Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1689/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Ümüd Əkbərov 124 q ünvanda mənzilə qoyulmuş abonent kodu **********10030 olan sayğaca əsassız olaraq borc kimi yazılmış olan 1550 manatın Cavabdeh İstesalat Birliyi tərəfindən silinməsi və qanunsuz tutulmuş vəsaitin ona qaytarılmasını, ona və ailə üzvlərinə vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda abonent kodu **********0030 olmaqla Cavabdeh İstesalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 31.03.23-cü il tarixdə onlara heç bir məlumat vermədən sayğacı dəyişmişlər. Həmin gün saat 21 radələrində o, evə gələrkən qazın gəlmədiyini öyrənmişdir. Ev tamamı ilə soyuyub (evdə körpə uşaq olmaqla), qaz isə gəlmirdi. Qonşularla maraqlandılar, hamıda qaz gəlirdi. Nəhayət axtarıb tapdılar ki, qaz sayğacı dəyişilib, sayğacın üstündəki kranda bağlıdır. Sayğac dəyişilən zaman sayğacın üzərində əvvəlcədən ödəmə kartı olduğundan təqribən 230-250 m ehtiyat qaz var idi. 2023-cü ilin iyul ayında onlara şifahi olaraq dedilər ki, sayğaca baxılan zaman aşkar olunub ki, sayğacın daxilindəki plasmas boruda deşik aşkarlanıb. Özləri etiraf etdilər ki, sayğacın üzərindəki plomba toxunulmayıb. Ona görə də, onlara 1550 (bir min beş yüz əlli) manat cərimə tətbiq olunub. Əgər doğurdan da, sayğaca müdaxilə olunubsa, bu təqribən 2014-2015-ci illər ərzində qaz idarəsinin mütəxəssisləri tərəfindən sayğac ora qoyulmamışdan əvvəl baş vermişdir. Onlar isə mənzili xx.xx.2020-ci il tarixdə almışlar. Əsas 22.09.20-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestirindən çıxarış. Sözü gedən sayğac evindən üç küçə aralı, qaz idarəsinin dərvazasının önündə maşınların və adamların gur hərəkət etdiyi yerdə quraşdırılmışdır. Sayğac üç küçə onlardan aralı yerləşdiyindən ona nəzarət edə bilmirlər, buna borcluda deyillər. Ona görə də hesab edir ki, yazılmış cərimə əsassızdır. Onlar mənzili almamışdan qabaq 2017-ci ildəki sərfıyyat -0 m3, 2018-ci ildəki sərfıyyat - 510 m3, 2019-cu ildəki sərfıyyat - 1690 m3, 2020-ci ilin 1-3 rübündə - 1230 m . Onlar mənzili aldıqdan sonra 2020-ci ilin 4-cü rübündə - 900 m3, 2021-ci ildəki 3 sərfıyyat - 2660 m3, 2022-ci ildəki sərfıyyat - 2280 m3, 2023-cü ilin 1-ci rübündəki sərfıyyat -1230 m3 olmuşdur. Qaz idarəsinin verdiyi bu hesabatdan aydın olur ki, 2020-ci ilin 4-cü rübündən sonra qaz istehlakında artım olub nəyin ki, azalma. Buda sayğaca onlar tərəfindən müdaxilə olunmadığının sübutudur. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılan 1550 manatın silinməsi, tutulan məbləğin geri qaytarılması barədə qətnamə qəbul olunmalıdır. Əsassız və qanunsuz borcun hesablanması səbəbindən o, və ailəsi əsəbləşmiş ruhu sarsıntı keçirmiş və müxtəlif dövlət orqanlarına, həmçinin Cavabdehnə dəfələrlə gedib gəlməklə vaxt itirmişlər. Ona və ailəsinə vurulmuş mənəvi ziyanı 2000 (iki min) manat dəyərində qiymətləndirir. Məhkəmə mənəvi ziyanı təmin edərsə, bu ədalətli olar və cavabdeh tərəfindən gələcəkdə baş verə biləcək qanun pozuntusunun qarşısını almaqla digər şəxslərin hüquqlarının pozulmasının qarşısını alar. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh İstesalat Birliyi (abonent kodu **********10030 üzrə) tərəfindən hesablanmış 1550 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********10030 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********158 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14- 2-2/3-5-3510-1 saylı Akta əsasən “sayğacın çıxış plastmas borusu deşikdir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmək istəyirik ki, həmin hissədə iddia əsassızdır. Belə ki, hazırda iddiaçı əsassız hesablanmış borca görə böyük əsəb və stress keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********10030 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə etiraz və etirazının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutu yoxdur. xx.xx.2024-cü il tarixə təyin edilmiş baxış iclasının icraatında olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edərək iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən istehlakçı X3 aid qaz sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, X3 məxsus ünvan 3 ünvanında sayğacın kipləşdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmiş, 6x24x90=12960 m3. İş materiallarına əlavə edilmiş **********10030 saylı abonentin saldosundan görünür ki, 1 nəfərin qeydiyyatda olduğu, 4 gözlü qaz plitələri (PQ-4) (1/1) quraşdırıldığı ünvan 3 ünvanında yerləşən iddiaçiya aid ünvan üzrə abonent X3 2023-cü il tarixdə təbii qaz sərfiyyatına görə 1555,20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərtib olunan xx.xx.2023-cü il tarixli, ******* saylı akt cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev 124Q saylı mənzilə dair iddiaçı X1 hesabına (abonent kodu **********1000030) hesablanmış 1550 (bir min beş yüz əlli beş) manat məbləğində borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev 124Q saylı mənzilə dair iddiaçı X1 hesabına (abonent kodu **********1000030) hesablanmış 1550 (bir min beş yüz əlli beş) manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1689/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1689/2024
16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver