Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1621/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə 25.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun oğlu - 07.02.2002-ci ildə Bakı şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə maraqlı şəxs qismində göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(004)-1621/2021 nömrəli qərardadı ilə ünvan 1 ünvanda yaşayan 07.02.2002-ci ildə Bakı şəhərində doğulmuş X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 11.03.2021-ci il tarixli 531 nömrəli ekspet rəyi 05.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(004)-1621/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 03.05.2021-ci il tarixə 11:00a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, 07.02.2002-ci il təvəllüdlü X4 onun doğma oğludur. Fuad anadangəlmə əqli cəhətdən qüsurludur. X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin dərəcəli ağıl zəifliyi (idiotiya) kobud nitq, davranış və hərəki-dayaq aparatının pozuntusu, tetraplegiya, kənar şəxslərin himayəsinə ehtiyac; yanaşı xəstəliklər G80 serebral iflic, USİ-nin qalıq əlamətləri, spastik tetraparez diaqnozu xəstəsidir. Oğlu yataq xəstəsi olmaqla kənar şəxslərin daimi qulluğuna ehtiyacı var, xəstəlikdən əziyyət çəkir və xəstəliyin müalicəsi mümkün deyildir. Bu səbəbdən 07.02.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 25.02.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, 07.02.2002-ci il təvəllüdlü X4 “F73.1, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin dərəcəli ağıl zəifliyi (idiotiya) kobud nitq, davranış və hərəki-dayaq aparatının pozuntusu, tetraplegiya, kənar şəxslərin himayəsinə ehtiyac; yanaşı xəstəliklər G80 serebral iflic, USİ-nin qalıq əlamətləri, spastik tetraparez” diaqnozu ilə xəstədir. X3 birinci dərəcəli müddətsiz əlil təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 11.03.2021-ci il tarixli 531 nömrəli ekspertiza rəyindən görünür ki, X2 - uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 07.02.2002-ci ildə Bakı şəhərində doğulmuş X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.02.2002-ci ildə Bakı şəhərində doğulmuş X4 (FİN 8JLPL7R) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1621/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1621/2021
03.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver