Məhkəmə qərarları › İş №2(004)-1654/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1654/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1654/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli malın nisyə alqı-satqı müqaviləsi üzrə aldığı 2 ədəd Paltaryuyan LG, Soyuducu Ariston, Plitə BOSCH, Aspirator HANSA məişət əşyalarının dəyərindən ödənilməmiş qalan 1.126 manat əsas borc və 345 manat dəbbə; xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı DECO YATAQ DESTİ, KÜNC DİVA KAHVE, DOSHEK URETAN mebellərin ümumi dəyərindən ödənilməmiş qalan 3.174 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.675 manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etdi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 2.304 manat olan 2 ədəd Paltaryuyan LG, Soyuducu Ariston, Plitə BOSCH, Aspirator HANSA məişət əşyalarını ilkin ödəniş olmadan 12 ay müddətinə ayda 192 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Həmçinin xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 3.768 manat olan DECO YATAQ DESTİ, KÜNC DİVA KAHVE, DOSHEK URETAN mebelləri ilkin ödəniş olmadan 24 ay müddətinə ayda 210 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh hazırda xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1.126 manat əsas borcu və 345 manat dəbbə pulu; xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1.865 manat əsas borcu və 450 manat dəbbə pulu olmaqla, cəmi 376 manat borcu yaranmışdır. Xəbərdaqlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qismən qəbul etdi və iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək, izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1.126 manat əsas borc və xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1.865 manat əsas borcu olmasını etiraf edir və həmin məbləğləri hissə-hissə ödəməyə etiraz etmir. Lakin cərimənin məbləğini ilə razı deyildir. Çünki, cavabdeh xəstədir və ölkə ərazisində covid-19 pandemiyası ilə bağlı maddi durumu çətinləşmişdir. Cavabdeh borcun əsas məbləğlərə dair hissəsində iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatınlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 2.304 manat olan 2 ədəd Paltaryuyan LG, Soyuducu Ariston, Plitə BOSCH, Aspirator HANSA məişət əşyalarını ilkin ödəniş olmadan 12 ay müddətinə ayda 192 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Həmçinin xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 3.768 manat olan DECO YATAQ DESTİ, KÜNC DİVA KAHVE, DOSHEK URETAN mebelləri ilkin ödəniş olmadan 24 ay müddətinə ayda 210 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli dəqiqləşdirmə ərizəsinə əsasən Cavabdeh hazırda xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1.126 manat əsas borcu və 345 manat dəbbə pulu; xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1.865 manat əsas borcu və 450 manat dəbbə borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə hesablanmış 345 manat cərimə azaldılaraq 20 manat müəyyən edilməlidir. xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 450 manat cərimə azaldılaraq 30 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - 2 ədəd Paltaryuyan LG, Soyuducu Ariston, Plitə BOSCH, Aspirator HANSA məişət əşyalarının 2.304 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.126 manat əsas borc və 20 manat dəbbə pulu olmaqla, cəmi 1.146 manat borc; xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı DECO YATAQ DESTİ, KÜNC DİVA KAHVE, DOSHEK URETAN mebellərin 3.768 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.865 manat əsas borc və 30 manat dəbbə pulu olmaqla, cəmi 1.895 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.071 manat pul vəsaiti tutularaq “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - 745 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - Paltaryuyan LG, Paltaryuyan LG, Soyuducu Ariston, Plitə BOSCH, Aspirator HANSA məişət əşyalarının 2.304 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.126 manat əsas borc və 20 manat dəbbə pulu olmaqla, cəmi 1.146 manat borc; xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı DECO YATAQ DESTİ, KÜNC DİVA KAHVE, DOSHEK URETAN mebellərin 3.768 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.865 manat əsas borc və 30 manat dəbbə pulu olmaqla, cəmi 1.895 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.071 (üç min yetmiş bir) manat pul vəsaiti tutularaq “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar