Məhkəmə qərarları › İş №2(004)-1676/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1676/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1676/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin təmir olunaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin təmir olunaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən 04.03.2014-cü il tarixli, AL-00062 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Runna” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE3ET037245 ban, 68893 mühərrik nömrəli, boz rəngli avtomobilin iddiaçının qrafik üzrə müvafiq ödənişləri etməyi ilə ödənişin sonunda razılaşmaya görə onun mülkiyyətinə keçməsi şərti ilə tam təmir olunaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC 17.03.2022-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC 17.03.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onunla cavabdeh arasında bağlanmış 04 mart 2014-cü il tarixli, AL-00062 saylı daxili lizinq müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Runna" minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE3ET037245 ban, 68893 mühərrik nömrəli, boz rəngli avtomobil onunmüvəqqəti istifadəsinə verilmişdir. Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən o, illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 278 manat, ümumilikdə isə 13279 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 13279 manatın 9600 manatı əsas məbləğ təşkil edir. Onun istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan "Runna" minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 avqust 2016-cı il tarixdə qəza törədilərək istifadəyə yararsız vəziyətə düşmüş və şirkətin Bakı şəhərindəki dayanacağına yerləşdirilmiş, servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4546 manat ziyan dəyməsi müəyyənləşdirilmişdir. Sığorta hadisəsi ilə əlaqədar iddiaçı sığorta edənə yazılı müraciət etmiş, lakin ona sığorta pulunun lizinqə ödəniləcəyi bildirilmiş və maşın onun əlindən alınmışdır. Baş vermiş sığorta hadisəsi Yol Polisinin arayışı və cavabdehin əməkdaşlarının müvafiq iştirakı ilə rəsmiləşdirilmişdir. İddiaçı isə maşından istifadə edə bilmədiyi üçün bu müddət ərzində ödənişləri həyata keçirə bilməmişdir. Onda olan məlumata görə cavabdeh sığorta pulunu almışdır. Belə olan halda hesab edir ki, sığortadan alınan vəsait hesabına maşın təmir edilməli ona verilməli və o ödənişlərini davam etdirməlidir. İddiaçı qrafik üzrə məbləği o halda ödəməyə razı olar ki, ödənişin sonunda danışdıqları kimi iddiaçının müliyyətinə keçmək şərti ilə maşın özünə qaytarılsın. Suala cavab olaraq bildirir ki, hadisədən sonra heç bir ödəniş etməmişdir. Müqaviləni şəxsən özü imzalamışdır. Sığortaya müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı ilə bağlanmış müqavilənin müddəti bitmiş, həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Müqavilədə qeyd olunur ki, iddiaçının lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq müvafiq ödənişləri etməlidir. Sığorta şirkəti onlara pul ödəməmişdir. Əgər iddiaçı aylıq ödənişləri vaxtında etsəydi maşını aparardı. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan lizinq verən qismində Cavabdeh MMC ilə lizinq alan qismində İddiaçı arasında bağlanmış 04.03.2014-cü il tarixli, AL-00062 nömrəli daxili lizinq müqaviləsinin surətinə əsasən lizinq verən müqaviləyə 1 saylı əlavədə göstərilən “Azsamand Runna” minik markalı, boz rəngli, ban nömrəsi 037245 olan avtomobili 48 ay müddətinə 13279 manat müqabilində lizinq alanın müvəqqəti sahibliyinə verməyi, lizinq alan isə müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.10-cu bəndinə əsasən lizinq obyektinin təmirlə bağlı və ya hər hansı digər səbəb üzündən faktiki istifadə edilməməsi zamanı, əgər bu hal lizinq verənin günahı ucbatından baş verməyibsə lizinq alan lizinq ödənişlərini tam həcmdə həyata keçirməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. Həmin müqavilənin 16.7-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. İş materiallarında olan AC № 215230 saylı, 04.03.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Runna” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İXP 404806 saylı, 17.07.2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən 07.07.2016-cı il tarixdə “Runna” minik markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 baş vermiş yol nəqliyyat hadisəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini pozmaqla təqsirli bilinmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 025 nömrəli, 01.02.2022-ci il tarixli məktubuna əsasən İddiaçı ilə bağlanmış 04.03.2014-cü il tarixli, AL-00062 saylı daxili lizinq müqaviləsi ləğv olunduğundan mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan “Runna” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yenidən İddiaçı müvəqqəti istifadəsinə verilməsi mümkünsüzdür. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan avtomobil cavabdehin mülkiyyətindədir. Tərəflər arasında 04.03.2014-cü il tarixdə 48 ay müddətinə bağlanmış lizinq müqaviləsinə əsasən cavabdeh avtomobili iddiaçının müvəqqəti sahibliyinə vermişdir. 17.07.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız hala düşmüş, iddiaçı bundan sonra avtomobildən istifadə edə bilməmiş, həmçinin müqavilə üzrə ödənişləri etməmişdir. Hazırda iddiaçı cavabdehlə bağlanılmış müqaviləyə əsasən avtomobilin təmir olunmuş şəkildə ona qaytarılmasını tələb edir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə bağlanmıış müqavilənin müddəti bitdiyindən iddia əsassızdır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən edilir ki, iddiaçı sonuncu dəfə 28.06.2016-cı il tarixdə ödəniş etmiş və avtomobil 17.07.2016-cı il tarixədək onun istifadəsində olmuşdur. Həmçinin iddiaçı da öz ifadəsində 17.07.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra həmin avtomobilin geri alındığını və bundan sonra lizinq müqaviləsi üzrə heç bir ödəniş etmədiyini bildirir. Yəni, maşın iddiaçının sahibliyindən 2016-cı ildə çıxmış, iddiaçı ondan sonra müqavilə üzrə öhdəliyini pozaraq ödənişləri dayandırmış və məhkəməyə 5 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Tərəflər arasında 04.03.2014-cü ildə bağlanmış müqavilənin müddəti 04.03.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən 04.03.2014-cü il tarixli, AL-00062 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Runna” minik markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE3ET037245 ban, 68893 mühərrik nömrəli, boz rəngli avtomobilin iddiaçının qrafik üzrə müvafiq ödənişləri etməyi ilə ödənişin sonunda razılaşmaya görə onun mülkiyyətinə keçməsi şərti ilə tam təmir olunaraq iddiaçıya qaytarılması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən 04.03.2014-cü il tarixli, AL-00062 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Runna” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE3ET037245 ban, 68893 mühərrik nömrəli, boz rəngli avtomobilin iddiaçının qrafik üzrə müvafiq ödənişləri etməyi ilə ödənişin sonunda razılaşmaya görə onun mülkiyyətinə keçməsi şərti ilə tam təmir olunaraq iddiaçıya qaytarılması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar