iyul ayı daxil olmaqla olan müddət üçün məzuniyyət pulunun alınması hissəsində rədd edilməlidir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 "xxxx" ASC-də işləmiş, xx.xx.2020-ci il tarixdə onun hüquqlarının pozulmasını, yəni ona 2020-ci ilin noyabr ayının əmək haqqısının, işlədiyi müddət üçün məzuniyyət pullarının və müvafiq olaraq sosial sığorta haqqlarının ödənilməməsini bildiyi halda hazırkı mübahisənin (əmək haqqı, əmək haqqının vaxtında verilməməsinə görə ödənc tələbi, məzuniyyət və sosial sığorta haqları tələbi) həlli ilə bağlı mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etmiş, mediasiyadan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixdə arayış almış və məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülməklə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin tələblərə iddia müddəti tətbiq edilməklə iddia həmin hissədə də rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının pul tələbləri rədd edildiyindən iddiaçının həmin tələblərin həlli ilə bağlı mediasiya xərci olaraq tərəfindən ödənilmiş 50 manat tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1.-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova