Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-174/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə4, vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh1 1995-ci ildə nikaha daxil olmuşlar. Mübahisəli əmlaklar onların birgə nikah dövründə əldə edilmişdir. Hazırda faktiki nikah münasibətlərində olmadıqlarından birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zərurəti yaranmışdır. Cavabdeh1 2016-cı ildə əmlakın bölgüsündən yayınmaq üçün torpaq sahəsini digər cavabdeh basıcı Cavabdeh3 bağışlamışdır. Bağışlama zamanı Cavabdeh1 nikahda olması gizlədilmiş, notariusa guya subay olması barədə yalan məlumat verilmiş, notarius da bunu yoxlamayaraq iddiaçının buna notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmadan bağışlama müqaviləsini təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçı bağışlama müqaviləsinin mövcudluğundan iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçının vəkili tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmiş sorğuya cavab aldıqdan sonra, yəni 2021-ci ilin iyul ayında bilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh E.Nabatalıyev iddia ərizəsində göstərildiyi kimi 2 ay deyil, artıq 10 ildir ki, faktiki nikah münasibətlərində deyil. Mübahisəli torpaq sahəsi Cavabdeh1 bacısı Cavabdeh3 vəsaiti hesabına alındığından E.Nabatalıyev torpaq sahəsini bacısına bağışlamışdır. 2014-cü ildə isə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman bacısı qadın notariusa getməsin deyə, alqı-satqı müqaviləsi onunla bağlanmışdır. Bağışlama müqaviləsindən iddiaçının məlumatı olmuş, hətta bağışlama ilə əlaqədar iddiaçı ilə aralarında yaranmış mübahisənin aradan qaldırılması üçün cavabdeh E.Nabatalıyev iddiaçının hazırda yaşadığı mənzili qızı Bilqeyisə bağışlamışdır. Eyni zamanda bağışlama müqaviləsinin mübahisələndirilməsi üçün iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baş Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 adına 13.12.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən «Opel Vita» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkilinin sorğularına 02.07.2021-ci il tarixli, **********07 saylı və 26.07.2021-ci il tarixli cavab məktubları ilə müəyyən olunur ki, Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir, lakin 23 saylı DNK-nın 4Ə-41 reyestr nömrəli 16.02.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsinin bağışlama müqaviləsinə dair notariat işinin surətindən görünür ki, Cavabdeh1 iddiaçı ilə rəsmi nikahda olmasına baxmayaraq bağışlama zamanı iddiaçının buna notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Müqavilə tərəfləri tərəfindən notariusa E.Nabatəiyevin subay olması barədə məlumat verilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla mübahisəli əmlakların iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edildiyi təsdiq edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin basıcı Cavabdeh3 vəsaiti hesabına əldə edildiyini və iddiaçının bağışlama müqaviləsi barəsində hələ bağışlama müqaviləsi bağlanan zaman məlumatı olmasını bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlakların tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edildiyi tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən, eyni zamanda torpaq sahəsi bağışlanarkən torpağın digər mülkiyyətçisi, yəni iddiaçının buna notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi alınmadığından bağışlama müqaviləsi etibarsız hesab edilməli, iddia tələblərindən kənara çıxılmaqla torpaq sahəsinin Cavabdeh3 adına özəlləşdirilməsi ləğv edilməli və mübahisəli əmlaklarda, yəni avtomobil və torpaq sahəsində tərəflərin payları bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməsinə baxmayaraq dövlət rüsmumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış (4Ə-41 reyestr nömrəli) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin Cavabdeh3 adına özəlləşdirilməsi ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsində və “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Cavabdeh1 payı ½ hissədə, İddiaçı payı ½ hissədə müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-174/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-174/2022
10.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver