Məhkəmə qərarları › İş №2(004)-1710/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1710/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1710/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməklə, 6250 manat məbləğində pulun və ödənilməsini gecikdirdiyinə görə faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ya Renault Megane minik markalı, 2005 buraxılış ili, **-TJ-*** qeydiyyat nömrəli, VF1KMSF********** ban nömrəli nəqliyyat vasitəsini işlək vəziyyətdə iddiaçıya geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası İddiaçı mülkiyyətində olan Renault Megane minik markalı, 2005 buraxılış ili, **-TJ-*** qeydiyyat nömrəli, VF1KMSF********** ban nömrəli nəqliyyat vasitəsini 22 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Müqavilənin şərtlərinə əsasən avtomobilin satış qiyməti 7500 manat müəyyən edilmişdir. Müəyyən edilən məbləğ xx.xx.2021-ci ildən etibarən 12 ay müddətinədək hər ay 625 manat olmaqla satıcıya ödənilməli idi. Cavabdeh sadəcə 2 ay ödəniş edərək cəmi 1250 manat məbləğində ödəniş etmişdir. 6250 manat pulu ödəmir. Dəfələrlə cavabdehə yaranan mübahisəni məhkəmədənkənar aralarında həll etməyə çalışsa da, heç bir nəticə verməmişdir. Cavabdeh öhdəliklərini icra etmədiyindən nəticədə ona zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi var və müqavilənin tələblərinə əməl olunmur. Cavabdeh avtomobili götürüb pul ödəməlidir, lakin nə avtomobil var, nə də pul. Bir neçə gün qabaq cavabdehin əlaqə nömrəsi tapıldı. Özü onunla əlaqə saxlamışdır, deyir ki, maşın Yardımlıdadır, qəzalı vəziyyətdədir, 5000 manat maşının xərci var, məhkəmə iclasında iştirak edəcək və puldan boyun qaçırmır. Bir ildir ki, məbləği ödəmir. Avtomobili cavabdehə satmışlar. Avtomobil hazırda iddiaçının adınadır. Avtomobilə axtarış verilib. Avtomobil hazırda istifadə olunmur. 2 dəfə 635 manat olmaqla, ödəniş edib. 10 ay ödəniş etməyib. O, avtomobilin ilkin vəziyyətdə, əgər bu mümkün olmazsa, məbləği istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı məxsus Renault Megane minik markalı, 2005 buraxılış ili, **-TJ-*** qeydiyyat nömrəli, VF1KMSF********** ban nömrəli avtomobilə dair alıcı Cavabdeh ilə hal-hazırda və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər. Həmin müqavilənin şərtlərinə görə 2.1. Avtomobilin satış qiyməti 7500 manat müəyyən edilir; 2.2. Alıcı 2.1-ci bənddə müəyyən edilən pulu xx.xx.2021-ci il tarixdən etibarən 12 ay müddətinədək hər ay 625 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürür; 2.4. Satıcı qalan pul ona tam ödənildikdən sonra AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışı alaraq avtomobili alıcıya satmağı və alıcı ilə əsas (alqı-satqı) müqaviləni bağlamağı və avtomobili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 2.6. Alıcı bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulan müddətə satıcıya avtomobilin müqavilədə nəzərdə tutulan qiymətinin qalan məbləğini ödəməklə əsas (alqı-satqı) müqaviləsini bağlamağı öhdəsinə götürür; 2.7. Alıcı bu müqaviləni pozduğu halda nəqliyyat vasitəsini sahibinə əldə etdiyi vəziyyətdə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, Renault Megane minik markalı, 2005 buraxılış ili, **-TJ-*** qeydiyyat nömrəli, VF1KMSF********** ban nömrəli avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı məxsus Renault Megane minik markalı, 2005 buraxılış ili, **-TJ-*** qeydiyyat nömrəli, VF1KMSF********** ban nömrəli avtomobilə dair alıcı Cavabdeh ilə hal-hazırda və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliklərini icra etmir. Belə olduğu halda müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin şərtləri məhz cavabdeh tərəfindən pozulmuşdur. Yuxarıda göstərilən ilkin alqı-satqı müqaviləsinin 2.7-ci bəndinə əsasən isə alıcı bu müqaviləni pozduğu halda nəqliyyat vasitəsini sahibinə əldə etdiyi vəziyyətdə qaytarmağı öhdəsinə götürür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh “Renault Megane” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı (rəngi: qara metallik, Ban nömrəsi: VF1KMSF**********, Buraxılış ili: 2005) avtomobil alınaraq İddiaçı qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “Renault Megane” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı (rəngi: qara metallik, Ban nömrəsi: VF1KMSF**********, Buraxılış ili: 2005) avtomobil alınaraq İddiaçı qaytarsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar