Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1720/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyanın sahibiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyanın sahibiz hesab edilməsi və mülkiyyətə verilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 10728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkənin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 11.12.2006-cı il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən müəyyən olunur ki, İran İslam Respublikası vətəndaşı X9 Bogher 29 avqust 2006-cı il tarixdə Birləşmiş ərəb Əmirliklərinin Dubay şəhərindən əldə etdiyi ümumi dəyəri 16536,56 manat olmaqla külli miqdarda təşkil edən 117 ədəd gümüşqızıl sikkələri, 64 ədəd “Nokia” markalı zavod qüsurlu mobil telefonlarını və onlara aid aksessuarları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə peyk antennaları başlıqları üçün nəzərdə tutulmuş qutuların içərisində yerləşdirərək “İmproteks” yük daşıma şirkətinə təhvil verməklə 46927/8 nömrə nişanlı avtomaşının üzərinə qoyulmuş CRXU ******* nömrəli konteynerlə Azərbaycan Respublikasına göndərilmiş və bununla da həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərara əsasən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli qərarı ilə X7 Bagherin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxs X1 yer müəyyən edilmədiyindən və istintaqdan və ya məhkəmədən gizləndiyi üçün o, dövlətlərarası axtarışa verilmiş, 01.06.2020-ci il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 01.05.2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarında olan 23 iyun 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən müəyyən olunur ki, qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar İran İslam Respublikası vətəndaşı X9 Bogherin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə və Azərbaycan Respublikasının 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Rspublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 22.10.2020-ci il tarixli inzibati xəta haqında işin icraatına xitam verilməsi haqqında qərara əsasən müəyyən olunur ki, həmin qərarla İran İslam Respublikası vətəndaşı X9 Bogher barəsində 1000-0038/20 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, İran İslam Respublikası vətəndaşı X9 Bogherdən hüquqpozma predmeti kimi götürülmüş 117 ədəd müxtəlif ölçüdə gümüş, qızıl sikkələrin 21 noyabr 2006-cı il tarixli protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması, qərarın surətinin bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsiməsi, İran İslam Respublikası vətəndaşı X9 Bogherdən hüquqpozma pedmeti kimi götürülmüş ümumilikdə 64 ədəd “Nokia 6270” və “Nokia-7610” markalı telefonların satışından əldə olunan vəsaitin “Azərterminalkompleks” Birliyinin depozit hesabında saxlanılması nəzərə alınaraq həmmin vəsaitlə bağlı qanunvericiliyinin tələblərindən irəli gələn məsələlərin həll olunmaqla müvafiq tədbirlərin görülməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ümumi dəyəri 10728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkə sahibsiz hesab edilməlidir. Belə ki, iş materialları ilə 117 ədəd gümüş-qızıl sikkənin İran İslam Respublikası vətəndaşı X9 Bogherdən hüquqpozma predmeti kimi götürülməsi, X2 yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış elan olunması, daha sonra onun haqqında başlanılmış cinayət işi üzrə icraata və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hüquqpozma predmeti kimi götürülmüş 117 ədəd gümüş-qızıl sikkənin mülkiyyətçisinin olmaması, mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulması və həmin sikkələrə 2006-cı ildən Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməsi iş materialları ilə təsdiqini tapdığından, ərizə əsaslı hesab edilərək ümumi dəyəri 10728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkə sahibsiz hesab edilməlidir. Ümumi dəyəri 10728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkənin Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, daşınar əşyaların mülkiyyətə verilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından ərizəyə həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ümumi dəyəri 10728,56 manat olan 117 ədəd gümüş-qızıl sikkə sahibsiz hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1720/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1720/2021
16.09.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver