Məhkəmə qərarları › İş №2(004)-1739/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1739/2023

16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1739/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 874 manat borcun silinməsi, müvafiq standartlara cavab verməyən su sayğacının öz hesabına dəyişdirilməsi vəzifələrinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 874 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə 1 yanvar 2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış sahəsinə (fərdi həyət evi) su təchizatı və çirkab sularının axıldılması ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Su təchizatına görə xidmətlərin haqqının ödənilməsi cavabdeh tərəfindən quraşdırılmış “Smart” tipli sayğacın göstəricilərinə əsasən həyata keçirilmişdir. 8 sentyabr 2022-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qeyd edilmiş ünvanda quraşdırılmış “Smart” tipli sayğac “Mexaniki” tipli sayğacla əvəz olunmuşdur. Cavabdeh tərəfindən ona 31 oktyabr-30 noyabr 2022-ci il tarixləri aralığında 874 m3 su sərfiyyatı üzrə 874 AZN borc hesablanmışdır. Halbuki, o, göstərilən həcmdə su istifadə etməmişdir. Cavabdehin özünün elektron sistemindən çıxarılmış “Abonent kartı”ndan da göründüyü kimi, istifadə edilən suyun həcminin “Smart” tipli sayğacla hesablandığı bütün dövrlər ərzində iddiaçı tərəfindən istifadə edilən orta aylıq su həcmi 11.3 m3 təşkil etmişdir. Lakin cavabdehin son beş ay üzrə (üstəlik, bu aylar qış və ilin soyuq aylarına təsadüf edir) hesablamaları qeyd edilən orta aylıq sərfiyyat həcmindən 10 dəfədən də artıq olmuşdur. Bu isə o deməkdir ki, cavabdin su sərfiyyatını hesablamaq üçün quraşdırdığı “Mexaniki” tipli sayğac düzgün işləməmiş, nəticədə şişirdilmiş və reallığa uyğun olmayan su sərfiyyatı göstəriciləri meydana çıxmışdır. Cavabdeh tərəfindən istehlak olunan suyun həcminin ölçülməsi üçün standartlara cavab verməyən, su təchizatını düzgün ölçməyən sayğacdan istifadə edilməklə, iddiaçının su təchizatı istehlakçısı kimi hüquqları pozulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə məhkəməyə müraciət edərək, hazırki mülki işə onun iştirakı olmadan baxılmasını və yekun qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdiyini bildirdi. Məhkəmə işdə cavabdehin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kartından (saldo) görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 29598604 saylı müqavilə bağlanmışdır (Abonent kodu: **********010). Eyni zamanda müəyyən olunur ki, 2022-ci il üzrə iddiaçının 03.01-02.02 tarix aralığı üzrə ümumi sərfiyyatı 20 m3; 06.02-08.03 tarix aralığı üzrə 50 m3; 22.05-21.06 tarix aralığı üzrə 20 m3; 23.07-22.08 tarix aralığı üzrə 10 m3; 30.09-31.10 tarix aralığı üzrə 5 m3; 31.10-30.11 tarix aralığı üzrə 874 m3; 30.11-30.12 tarix aralığı üzrə 20 m3; 29.12-28.01 tarix aralığı üzrə ümumi sərfiyyatı 19 m3 hesablanmış, İddiaçı qeyd olunan tarixlər üzrə hesablanmış ümumi borc məbləğində 200 manat ödəniş etmiş və 818 manat qalıq qalımışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “X4”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “X4”nın 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi həyatyanı yaşayış evi üçün hesablanılmış 874 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materialları ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 2022-ci il üzrə İddiaçı sudan istifadə və çirkab sularının axıdılmasına görə orta aylıq sərfiyyatı 24 m3 təşkil etdiyi halda, 31 oktyabr-30 noyabr tarix aralığında bu sərfiyyat cavabdeh tərəfindən 874 m3 hesablanmışdır. Lakin hesablanmış bu sərfiyyat cavabdeh tərəfindən əsaslı dəlillərlə məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir. Borcun yaranma mənbəyi məlum deyildir. Odur ki, məhkəmə qeyd edir ki, 2022-ci ilin 31 oktyabr-30 noyabr tarix aralığı üzrə cavabdeh tərəfindən hesablanmış 874 manat məbləğində borcdan iddiaçının istifadə edə biləcəyi ümumi orta aylıq borc, yəni 24 manat çıxılmalı, əsassız olaraq hesablanmış 850 manat borc məbləği silinməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi həyətyanı yaşayış evinə sərf edilmiş suya görə əsassız hesablanmış 850 manat borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Neftçilər küçəsi, ev 153 (Abonent kodu: **********010) ünvanına əsassız hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar