Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1651/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci tarixdə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İB-in nümayəndələri tərəfindən tərtib edilmiş ******* №-li, xx.xx.2018-ci il tarixli aktın əsassız hesab edilməsi və əsassız hesablanmış 1000 manat məbləğində borcun silinməsi və ondan tutulmuş 180 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək “Cavabdeh” İB tərəfindən tərəfindən tərtib edilmiş ******* №-li, xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 972 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onunla Cavabdeh İB arasında müqavilə əsasında Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 3 ünvanında yerləşən mənzilə sayğac quraşdırılmışdır. Son zamanlarda qazdan istifadə kartına yüklədiyi məbləğin qısa zamanda bitməsi hallarını aşkar etdikdən sonra bu barədə maraqlanarkən məlum olmudur ki, Cavabdeh İb tərəfindən ona 2018-ci il tarixdə cərimə yazılmışdır. 2018-ci ildə ərazidə xidmət göstərən “Cavabdeh” İB əməkdaşları tərəfindən mənzildə quraşdırılmış sayğaca baxış keçirilmiş və guya sayğacın istehlakçıların saatlıq qaz sərfinə uyğun olmadığı aşkar edilmişdir. Nəticədə cavabdeh təşkilat tərəfindən 4860 kub metr itirilmiş qaz hesablanmışdır. Mövcud sayğac Cavabdeh İB tərəfindən quraşdırılmış və sonradan onun tərəfindən heç bir qaz cihazı quraşdırılmamışdır. Belə olan halda isə məsuliyyəti Cavabdeh İb daşımalıdır. Laboratoriya yoxlaması nəticəsində guya qaz sayğacına kənar müdaxilə olunması və bunun nəticəsndə əlavə qaz istifadə olunması aşkar olunmuşdur. Cavabdeh təşkilat tərəfindən isə bununla bağlı ona heç bir bildiriş göndərilməmişdir. Bugünədək qazın ödənişi kart vasitəsilə həyata keçirildiyindən cavabdehin qeyd etdiyi qaz sərfiyyatının baş verməsi mümkün deyildir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3 saylı evdə qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış klapanı deşik olduğu üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent X1 yaşadığı ünvan 1 ünvanda yoxlama aparılarkən Cavabdeh İB-in 29/1710-01484 saylı aktına əsasən 1202AQ**********7 sayğacın yivli birləşmələri korroziyaya uğraması və klapanın işlək olmaması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş üzrə «Cavabdeh” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərardan və hesabdan çıxarışdan görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 4860 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanda yaşayan abonent İddiaçı 2018-ci ilin iyul ayında ayın sonuna olan qalıq və aktlar üçün borc 972 manat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə dəyişdirilib sayğac laboratoriyaya təqdim edilsə də, həmin sayğac üzərində qüsurun aşkar edilməsini müəyyən edən hal və onun əsasında tərtib edilmiş akt və qərar isə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, iddiaçının saldosuna isə dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri kimi müəyyən edilmiş 972 manat borc 2018-ci ilin iyul ayında hesabına yazılmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçının mülkiyyətindəki evə aid olan sayğaca baxış keçirilmiş və sayğacın çıxış klapanı deşik olduğu üçün onun əvəz edilməsi qərara alınmışdır. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və xx.xx.2018-ci il tarixli akta əsasən sayğacın yivli birləşmələri korroziyaya uğraması və klapanın işlək olmaması müəyyən edilmişdir. Qüsura görə müəyyən edilmiş nəticə “qaz itkisi, müdaxilə” olmuşdur. Həmin akt əsasında xx.xx.2018-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya 4860 kub metr əlavə hesabat aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, 972 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətindəki evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə xx xxxx 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçıya qazın verilməsi alğı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya əlavə borc hesablanması və həmin borcun abonentin abunə hesabına (kartına) keçirilməsi ilə bağlı hərəkətləri də qanunsuz olmuşdur. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin (əlavə hesabatın) tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən həyata keçirilə bilər və cərimənin tətbiq edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, cavabdeh «Cavabdeh» İB müvafiq icra hakimiyyəti orqanı olmadığından, onun istehlakçı barəsində hər hansı sanksiya tədbiri tətbiq etməyə hüququ və ixtiyarı yoxdur. Yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə borcun hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə izah edir ki, cavabdeh itirilmiş qazın bərpası ilə bağlı vurulmuş ziyanın tutulması ilə əlaqədar iddiaçıya qarşı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İB tərəfindən İddiaçı barəsində ünvan 2 ünvanına dair tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli akt və onun əsasında xx.xx.2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərar etibarsız hesab edilsin. Həmin akt və “Cavabdeh” X2 təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 4860 kub metr əlavə sərfiyyata görə iddiaçının hesabına (**********00410) yazılmış 972 (doqquz yüz yetmiş iki) manat borc silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1651/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1651/2021
10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver