Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-162/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2018-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160071 ban nömrəli, ağ rəngli avtomobil 13800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18435 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 noyabr 2020-ci il tarixdə 300 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2021-ci il tarixə 3199.03 manat gecikdirilmiş əsas, 786.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1527.96 manat dəbbə pulu, ümumilikdə 5513.73 manat borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2018-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160071 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2021-ci il tarixə 3199.03 manat gecikdirilmiş əsas, 786.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1527.96 manat dəbbə pulu, ümumilikdə 5513.73 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 15 dekabr 2018ci il tarixli MAS-587 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; Cavabdeh 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 15.08.2021-ci il tarixinə 3817.07 manat gecikdirilmiş əsas, 936.82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2274.16 manat dəbbə pulu, 12420 manat dəymiş zərər, ümumilikdə 19448.05 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli MAS-587 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2018-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160071 ban nömrəli, ağ rəngli avtomobil 13800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18435 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 noyabr 2020-ci il tarixdə 300 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh sözü gedən nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə ziyan dəymişdir. Törətmiş olduğun hadisəni sonuncu polis idarəsində verdiyi izahatı ilə etiraf etmişdir. Cavabdeh avtomobili öz hesabına düzəldəcəyinə söz vermiş və bundan sonra ona yeni cədvəl tərtib ediləcəkdi. Lakin cavabdeh öz vədinə əməl etməmişdir. O, avtomobili Salyan rayonunda yerləşən emalatxanaların birinə təhvil vermişdir. Onlar sözü gedən nəqliyyat vasitəsini Salyan rayonundan götürüb gətirmişləv və həmin avtomobilin ancaq ban hissəsi mövcuddur. Belə ki, cavabdehin maşın ustasına borcu olduğu üçün sonuncu həmin avtomobili təmir etməmiş, işlək hissələrini götürmüş və geri qaytarmır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) göndərilmiş, lakin bildirişin cavabdehə çatıdırlması mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.12.2018-ci il tarixli MAS-587 saylı X3 əsasən İddiaçı MMC 2018-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160071 ban nömrəli, ağ rəngli avtomobili öz mülkiyyətinə əldə edərək, illik 15 % hesablanmaqla, 48 ay ödəmək şərti ilə onu Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh 28.07.2020-ci il tarixdə sözü gedən nəqliyyat vasitəsini idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş, sonuncu İXM-nin 327.8, 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. İşin bu halı iş materiallarında olan 25.09.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı MMC ilə arasında bağlanan daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə onun İddiaçı MMC qarşısında 3817.07 manat əsas, 936.82 mükafat (faiz), məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Nəhayət, Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 2274.16 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 300 manat məbləğədək azaldılmalıdır. İddiaçının tərəflər arasında bağlanmış MAS-587 saylı, 15.12.2018-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin dəymiş ziyana görə 12420 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən dəymiş zərərə görə 11204 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarında olan 17.12.2021-ci il tarixli ekspert rəyinə əsasən, 2018-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəldə faizi tətbiq edilməklə təxminən 11204 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-587 saylı, 15.12.2018-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli; Cavabdeh 3817 (üç min səkkiz yüz on yeddi) manat 07 (yeddi) qəpik əsas borc, 936 (doqquz yüz otuz altı) manat 82 (səksən iki) qəpik mükafat (faiz) borcu, 300 (üç yüz) manat cərimə borcu, 11204 (on bir min iki yüz dörd) manat dəymiş zərər olmaqla, cəmi 16257 (on altı min iki yüz əlli yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30(otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun 16 %-i, yəni 4 (dörd) manat 87 (səksən yeddi) qəpiyi iddiaçıya aid edilməli, qalan 84 %-i, yəni 25 (iyirmi beş) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 16 %, yəni 16 (on altı) manat İddiaçı MMC-dən, qalan 84 %, yəni 84 (səksən dörd) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-587 saylı, 15.12.2018-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 3817 (üç min səkkiz yüz on yeddi) manat 07 (yeddi) qəpik əsas borc, 936 (doqquz yüz otuz altı) manat 82 (səksən iki) qəpik mükafat (faiz) borcu, 300 (üç yüz) manat cərimə borcu, 11204 (on bir min iki yüz dörd) manat dəymiş zərər olmaqla, cəmi 16257 (on altı min iki yüz əlli yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30(otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun 16 %-i, yəni 4 (dörd) manat 87 (səksən yeddi) qəpiyi iddiaçıya aid edilsin, qalan 84 %-i, yəni 25 (iyirmi beş) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 16 %, yəni 16 (on altı) manat İddiaçı MMC-dən, qalan 84 %, yəni 84 (səksən dörd) manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-162/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-162/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver