Məhkəmə qərarları › İş №2(004)-1834/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1834/2025

12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1834/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2019-cu il tarixli, MSK-29-1710-01210 nömrəli qaz sayğacının yoxlaması barədə aktdan görünür ki, G4 markalı, 1402AZ**********75 nömrəli qaz sayğacında sayğacın yivli birləşməsinin korriziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun kənar nəticəsində deşildiyi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qaz həcmini qeyd etmədiyi müəyyən olunmuşdur.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin 29/1710-01210 nömrəli aktına əsasən abonentin sayğacına baxış keçirilən zaman sayğacın yivli birləşmələri korroziyaya uğrayıb.

3. xx.xx.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə qaz xıttində sayğacda olan və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi.

4. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 4860 m3 ziyan hesablanmışdır.

5. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə, **********00010 nömrəli abonent kodlu abonent İddiaçı hesabına 2020-ci ilin noyabr ayında 484,5 manat borc daxil edilmiş, sonrakı illər və aylar ərzində ödənişlər edildikcə borcdan azalmalar olmuş, 2024cü ilin dekabr ayı üzrə cari borc 364.1 manat olmuşdur.

6. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Birlik tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş təbii qazın dəyəri 4860 m3 müəyyən edilərək, 486 manat borc hesablanmışdır.

7. xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, qaz sayğacına müdaxilə, habelə qanunsuz qoşulma halı aşkar olunmamışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu **********00010 olmaqla) hesablanmış 364,10 manat məbləğdə borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00010-dur. xx.xx.2024-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən onunla yeni müqavilənin bağlanması və qaz sayğacının yenisi ilə əvəz edilməsi adı altında yaşadığı mənzilə gəlmiş və onunla sənəd imzalamışlar. Sonradan isə ona məlum olmuşdur ki, cavabdehin nümayəndləri tərəfindən akt trtib edilmiş və həmin akt ona əsassız olaraq 364,10 manat borc yazılmışdır.

a) iddiaya etiraz

10. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

b) məhkəmə icraat iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasın başqa vaxta keçirilməsini xahiş etmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada:

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00010 nömrəli abonent kodu açılmışdır.

20. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 364,10 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən barəsində akt tərtib edilmiş, akt üzrə əsassız borc hesablanmışdır.

21. Məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlardır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. “Qaz sayğacının yoxlanması haqqında” xx.xx.2019-cu il tarixli akta əsasən sayğacın yivli birləşməsinin korriziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun kənar nəticəsində deşildiyi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qaz həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən sayğaca müdaxilə olunmasına dair rəy verilmişdir. Bununla əlaqədar Birlik tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən “Qazdan istifadə” qaydalarının 1.3-cü bəndinin və tərəflər arasındakı müqavilənin 2.2.5-ci bəndinin tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış, itirilmiş qazın həcmi 4860 m3 müəyyən edilərək 486 manat borc hesablanmışdır.

22. Abonent saldosundan görünür ki, iddiaçının hesabına 2020-ci ilin noyabr ayında 484,5 manat borc daxil edilmiş, sonrakı illər və aylar ərzində ödənişlər edildikcə borcdan azalmalar olmuş, 2024-cü ilin dekabr ayı üzrə cari borc 364,1 manat olmuşdur.

23. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.

24. İlk növbədə, borcun hesablanmasına əsas olmuş aktlar sayğacın laborotiya müayinəsinin nəticəsi haqqında xx.xx.2019-cu il tarixli və onun əsasında qəbul olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktlardır. Halbu ki, bu aktların heç biri iddiaçıya təqdim edilməmiş, aktlar barədə iddiaçı məlumatlandırılmamış, iddiaçı da hesablanmış borcdan bir neçə il sonra məlumatlı olmuşdur.

25. Digər tərəfdən, aktların mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

26. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

27. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür.

28. Hazırkı işin halları baxımından isə bu kimi halların heç biri öz təsdiqini tapmır.

29. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.

30. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********00010 olmaqla) hesablanmış 364,10 manat məbləğdə borc Cavabdeh tərəfindən silinməli və İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********00010 olmaqla) hesablanmış 364,10 manat məbləğdə borc Cavabdeh tərəfindən silinsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar