Məhkəmə qərarları › İş №2(004)-1703/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1703/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1703/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 dekabr 2021-ci il tarixə 527.82 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 270.59 manat dəbbə pulu, 230 manat dəymiş zərər, ümumilikdə 1028.41 manat borc və ödənilmiş 30.69 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220018 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X9 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 25 yanvar 2021-ci il tarixdə X9, X4 və İddiaçı MMC arasında MAS-1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 26 yanvar 2021-ci il tarixdə X4, X3 və İddiaçı MMC arasında MAS- 1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 04 fevral 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS- 1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 dekabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 230 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 dekabr 2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 29 noyabr 2019-cu il tarixli MAS- 1570 saylı’“Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 dekabr 2021-ci il tarixə 527.82 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 270.59 manat dəbbə pulu, ümumilikdə 798.41 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X9 arasında bağlanılmış 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən müəyyən olunur ki, X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220018 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhvil-təslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X9 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli X9, X4 və İddiaçı MMC arasında bağlanılmış MAS-1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli X4, X3 və İddiaçı MMC arasında bağlanılmış MAS-1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanılmış MAS-1570 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin 04.02.2021-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh 04.02.2021-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil almışdır. İş materiallarında olan 14.02.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 20 dekabr 2021-ci il tarixə 527.82 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 270.59 manat dəbbə pulu, ümumilikdə 798.41 manat borcu vardır. İş materiallarında olan 13.12.2021-ci il tarixli, 2637 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, cavabdehə daxili lizinq müqaviləsinə əsasən yaranmış borcunu dərhal ödəmədiyi təqdirdə, “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun və lizinq obyektinin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 25.12.2021-ci il tarixli qüsur aktının surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı MMC-nin Azərmaş Servisində ilkin baxış keçirilmiş və avtomobilə təmir və dəyişdirilmə işləri görülmüş və ümumilikdə xidmət haqqı 230 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, olan İddiaçı MMC ilə X9 arasında bağlanılmış 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220018 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sonuncu -04 fevral 2021-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Z.S. Əbdülqəlimovun 20 dekabr 2021-ci il tarixə 527.82 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 270.59 manat dəbbə pulu, ümumilikdə 798.41 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Nəhayət, Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, eləcə də həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməli olduğu halda, lizinq obyektini saz vəziyyətdə təhvil verməmiş, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 270.59 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 30 manat məbləğədək azaldılmalıdır. İddiaçının tərəflər arasında bağlanmış MAS-562 saylı, 27.11.2018-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 noyabr 2019-cu il tarixli MAS-1570 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 527.82 manat əsas borc, 30 manat cərimə, dəymiş zərərə görə 230 manat pul vəsaiti tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30,69 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. MAS-1570 saylı, 29 noyabr 2019-cu il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 527,82 manat əsas borc, 30 manat cərimə, dəymiş zərərə görə 230 manat, cəmi 787,82 (yeddi yüz səksən yeddi manat səksən iki qəpik) manat və ödənilmiş 30,69 (otuz manat altmış doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar