Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1760/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 21.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış 19.02.2008-ci il tarixli kredit və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, qalan kredit borcunun ödənilməsi öhdəliyi və İddiaçı üzərinə qoyulan borc öhdəliklərinin Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07.04.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onunla cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış 19.02.2008-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və krediti ödəmə öhdəliyinin girov nəzərə alınmaqla Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, 19.02.2008-ci il tarixdə qonşusu X2 xahişi ilə övladı üçün Cavabdeh1 ASC-nin Sabunçu filialından 5000 ABŞ dolları məbləğində kredit götürəcəyi üçün ona zamin durmağını xahiş etmişdir. O, etiraz etməmişdir, çünki o, həyat yoldaşı X3 da onunla birlikdə zamin duracağını və 5000 ABŞ dolları dəyərində girov qoyacağını bildirmişdir. O, 19.02.2008-ci il tarixdə Cavabdeh1 ASC-nin Sabunçu filialında X6, anası X7 və atası X2 iştirakı ilə zaminlik müqaviləsini imzalamışdır. Onlar söz vermişdir ki, narahat olmasın, ödənişlər vaxtında ediləcikdir. Lakin zaminlik müqaviləsini imzalayarkən ona Cavabdeh2 artıq Cavabdeh1 ASC-nin müştərisi olması və onun əvvəlki borcu bağlamaq üçün bağladığı yeni kredit müqaviləsinin təminatı kimi onunla zaminlik müqaviləsinin bağlandığını bildirməmiş, eyni zamanda Cavabdeh1 ASC-nin əməkdaşları da bu faktı ondan gizlətmişdir. Cavabdeh2 banka olan borcunu ödəyə bilməməsi və bu səbəbdən də yaranan maddi problemlərin həlli üçün onun etibarından istifadə edərərək yeni kredit müqaviləsi bağlayıb banka olan borcunu bağlamağa çalışması göz qabağındadır. Lakin nə cavabdeh, nə də bankın əməkdaşları ona cavabdehlə bank arasında əvvəlcədən bağlanmış kredit müqaviləsi olduğunu və yeni müqavilənin əvvəlki kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi məqsədilə bağlandığını gizlətmiş, ona heç bir məlumat verməmişlər. Əlavə olaraq bildirir ki, Cavabdeh2 Rusiyada yaşayır. Onun atası ilə əlaqə saxlamışdır. O da buna razılıq vermişdir. Zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və ya zaminlik üzrə öhdəliklərin cavabdehin atası X4 üzərinə qoyulmasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, həmin müqavilələr üzrə borcun tutulması barədə üç instansiyanın qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. İddianı əsassız hesab edir. Həmçinin iddiaçı özü də iddia ərizəsində bildirir ki, zaminlik müqaviləsi bağlanmamışdan əvvəl zamin durmaq üçün banka getdiyindən xəbəri olmuşdur. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2405/10 saylı, 22.06.2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh2, X7 və İddiaçı müştərək qaydada ödəniş günü manata olan məzənnə ilə 7603,53 ABŞ dolları Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı, tutma girov qoyulmuş əmlaklara yönəldilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-583/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-2405/10 saylı, 22.06.2010-cu il tarixli qətnaməsi dəyişdirilərək tutulan borcu məbləği cəmi 6466,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.01.2022-ci il tarixli, 2(102)-24/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-583/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 ASC ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsinə əsasən yaranmış borc Cavabdeh2, İddiaçı və digərindən müştərək qaydada tutulmuşdur. Hazırda iddiaçı zaminlik müqaviləsi bağlayarkən Cavabdeh2 banka olan borcunu ödəyə bilməməsi və bu səbəbdən onun etibarından sui-istifadə edərək yeni kredit müqaviləsi bağlamasından xəbərdar olmadığından cavabdehlər tərəfindən aldadıldığını bildirərək zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və krediti ödəmə öhdəliyinin Cavabdeh2 üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən olunur ki, İddiaçı kredit borcunun təminatı kimi zaminlik müqaviləsi bağlamışdır. Borc müştərək qaydada tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Məhkəmə həmçinin krediti ödəmə öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması tələbi ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən borc İddiaçı, Cavabdeh2 və X1 müştərək qaydada tutulduğundan həmin iş üzrə cavabdehlərin hər biri birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı onunla cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış 19.02.2008-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və krediti ödəmə öhdəliyinin girov nəzərə alınmaqla Cavabdeh2 üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı onunla cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış 19.02.2008-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və krediti ödəmə öhdəliyinin girov nəzərə alınmaqla Cavabdeh2 üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1760/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1760/2022
19.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver