Məhkəmə qərarları › İş №2(004)-1686/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1686/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1686/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent **********40030 nömrəsinə hesablanmış 456,22 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri ünvan 1 ünvanındakı ev 2021-ci il tarixinədək onların istifadə və sahibliyində olmuşdur. Həmin evə dair cavabdehlə aralarında olan müqaviləyə əsasən fasiləsiz işıqla təmin edilmiş və müvafiq ödənişlər edilmişdir. 2021-ci ildə həmin ev şirkət tərəfindən satın alındığından iddiaçı ailəsi ilə oradan köçmüş və söküntü işləri aparılmışdır. Bu yaxınlarda həmin abonent koduna 456.22 manat borcun yazıldığı müəyyən edilmişdir. O, ASAN Kommunal Mərkəzinə məsələnin aydınlaşdırılması üçün müraciət etmiş, ona abonent saldosu təqdim edilmiş və həmin saldoda 456.22 manat borcun yazıldığının şahidi olmuşdur. Bu borcun necə yarandığı ilə bağlı sözügedən idarəyə müraciət etsə də, ona hər hansı bir cavab verilməmiş, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İstifadə etmədiyi elektrik enerjisinə görə hesablanmış borcu əsassız sayır. Belə ki, sayğaca da müdaxilə edilməmiş və qanunsuz heç bir əlavə xəttə qoşulmamışdır. Belə olsaydı, bu məbləğdə borca görə işıq təhcizatından istifadə dayandırılmış olardı. Hesab edir ki, onun adına hesablanmış borc əsassız olduğundan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Nümayəndə bildirdi ki, bu borc tələb edilməyən borclar kateqoriyasına aiddir və saldoda da məhz həmin qrafada qeyd olunub. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: 40 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu (Hərbi şəhərcik, Qırmızı Şərq) Eldar Ağayev küçəsi ev 104, 30 saylı mənzilin sahibidir. 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə mənzildə məskunlaşmışdır. 2021-ci ildə Şirkət tərəfindən mənzil sökülmüşdür. Abonent kodu **********40030 nömrəli, Bakı şəhəri ünvan 1 ünvanında yaşamış İddiaçı saldosundan görünür ki, tələb edilməyən borc kateqoriyasından borc 456,22 manat, tələb edilən borc kateqoriyasından borc 0 manatdır. O cümlədən, sayğac oxuması 7269,20 manat, aktlar üzrə borc 3505,28, ödəmələr 3763,92 manatdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı silinməsini tələb etdiyi borc tələb edilməyən borc kateqoriyasına aiddir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 456,22 manat borc tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, işin yuxarıda şərh edilən hallarına əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan 456.22 manat məbləğində borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********40030 saylı abonent kodu üzrə İddiaçı hesablanmış 456,22 (dörd yüz əlli altı manat iyirmi iki qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar