Məhkəmə qərarları › İş №2(004)-1780/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1780/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1780/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. 2022-ci il tarixdən etibarən iddiaçıya məxsus evdə sayğac quraşdırılmışdır. Sudan istifadəyə görə borclarını vaxtında ödəmişdir. Lakin, ona əsassız borc hesablanmışdır. Bu səbəbdən, borcun silinməsi və iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına İddiaçı ilə Cavabdeh ASC arasında sudan istifadə ilə bağlı bağlanmış xx.xx.2014-cü il tarixli 30921977 nömrəli müqavilə əlavə edilmişdir. İş materiallarına İddiaçı abonent hesabından çıxarış əlavə edilmişdir. Çıxarışa əsasən müəyyən edilir ki, 2016-2023-cü illər üzrə abonent saldosu ümumilikdə 2032,35 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 30921977 nömrəli müqavilə üzrə münasibətlər təşkil edir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində Cavabdeh ASC-yə ödəməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə izahat verərək bildirmişdir ki, onun yaşadığı ev həyət evidir. Lakin, ona hesablanmış borc yüksək məbləğdə təşkil edir. Məhkəmə iddiaçının arqumentinə münasibətdə bildirir ki, abonent hesabından çıxarışa əsasən müəyyən edilir ki, iddiaçıya münasibətdə sudan istifadəyə görə aylıq hesablanmış borcun ortalama məbləği 18-20 manat təşkil edir ki, bu da xüsusilə həyət evində sudan istifadənin həcmi nəzərə alınmaqla əsaslı və ağlabatan məbləğdir. Bundan əlavə, sudan istifadəyə görə artıq hesablanma varsa da, məhz artıq hesablanmış məbləğin müəyyən edilməsi mümkün deyildir. Nəzərə alaq ki, iddiaçı ailəsi birlikdə həmin evdə yaşamışdırsa, deməli sudan da istifadə etmişdir. Bu xüsusat mülki işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki tələb üzrə borcun yaranması əsaslarını sübut etmək vəzifəsi hakimiyyət səlahiyyətli cavabdeh orqanın üzərindədir. Lakin, bu xüsusat iddiaçını sübutetmə yükündən, aktiv prosessual fəaliyyətdən azad etmir. Nəzərə alaq ki, məhz iddiaçı hesablanmış borcun əsassız, artıq miqdarda hesablandığını iddia edir. İddiaçı tərəfindən iddianın əsaslılığına dəlalət edən ilkin əsaslı hallar müəyyən edilməmişdir. İddiaçı tərəfindən müvafiq illər üzrə sudan istifadəyə görə ödənişlər (cavabdeh tərəfindən nəzərə alınmayan) aparmasına dair sübutlar (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar