Məhkəmə qərarları › İş №2(004)-1718/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1718/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1718/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı X7 cavabdeh “İcbari Sığorta Bürosu” X5rşı icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: bonus-malus) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X11, cavabdehin nümayəndəsi X12 iştirakları ilə, iddiaçı X7 cavabdeh “İcbari Sığorta Bürosu” X5rşı icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin bərpa edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “İcbari Sığorta Bürosu” X13 tərəfindən İddiaçı göndərilmiş məktubdan görünür ki, Büronun inforasiya sistemində axtarış zamanı ərizəçinin adına rəsmiləşdirilmiş PDS********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN: 99ZS823) xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə sığorta hadisələri qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 51.3-cü maddəsinə əsasən, həmin Qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Göründüyü kimi, müqaviləyə xitam vermək hüququndan istifadə edilmədiyinə, həmçinin sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yol- nəqliyyat hadisəsi zamanı ərizəçinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini ərizəçinin bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən sığortalamışdır (qanuni əsaslarla) və nəticədə sözügedən sığorta hadisəsi ərizəçinin bonus-malus əmsalına təsir göstərmişdir. Bununla yanaşı son bir il ərzində ərizəçinin adına bütün BM qrupları üzrə 428 gündən çox müddətdə icbari sığortalanmış BM subyekti kimi qeydə alınmışdır və bonus-malus əmsalı 3 olaraq hesablanmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.4-cü bəndinə əsasən məsuliyyəti son bir il ərzində bütün BM qrupları üzrə 428 gündən çox müddətdə icbari sığortalanmış BM subyekti avtopark olan BM subyekti kimi qeydə alınır.

2. Binəqədi rayon DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X4 tərəfindən idarə olunan “Volkswagen Jetta” markalı, **-ZS- *** nömrəli avtomobili ilə “Chevrolet Lacetti” markalı avtomobilin sol yan hissəsinə zərər vurulmuşdur.

3. Bakı şəhər DYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı X4 tərəfindən idarə olunan “Volkswagen Jetta” markalı, **-ZS-*** nömrəli avtomobili ilə “Kia Forte” markalı avtomobilin arxa hissəsinə zərər vurulmuşdur.

4. PDS********** nömrəli nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus “Volkvagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Baza sığorta haqqı 50, bonus-malus əmsalı 0,5 olmaqla sığorta haqqı 66,41 manat təşkil etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya münasibətdə icbari sığorta ilə bağlı tətbiq edilən güzəştlərin (bonus-malus) bərpa edilməsi və ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, “Volkvagen Jetta minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Avtonəqliyyat vasitəsi sığortalanmışdır. X1 avtonəqliyyat vasitəsinə dair etibarnamə verilmişdir. Sürücülük hüququ əldə etdiyi vaxtdan X2 avtonəqliyyat vasitəsinə dair etibarnamə verilən tarixədək heç bir sığorta hadisəsi törədilməmişdir. Nəticəsidir ki, nümunəvi sürücü olduğu və avtonəqliyyat vasitəsini idarə etdiyi dövrdə heç bir sığorta hadisəsi törətmədiyimdən sığorta müqaviləsi üzrə sığorta haqqı azaldılmış, maşının icbari sığortası üçün müqavilə üzrə ödənilən məbləğ 50 manata qədər düşürülmüşdür. Eyni zamanda bildirir ki, etibarnamə əsasında istifadəsində olan və avtonəqliyyat vasitəsini idarə edən zaman X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində, xx.xx.2023-cü il tarixində Binəqədi-Balaxanı yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati icraata başlanmış və X3 hər iki hadisədə təqsirli hesab edilmişdir. Hazırda ona məxsus olan “BMW 320D minik” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta edən zaman bəlli olmuşdur ki, X3 tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi səbəbindən tətbiq edilən bonuslar silinmiş və sığorta müqaviləsi üzrə ödəniş 225 manata qaldırılmışdır. Halbuki, arayışlardan da görünür ki, yol-nəqliyyat hadisəsi onun tərəfindən deyil, etibarnamə əsasında avtomobili istifadəsinə qəbul etmiş və idarə etmiş X3 tərəfindən törədilmişdir.

b) iddiaya etiraz

7. İddia tələbinə qarşı etirazın dəlillərinə əsasən, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığortalıya - yəni sığorta müqaviləsinin tərəfinə (İSH Qanunun 53.3-cü maddəsi) münasibətdə sığorta haqqı artması və ya azalmasından ibarətdir. “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya ifadəçisinə şamil edilir. Qanunun 8.5-ci maddəsinə əsasən Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. Yəni, müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak icarəyə, etibarnamə ilə digər şəxsə verildikdə, həmçinin özgəninkiləşdirildikdə yeni icbari sığorta müqaviləsinin bağlanmasına zərurət yoxdur. Buna səbəb, Qanunun 53.4-cü maddəsidir. Belə ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin (icbari sığorta qanunvericiliyinə görə sahib anlayışı 53.1-cimaddidə qeyd edilmişdir) mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qeyd olunan qanunvericilik normalarının mənası ondan ibarətdir ki, əmlaka dair mülkiyyət və ya istifadə hüququnun digər şəxsə verilməsi zamanı, zərərçəkənlər üçün sığorta təminatının fasiləsizliyi təmin edilsin. Eyni zamanda nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda, sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq, müqaviləyə dərhal xitam vermək hüququ verir. Əgər qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin eyni zamanda, bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir məcburiyyəti və ya öhdəliyi yoxdur. Sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, onun tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış hesab edilsin. ... Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilmədikdə, sığortaçı bu dəyişiklikdən məlumatlı olmadığından, sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququndan məhrum olur, razı olacağı təqdirdə isə müqaviləyə birtərəfli dəyişikliyin edilməsi onun imkanı xaricində olur. Nəticədə sığorta müqaviləsi üzrə sığortaçı əvvəlki şərtlərlə, yəni əvvəlki sığortalı ilə hüquqi müsibətləri davam etdirmiş sayılır. Sığortalı tərəfindən öhdəliyin, yerinə yetirilməməsi halında sığortaçı müqaviləyə birtərəfli qaydada dəyişiklik edə bilmir və ya nəqliyyat vasitəsinin yeni mülkiyyətçisini/sahibini sığortalı kimi tanıya bilmir. Sığortaçının özgəninkiləşdirmənin baş verməsi barədə məlumat almaq üçün texniki imkanı və hüquqi vasitələri yoxdur ki, özgəninkiləşdirilmənin baş verib-vermədiyini müəyyən etsin. Bu halda, nəinki yeni mülkiyyətçini müqavilənin tərəfi kimi tanımaq, hətta yeni mülkiyyətçinin etibarnamə/icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək üçün təyin etdiyi digər şəxsi belə sığorta müqaviləsinə daxil etmək mümkün olmur. Çünki, sığortalı müqavilə üzərindən nəinki özünün, həm də həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan istədilən şəxsin məsuliyyətini sığortalayır, həmin şəxsin yarada biləcək risklərini, məsuliyyəti üzərinə götürür. Məhz buna görə nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və va ümumi xitam əsaslarından əlavə olaraq müqaviləyə dərhal xitam vermək hüququ verilir. Mövcud qüvvədə olan sığorta müqaviləsinə əsasən (nə müqavilənin xitamı, nə də etibarsız hesab edilməsi ilə bağlı tərəflər iradə ifadəsini bildirməyib) sözügedən nəqliyyat vasitəsini idarə edən şəxsin mülki məsuliyyəti müqavilə tərəfi olan İddiaçı tərəfindən sığortalandığından baş vermiş hadisələrə görə məhz onun sığorta tarixçəsinə malus tətbiq edilmişdir. Mövcud və qüvvədə olan müqavilə üzrə məsuliyyəti sığortalanmış X2 malusun tətbiqi edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil və qanunla nəzərdə tutulmamışdır. Sığorta müqaviləsi bağlanarkən bonusun və ya malusun hesablanmasının inzibati tənbehin ödənilib-ödənilməməsi ilə hər hansı bir əlaqəsi yoxdur, İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibatı tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Sığorta müqaviləsi və ondan irəli gələn münasibətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri və məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmir.

c) məhkəmə icraat iştiakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın dəlillərinə uyğun izahat verib, iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz; Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır; Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur; Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; Maddə 3.1. Bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır: 3.1.3. sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması; Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir; Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir; Maddə 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir; Maddə 8.5. Bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919–921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır; Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; Maddə 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir; Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir; Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir; Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

12. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Maddə 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

13. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası: Maddə 1.2.1. Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi; Maddə 1.2.2. BM subyekti – barəsində BM sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxs; Maddə 2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ... qaydada hesablanır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı mülkiyyətində olan və icbari sığorta müqaviləsinin predmeti olmuş “Volkswagen Jetta” markalı, **-ZS-*** nömrəli avtomobili etibarnamə əsasında digər şəxsin istifadəsinə vermiş, sonuncu isə avtonəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisələri törətmiş, hadisələrdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində avtomobilin mülkiyyətçisi – hazırkı iş üzrə iddiaçıya malus əmsalı tətbiq edilərək, icbari sığorta müqaviləsi üzrə tətbiq olunan güzəştlər silinmişdir.

17. İddiaçı güzəştlərin bərpa edilməsini tələb edərək, ona istinad edir ki, yolnəqliyyat hadisələrində onun təqsiri olmamışdır, o ümumiyyətlə sürücülük tarixçəsində heç bir yol-nəqliyyət hadisəsi törətməmişdir. O hazırda mülkiyyətində olan başqa bir avtomobili - “BMW 320D” markalı, **-GT-*** nömrəli avtomobili sığorta etdirmək istəyir. Belə olan halda, başqa şəxsin təqsirli bilindiyi hadisələrə görə ona tətbiq olunan güzəştlərin silinməsi qanuni olmamışdır.

18. İddia tələbinə etirazın əsas dəlili isə ondan ibarətdir ki, bonus-malus (bundan sonra – BM) qaydalarına əsasən BM sığorta olunana yox, sığortalıya tətbiq edilir. Ona görə də üçüncü şəxsin törətdiyi sığorta hadisəsi nəticəsində malus əmsalı – sığorta müqaviləsi üzrə tərəf – sığortalı İddiaçı (iddiaçıya) tətbiq edilmişdir.

19. Odur ki, hazırkı iddianı maddi-hüquqi əsaslar baxımından yoxlayarkən qiymətləndirilməli məsələ sığorta müqaviləsinin tərəfi olan nəqliyyat vasitəsinin mülkiyyətçisinə avtomobili mülki hüquqi əqd əsasında digər şəxsin istifadəsinə verdikdən sonra həmin avtomobilin sürücüsü tərəfindən törədilmiş sığorta hadisəsi nəticəsində öz mülkiyyətində olan başqa bir avtomobilin sığortası zamanı malus əmsalının tətbiq edilə bilib-bilməyəcəyidir.

20. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydasının 1.2.1-maddəsində BM sisteminin açıqlaması verilmişdir.

21. Sözügedən qaydadan ilk növbədə aydın olur ki, BM məhz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tətbiq olunur. Anlayışa əsasən isə BM sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

22. Göründüyü kimi, hazırkı halda tərəflər arasında BM sisteminin necə və hansı qaydada tətbiq edilməli olmasına dair fikir ayrılığı mövcuddur, belə olan halda isə dispozisiyada adıçəkilən və sığorta fəaliyyətində istifadə olunan anlayışlara diqqət yetirilməli, bu anlayışlar icbari sığorta ilə bağlı tənzimləyici normalarla birlikdə, mülki hüququn və onun yarımsahəsi kimi sığorta hüququnun prinsipləri fonunda kompleks şəkildə qiymətləndirilməlidir.

23. Artıq qeyd olunduğu kimi, BM - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

24. Nəqliyyat vasitəsinin sürücüsü - nəqliyyat vasitəsini faktiki idarə edən şəxsdir. Bunun üçün hər hansı əlavə normativ akta baxmağa ehtiyac yoxdur.

25. Sığorta hadisəsi – Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

26. Sığortalı – Mülki Məcəllənin 884.4-cü maddəsinə əsasən, sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həm “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.4-cü maddəsində, həm də “İcbari sığortalar haqqında” Qanunun 5.2-ci maddəsində də oxşar anlayışlar verilmiş, sığorta müqaviləsinin tərəfi olan subyektin sığortalı hesab olunduğu təsbit edilmişdir.

27. Hazırkı halda sığortalı – İddiaçı olmuş, o mülkiyyətində olan başqa bir avtomobili üçüncü şəxsin etibarnaməli idarəçiliyinə vermiş, avtomobilin sürücüsü olaraq üçüncü şəxsin təqsiri nəticəsində sığorta hadisələri qeydə alınmışdır.

28. “İcbari sığortalar haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya ifadəçisinə şamil edilir.

29. Göründüyü kimi, etirazın əsas dəlili qanunun bu norması ilə təkzib olunur. Sığorta müqaviləsinin predmeti olan əmlakın sahibi dəyişdikdə yeni sığorta müqaviləsinin bağlanması tələb olunmur və sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya ifadəçisinə şamil edilir.

30. BM sisteminə əsasən sığorta haqlarını artıran və ya azaldan əmsallar da əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə tətbiq edilir. Əgər, sığorta müqaviləsinin predmeti olan avtomobilə sahiblik digər şəxsə keçirsə və Qanunun 8.3-cü maddəsinə əsasən sığortalıya aid edilən bütün hüquq və vəzifələr də yeni sahibə keçirsə, deməli sığortalıya tətbiq olunacaq malus əmsalı da iddiaçıya yox, yeni sahibə tətbiq olunmalı idi.

31. Digər tərəfdən, istər sığorta haqqının hesablanma qaydasını tənzimləyən “İcbari sığortalar haqqında” Qanunun 57.1-ci maddəsində, istərsə də Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sığorta haqlarının hesablanması qaydasında “avtonəqliyyat vasitəsinin sahibi” anlayışından istifadə olunur.

32. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir.

33. Anlayışlardan hasil olan nəticə ondan ibarətdir ki, mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması, həmçinin BM sisteminin tətbiqi avtonəqliyyat vasitəsi sahiblərinə münasibətdə, fərdi qaydada tətbiq olunur. Sahiblik isə əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Eyni zamanda qanunverici “avtonəqliyyat vasitəsi” anlayışından istifadə etməklə sahibin faktiki istifadəsində olan, müqavilə predmeti vahid avtomobili diqqət mərkəzinə çəkir.

34. İstinad olunan Qaydada da sığortalının mülkiyyətində olan bir avtomobillə sığorta hadisəsi törədildikdə onun mülkiyyətində olan bütün avtomobillərə BM əmsallarının tətbiqi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Yəni, BM sisteminə verilən anlayışda nəzərdə tutulan “sığortalıya münasibətdə” sözləri BM əmsallarının onun mülkiyyətində olan bütün avtomobillərə tətbiqini nəzərdə tutmur. Bir avtomobillə sığorta hadisəsi törədildikdə sığortalının mülkiyyətində olan bütün avtomobillərə BM əmsallarının tətbiq olunması qənaətinə gəlmək üçün bu anlayışda “əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin” ifadəsinin əvəzinə “əvvəlki sığorta müqavilələri üzrə sığortalının mülkiyyətində olan nəqliyyat vasitələrinin” ifadəsi qeyd olunmalı idi. Bu anlayışda qeyd olunan “əvvəlki sığorta müqavilələri” ifadəsi də məhz sığorta hadisəsinin törədildiyi avtomobilə dair bağlanmış sığorta müqavilələrini nəzərdə tutur.

35. Hazırkı halda iddiaçıya malus hesablanmış sığorta müqaviləsinin predmeti olan avtomobillə yol-nəqliyyat hadisəsi törədilməmiş, həmin avtomobilin iştirakı ilə sığorta hadisəsi qeydə alınmamışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi, faktiki sahibi və sürücüsü, eyni zamanda sığortalı – hazırkı iş üzrə iddiaçı heç bir yol-nəqliyyat hadisəsində təqsirli olmamışdır. Belə olan halda onun mülkiyyətində olan və etibarnaməli idarəçiliyə verilmiş digər avtomobilin iştirakı ilə, üçüncü şəxsin təqsiri nəticəsində baş vermiş yolnəqliyyat hadisəsinin nəticəsi olaraq iddiaçıya malus tətbiq edilməsi, qanunun yuxarıda sadalanan normalarına və ümumi prinsiplərə ziddir.

36. İcbari sığortanın əsas prinsiplərindən biri sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılmasıdır. BM sisteminin tətbiqi də bu prinsipin realizəsinə xidmət edir. Bu prinsipdən irəli gələrək, nəzərə alınmalıdır ki, BM sisteminin tətbiqində də məqsəd etibarnaməli idarəçilik institunun tətbiqinin azalması yox, sürücülərin fərdi qaydada stimullaşdırılması olmalıdır. Yalnız bu halda, hər bir sürücüyə özünün səbəb olduğu sığorta hadisənə görə malus hesablanarsa sığorta hadisələrinə səbəb olan halların qarşısının alınması məqsədinə çatmaq olar. Yuxarıda da qeyd edildiyi kimi, əmlakın faktiki sahibinin dəyişməsi ilə sığortalıya aid hüquq və vəzifələrin əmlakın yeni sahibinə keçdiyini təsbit etməklə qanunverici də bu məqsədi güdmüşdür.

37. Cavabdehin etirazının digər dəlili isə ondan ibarətdir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilməli idi ki, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququnu bildirsin. Lakin hazırkı iş üzrə sığorta hadisəsinə səbəb olmuş sığorta müqaviləsinin predmeti avtomobil özgəninkiləşdirməmiş, sadəcə etibarnaməli idarəçiliyə verilmişdir ki, bu da qanununun açıq təsbit etdiyi hüquqdur.

38. Odur ki, iddia tələbi əsaslıdır, iddiaçının mülkiyyətində olmuş və başqa şəxsin etibarnaməli idarəçiliyinə verilmiş avtomobilin iştirakı ilə qeydə alınmış sığorta hadisəsinə görə, iddiaçının öz mülkiyyətində və sahibliyində olan digər avtomobilə dair sığorta müqaviləsi üzrə malus tətbiq edilməsi qanunun sadalanan normalarına ziddir, bu səbəblə də iddia təmin olunmalıdır.

39. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı nisbətdə avtonəqliyyat vasitəsinin icbari sığortası ilə bağlı tətbiq edilən güzəştlər bərpa edilməli və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzi cababdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı nisbətdə avtonəqliyyat vasitəsinin icbari sığortası ilə bağlı tətbiq edilən güzəştlər bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzi “İbari Sığorta Bürosu” X6 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar