Məhkəmə qərarları › İş №2(004)-1687/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1687/2023

16.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1687/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və "xxxx" MMC arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 28 dekabr 2017-ci il tarixli müqavilənin və 28 dekabr 2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məhkəməyə müraciət edərək Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı saylı işlə əlaqədar icra vərəqəsi üzrə Yasamal rayon icra məmuru tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın və xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsini bu formada əsaslandırmışdır ki, icra nəticəsində İddiaçı təhvil verilmiş mənzil, onunla "xxxx" MMC arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən ona məxsusdur. Lakin icra olunan zaman İddiaçı təhvil verilmişdir. Ərizədə əlavə olaraq da 28 dekabr 2017-ci il tarixli Maliyyə Arayışını əsas göstərmişdir ki, o mənzilin əvəzi olaraq 191000 manatı tam olaraq ödəyib. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 8(004)-830/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Bu qərardaddan onun tərəfindən şikayət verilmişdir. Hal-hazırda mənzil İddiaçı mülkiyyətindədir. İcra nəticələrinin ləğvi ilə bağlı Yasamal rayon Məhkəməsinə birinci dəfə şikayət olunmuşdur. Bu zaman 2(004)-364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Bu zaman Yasamal rayon Məhkəməsində iş araşdırılarkən məhkəmə prosesində iddiaçının nümayəndəsi X5 etiraf etmişdir ki, 28 dekabr 2017-ci il tarixli müqavilədə göstərilmiş 191.000 manatı “ARAZ T.İ.“ MMC-yə ödəməmiş, MMC ilə əlaqəsi olmayan Sakit Məmmədov adlı şəxsə bir hissəsini ödəmişdir. Baxmayaraq ki, o əvvəl qeyd etmişdir ki, o pulu "xxxx" MMC-nin nümayəndəsinin yanında vermişdir. Nümayəndənin məhkəmə iclasında ödəniş olunmadığını bildirdikdən sonra o pulu başqa bir şəxsə verdiyini etiraf etmişdir. Baxmayaraq ki, bu hal da sual altındadır. Lakin adı çəkilmiş şəxsin onsuz da, “ARAZ T.İ.“ MMC ilə əlaqəsi yoxdur. Bundan başqa "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə imzalanarkən Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü ilə qeyd edilmiş müqavilədə direktor kimi imzası olan X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yəni, müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixində "xxxx" MMC-nin direktoru X12 ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hansı ki, həmin zaman "xxxx" MMC-nin qanuni təmsilçi X12 deyildi. Bu barədə Yasamal rayon Məhkəməsində araşdırma aparılarkən Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya verilmiş 21 fevral 2022-ci il tarixli cavabda qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü xx.xx.2017-ci il tarixində icra edilərək X6 adı hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, o, xx.xx.2018-ci il tarixdə cəmiyyətə yenidən direktor təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən müqavilə və maliyyə arayışı əsasında məhkəməyə müraciət edilmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardadan iddiaçı tərəfindən verilmiş şikayəti təmin edilmiş və qərardad ləğv edilmişdir. Həmçinin, mübahisələndirilən maliyyə arayışı ciddi hesabat blankı deyildir. Ciddi hesabat blanklarını siyahısı Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarda maliyyə arayışı ciddi hesabat blankı kimi göstərilməmişdir. "xxxx" MMC də həmin vaxt hesaba 191000 manatın daxil olması barədə sənəd verə bilməz. Həmçinin, Cavabdeh1 tərəfindən də kassa mədaxil qəbzi tədim edilməmişdir. Ona görə də hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilinin izahatı ilə razı olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının evi ilə bağlı məhkəmə qətnaməsi var. Bakı Apelyasiya Məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Onunla iddiaçı ilə 2005-ci il tarixdə müqavilə bağlanmış və onun mənzili həmin binada ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşən 2-ci blok 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzildir. Cavabdehin mənzili isə 1-ci girişdə olan 9 nömrəli mənzildir. İcra sənədi səhv icra edilmişdir. İddiaçı müqaviləni bağlayanda binanın heç bünövrəsi də qoyulmamışdır. X12 icra sənədinə də imza atmışdır və onun səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh imza səlahiyyətinin olub-olmamasını bilməyə borclu deyildir. Ödənişi ödəyib mənzili almışdır. İddiaçının mənzili başqa mənzil olduğundan onun hazırki iddianı aldırmaq üçün subyektiv hüququ yoxdur. Mənzilin dəyərinin ödənilməsi maliyyə arayışı ilə təsdiq edilir. Cavabdeh mənzilin dəyərini hissə-hissə ödəmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 fevral 2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək direktoru X12 olmuşdur. X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1-(004)-377/2016 nömrəli hökmü xx.xx.2017-ci il tarixdə icra edilərək X13 direktor olaraq hüquqı şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra xx.xx.2018 tarixdə X12 yenidən Cəmiyyətə direktor təyin edilmişdir. Hazırkı dövlət reyestr məlumatlarına əsasən huquqi şəxsin təsisçisi X17 qanuni təmsilçilik funksiyasına malik direktoru isə X8r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 1(004)-377/2016 nömrəli hökmünə əsasən, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli ozünüidarə orqanlarında habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “ARAZ T.İ.“ MMC ilə Cavabdeh1 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “ARAZ T.İ.“ MMC Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanındakı 558 və 566-cı məhəllələrdə yerləşmiş “ARAZ T.İ.“ MMC-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “ARAZ T.İ.“ MMC tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli maliyyə arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “ARAZ T.İ.“ X2 məxsus yaşayış binasının 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 191 kv.m olan 4 mənzilin payçısı Cavabdeh1 tərəfindən “28” dekabr 2017-ci il tarixli müqavilə üzrə ümumi pay dəyəri 191000 manat ödənilmişdir. Payçı tərəfindən ödəniş tam şəkildə həyata keçirilmişdir. Cavabdeh1 “ARAZ T.İ.“ MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş cavabdeh "xxxx" MMC-nin tikilməkdə olan binasında 2ci blok 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə "ARAZ-Tİ” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən MMC ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul edərək, qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi ödəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 111.840 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(103)- 8906/2017 saylı qətnaməsinə əsasən, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48, 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 m2 olan 09 nömrəli mənzilə və 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 186.4 m2 olan 107 nömrəli mənzilə baxış keçirilmişdir. Yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48, 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanın 1-ci giriş, 4-cü mərtəbə və 5-ci mərtəbələrinə baxış keçirilərkən mənzillərin soldan sağa nömrələndiyi, binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 m2 olan 09 nömrəli mənzilində İddiaçı tərəfindən təmir işləri gördüyü məlum olmuşdur. Həmçinin, binanın 2-ci giriş, 4cü və 5-ci mərtəbələrinə baxış keçirilərkən mənzillərin sağdan sola nömrələndiyi, binanın 2-ci giriş, 4-cü mərtəbəsində 85, 86,87,88 nömrəli mənzillərin yerləşdiyi müəyyən edilmişdir. Məlum oldur ki, 107 nömrəli mənzil 2-ci giriş, 4-cü mərtəbədə deyil, 9-cu mərtəbədə yerləşir. Lakin mənzilin qapısı bağlı olduğundan və açarları mənzilin sahibində olduğundan mənzilə daxil olmaq mümkün olmamışdır. İş materiallarında olan icra məmurları Şahid2, Şahid1, tələbkar İddiaçı, onun nümayəndəsi X10, hal şahidləri X16 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədinin icra edilməsi üçün binanın 4-cü mərtəbəsində yerləşən mənzil tələbkar İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, icra sənədinin icrası təmin edilmişdir. İcra zamanı icra yerinə iş üzrə borclu "xxxx" MMC-nin rəhbəri X12 da gəlmiş və sözügedən mənzilin tələbkar İddiaçı sahibliyinə və istifadəsinə verilməsinə heç bir etirazının olmamasını bildirmiş və mənzilin tələbkar İddiaçı məxsus olduğunu qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-364/2022 saylı mülki iş materiallarından görünür ki, mülki iş üzrə 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı izahatında bildirmişdir ki, “icra sənədi üzrə akt tərtib edilərkən binada heç bir mənzilin nömrələnməsi düzgün aparılmamışdı. Hətta binada ona təhvil verilməli olan 186 m2 sahəsi olan mənzil mövcud olmamışdır. Buna görə də ona oxşar ölçülü 4 otaqlı mənzil təhvil verilmiş və ona bildirilmişdir ki, həmin mənzilin sahəsi bir az artıq olmaqla 191 m2 təşkil edir. Ona görə də ona təklif edilmişdir ki, gələcəkdə artıq sahənin pulunu MTK-ya ödəsin. O, mənzildə müəyyən təmir işlərinə başlasa da, sonradan maddi imkanım çatmadığına görə təmiri yarımçıq dayandırmışdır. Həmçinin 03 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı izahatında bildirmişdir ki, mənzili icra məmuru ona əsassız olaraq təqdim etməmişdir. İcra hərəkətləri həyata keçirilən zaman mənzildə o, Ramiz Qazaxlı və iki nəfər icra məmuru iştirak edib. 107 saylı mənzil digər blokda yerləşirdi. Sahəsi isə 75 m2 idi. Mərətəbə və sahəsinə görə 9 saylı mənzil ona satılan evə uyğun idi. Mənzil 4 otaqlı idi. Ona bildirmişlər ki, 5 m2 sahə artıqdır və onun pulunu da sonra ödəyər. Lakin, sonradan ölçdürəndə mənzilin sahəsinin 19 m2 əksik olduğunu aşkar etmişdir.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o icra məmuru işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədinin icrası zamanı qeyd edilən binaya getmişlər. Mənzillərdə nömrələnmə problemi var idi və mənzillər nömrələnməmişdir. Onlar MTK-nın nümayəndəsini dəvət etmişlər. Məhkəmənin qətnaməsində mənzilin faktiki sahəsi bəlli idi. Həmin sahəyə uyğun digər mənzil MTK-nın nümayəndəsinin iştirakı ilə təhvil verilmişdir. Binada mənzili tapmaq mümkün deyildi. Qətnamədə göstərilən sahəyə uyğun mənzil ümumiyyətlə yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bina ümumiyyətlə problemi binadır. Mənzil təhvil veriləndə binaların nömrələri yox idi. Bu məsələni aydınlaşdırmaq üçün icra prosesinə MTK-nın nümayəndəsi dəvət edilmişdir. MTK-nın nümayəndəsi 2-ci blokun həmin blok olduğunu və mənzilin Məlahət xanıma məxsus olduğunu qeyd etmişdir. O, həmin vaxt mənzilin mülkiyyətçisi olub-olmadığını soruşmuş, MTK-nın nümayədəsi isə cavabında mənzilin mülkiyyətçisi olduğu təqdirdə qapısının köhnə deyil, təzə olmalı olduğunu bildirmişdir. Onlar mənizlin təhvil verilməsini aktlaşdırılmış və icra sənədi üzrə icraata xitam vermişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı mübahisəsini etdiyi mənzillə bağlı subyektiv hüquq sahibi deyildir. İddiaçı ilə "ARAZ-Tİ” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzillə bağlı olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilməli olan mənzil də məhz həmin müqavilədə nəzərdə tutulan mənzil olmuşdur. İcra prosesində mənzillərin nömrələnməməsi və MTK-nın nümayəndəsinin təklifi ilə iddiaçıya digər blokda yerləşən ayrı mənzil təhvil verilmişdir. İcra prosesində iddiaçıya hər hansı səbəbdən icra sənədində göstərilən mənzil əvəzinə digər mənzilin verilməsi, ona bundan əvvəl həmin mənzillə bağlı “ARAZ T.İ.“ MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını mübahisələndirmək hüququ vermir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı qeyd edilən mənzillə bağlı hər hansı hüquqa malik olmadığından, qeyd edilən məznillə bağlı bağlanmış müqavilənin və maliyyət arayışının etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsinə əsasən, hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçı mübahisləndirilən müqavilədə direktor kimi imzası olan X6 məhkəmə hökmünə əsasən müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasına məhkum edildiyini və onun müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin direktoru ola bilməməsini, bununla da əqdin subyekt tərkibinə görə qüsurlu olduğunu əsas gətirərək, müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə subyekt tərkibi qüsurlu olan, hüquqi şəxslərin iştirak etdiyi etibarsız əqdlərin iki növü fərqləndirilir: hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdlər (MM-in 349-cu maddəsi); hüquqi şəxsin orqanlarının məhdudlaşdırılmış səlahiyyətlərini aşmaqla bağladığı etibarsız əqdlər ( MM-in 350-ci maddəsi). Hüquqi şəxsin orqanlarının məhdudlaşdırılmış səlahiyyətlərini aşmaqla bağladığı əqdlər üç şərt olduqda etibarsız hesab edilir. Birincisi, hüquqi şəxsin orqanlarının əqd bağlamaq səlahiyyəti məhdudlaşdırılmalıdır. İkincisi, hüquqi şəxsin orqanı və ya şəxs məhdudlaşdırılmış səlahiyyətdən kənara çıxır. Üçüncüsü, əqddə iştirak edən şəxs göstərilən məhdudiyyəti bilməli və ya bilməyə borclu olmalıdır. Məhkəmə qeyd edir ki, əqdi bağlayan “ARAZ T.İ.“ MMC ilə Cavabdeh1 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin bağlanması zamanı “ARAZ T.İ.“ MMCnin X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı ıl tarixli, 1-(004)-377/2016 nömrəli hökmü xx.xx.2017ci il tarixdə icra edilərək X13 direktor olaraq hüquqı şəxslərin dövlət reyestrindən çıxarılmış və onun “ARAZ T.İ.“ MMC-nin adından hərəkət etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən də cavabdehlə müqavilənin bağlanması zamanı da onun MMC-nin adından əqd bağlamaq səlahiyyəti olmamışdır. Göründüyü kimi, əqdin etibarsız sayılması üçün birinci və ikinci şərtlər mövcuddur. Lakin üçüncü şərtin mövcudluğu işin hallarına əsasən öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı Cavabdeh1 əqd bağlanarkən X6 müəyyən vəzifə tutma hüququndan məhrum edilməsi barədə hökmün qəbul edilməsindən məlumatı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, əqdin bağlandığı şərait və əqdin MMC-nin möhürü ilə təsdiq edilməsi halı da nəzərə alınaraq Cavabdeh1 bu barədə məlumatının olmaması ağlabatandır. Əlavə olaraq da, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq edilir ki, icra mərhələsində icra məmurlarına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanındakı 558 və 566-cı məhəllələrdə yerləşmiş “ARAZ T.İ.“ MMC-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili X12 tərəfindən müəyyən vəzifə tutma hüququndan məhrum edildiyi dövrdə göstərilmiş və mənzilin İddiaçı təhvil verilməsi barədə aktı da o imzalamışdır. Bu hal da onu göstərir ki, X12 müvəqqəti olaraq dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilsə də, faktiki olaraq vəzifəsinin icrasına davam etmişdir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, mübahisləndirilən müqavilənin “ARAZ T.İ.“ MMC-nin möhürü ilə təsdiq edilməsi və sonradan MMC tərəfindən mübahisələndirilməməsi, bununla da susmaqla razılığını bildirməsi əqdin bağlanmasının onun icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilməsini və əqdin bağlanmasını bəyənməsini, bununla da mübahisələndirilən əqdin etibarlı olduğunu təsdiq edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar