Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1821/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 185,96 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 2013-cü ildə evdə su sayğacı quraşdırılmış və bu barədə AS 019967 nömrəli, 18.07.2013-cü il tarixli akt tərtib edilmişdir. Vaxtı-vaxtında su borcunu ödəmişdir. 2021-ci ilin avqust ayında Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşının suya görə yaranan borcla bağlı verdiyi bildirişdə 21.11.2021-ci il tarixə 349,27 manat borcunun olması göstərilirdi. Bundan sonra müraciəti əsasında sayğac dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. Hesab edir ki, yazılan borc əsassız və qanunsuz yazıldığı üçün silinməlidir. Belə ki, bildirişdə 21.11.2021-ci il tarixə 349,27 manat borcu yarandığı qeyd edilsə də, sərfiyyat göstəricisi, borcun hansı əsasla hesablanması barədə qeyd və digər məlumatlar göstərilməmişdir. 27.10.2021-ci il tarixli bildirişdə borcun 111,97 manat, 17.07.2021-ci il tarixli bildirişdə 52,37 manat, 23.04.2021-ci il tarixli bildirişdə 52,47 manat olması göstərilmişdir. Necə ola bilərdi ki, əvvəlki aylar üzrə borc məbləği çox olmamış, lakin son aylar üzrə borc məbləği təxminən hər ay üçün 200 manatdan çox hesablanmışdır. Belə çıxır ki, 2021-ci ilin oktyabr-noyabr ayları üçün, yəni 1 ay üçün suya görə borc məbləği 237,30 manat hesablanıb. Bu sadəcə absurddur. Evində cəmi 2 nəfər ailə üzvü yaşayır. 2 nəfərin istehlak etdiyi su borcu bu qədər ola bilməz, məbləğ sadəcə şişirdilib, əsassız yazılıb. Əsassız yazılmış borcun silinməsi ilə bağlı Cavabdeh ASC-ə elektron müraciət ünvanlamış, cavab olaraq bildirilmişdir ki, X9 İdarəsinin Binəqədi rayon SKİ üzrə X1 Təmiri və X5 əməkdaşları tərəfindən ünvanın su xəttində olan sayğaca baxış keçirilmiş, su sayğacı yenisi ilə əvəz olunmuş və plomblanaraq istismara verilmişdir. Göründüyü kimi əsassız yazılmış borcun silinməsi ilə bağlı müraciətinə ümumiyyətlə cavablarında münasibət bildirilməmişdir. Əlavə olaraq qeyd edir ki, su sayğacı ola bilsin ki, istismar müddətini başa vurub ona görə də dəyişdirib, yenisi ilə əvəz ediblər. Tərəfindən isə sayğaca heç bir kənar təsir edilməmişdir, kənar təsir yoxdursa sayğacın istismarına Cavabdeh ASC cavabdehlik daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının X8 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair” 18.07.2013-cü il tarixli, 019967 saylı aktın surətindən görünür ki, X6 məxsus ünvan 1 ünvanında tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq mənzildə quraşdırılmış su sayğacı dəyişdirilmiş və yerində quraşdırılmış 49983999 nömrəli yeni susayğacı abonentin iştirakı ilə yoxlanılaraq istismara verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən X6 ünvanlanmış 09.12.2021ci il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Bınəqədı rayonu, Çiçək qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin su xəttində olan sayğacın təmiri ilə əlaqədar Cavabdeh ASC-yə ünvanlanmış 25.11 2021-ci il tarixli müraciətinə baxılmış və müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı X9 İdarəsinin Binəqədı Rayon SKİ uzrə X2 Təmiri və X5 əməkdaşları tərəfindən ünvanın su xəttində olan sayğaca baxış keçirilmiş, su sayğacı yenisi ilə əvəz olunmuş və plomblanaraq istismara verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən X6 ünvanlanmış 09.02.2022ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.7-ci bəndinə əsasən Cəmiyyətin elektron abonent bazasında (kod-**********000) 161,31 manat məbləğində müvafiq düzəliş edilmişdir. Sözügedən ünvanda yerləşən mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 12.04.2013-cü il tarixində 11705452 saylı müqavilə bağlanaraq, **********000 saylı abonent kodu açılmışdır. Mənzilin hesabatı su xətti üzərində quraşdırılmış 21145562 nömrəli,CSS-20 markalı mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Hazırda su təchizatı xidmətindən istifadəyə görə hesabda yaranmış borc 185,90 manat təşkil edir.Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olarac abonent hesabda yaranmış qalıq borcu su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərz. Bunun üçün Binəqədi rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalaması tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. İddia ərizəsinə materiallarına əlavə edilmiş hesab fakturalardan görünür ki, 23.04.2021-ci il tarixə 52,47 manat, 17.07.2021-ci il tarixə 52,37 manat, 27.10.2021-ci il tarix 111,97 manat, 21.11.2021-ci il tarixə isə 349,27 manat borc hesablanmışdır. Cavabdeh ASC tərəfindən tərtib edilmiş Abonent kartına əsasən Binəqədi rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 11705452 olan Bakı şəhəri, Bınəqədı rayonu, Çiçək qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin su sərfinə görə yekun borcu 185,96 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir.STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən iddiaçı X6 məxsus ünvan 1 ünvanına su və tullantı tullantı sularının axıdılması xidmətlərindən qeyri-qanuni istifadəyə görə 23.04.2021-ci il tarixə 52,47 manat, 17.07.2021ci il tarixə 52,37 manat, 27.10.2021-ci il tarix 111,97 manat borc hesablanmasına baxmayaraq, 21.11.2021-ci il tarixə 349,27 manat borc hesablanmış, iddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq həmin borcun hansı əsaslarla hesablanması barədə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi iddiaçıya sudan istifadəyə görə 185,96 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 185,96 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. İddiaçı X6 məxsus ünvan 1 ünvanına hesablanmış 185,96 (bir yüz səksən beş manat 96 qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1821/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1821/2022
14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver