Məhkəmə qərarları › İş №2(004)-1841/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1841/2021

10.06.2021 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1841/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Yəhyayeva (Bədəlova) Təranə Rizvan qızının cavabdehlər «xxxx” və Cavabdeh2 Bokt ASC-yə qarşı «hərracın nəticələrinin ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yəhyayeva (Bədəlova) Təranə Rizvan qızı cavabdehlər «xxxx” və Cavabdeh2 Bokt ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 25 may 2018-ci il tarixli N Y-743 saylı “Hərracın nəticələri haqqında yekun Protokol” və 25 may 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinin yenidən hesablanmaqla qalıq borc məbləğinin və artıq pul ödənişlərinin geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 937/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdehlər X6 və Bədəlova (Yəhyayeva) Təranə Rizvan qızına qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddası qismən təmin edilmiş, cavabdehlər X6 və Bədəlova (Yəhyayeva) Təranə Rizvan qızından 34063,35 ABŞ dolları əsas borc, 8921,99 ABŞ dolları faiz borcu və 8 ABŞ dolları cərimə borcu, cəmi 42993,34 ABŞ dolları məbləğində borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və ödənilmiş 31 manat dövlət rüsumunun tutulub ASC-nin xeyrinə ödənilməsi, tələbin X2 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunan pul vəsaitinin hesabına borcun ödənilməsi qət edilmişdir. Məhkəmənin sözügedən icra sənədi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqəsdilə Suraxanı rayon İcra şöbəsinin № 133133-21 saylı, 23.02.2018-ci il tarixli sifariş məktubuna əsasən “xxxx” tərəfindən 25 may 2018-ci il tarixdə hərrac keçirilərək, ünvan 1 ünvanında yerləşən mənzil hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 65000 manat olmuş, Cavabdeh2 BOKT ASC ilə “xxxx” arasında 25 may 2018-ci il tarixli № Y-743 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və 25 may 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı- satqı müqaviləsi bağlanmış və hərraca çıxarılmış əmlak ən son satış qiyməti ilə 41438 manata «Cavabdeh2” BOKT ASC-yə satılmışdır. 25 may 2018-ci il tarixli № Y-743 saylı “Hərracın nəticələri haqqında yekun Protokol” və 25 may 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi tamamilə qanunsuz və əsassızdır. Odur ki, aşağıda göstərilən əsas və səbəbdən ləğv edilməlidir. Belə ki, icra işində olan sənədlərdən məlum olur ki, Suraxanı rayon İcra şöbəsinin № 133133-21 saylı 23.02.2018ci il tarixli sifariş məkutubuna əsasən “xxxx” MMC tərəfindən ünvan 1 satış üçün 18 aprel 2018-ci ildə hərraca çıxarılmış, ilkin satış qiyməti 65000 manatdır. “xxxx” tərəfindən ipoteka predmetinin dəyəri düzgün qiymətləndirilməmişdir. Təkrar hərrac zamanı “xxxx” tərəfindən əmlakın qiyməti 15%, daha sonra isə 25% azaldılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1; 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti 65000 manat olmalı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində qeyd edilən “hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər” müddəasına əsasən əmlakın qiyməti 41438 manat deyil, 65000 manatın 25% az olmaqla 48750 manat olmalı idi. Borclular 2017, 2018, 2019-cu illər üzrə hər il 6000 ABŞ dolları, 2020-ci ildə isə 1500 ABŞ dolları olmaqla iddiaçıya olan 42 993 ABŞ borclarının yarısını - 20 000 ABŞ dollarını ödəmişlər. Bunu təsdiq edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə olunur. Odur ki, «Cavabdeh2” BOKT ASC-nin direktoru T.M.İsmayılov İcra şöbəsinə 07.09.2017-ci il tarixdə № 3065-0917 saylı ərizə verərək cavabdeh X4 «Cavabdeh2” BOKT ASC-yə olan borcunun bir hissəsini ödədiyindən “İcra haqqında” Qanunun 23.1.1 -ci maddəsinə əsasən tələbin icra (qismən icra) edilməsi əsası ilə icra sənədini həmin sənədi vermiş məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Azər Paşayev “xxxx” Xidməti MMC-yə 20 sentyabr 2017-ci il tarixdə №177422039/8 saylı məktub göndərərək, «Cavabdeh2”BOKT ASC-nin qeyd olunan ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi üçün 28.08.2017-ci il tarixdə göndərilmiş sifariş məktubunu və ona əlavə edilmiş sənədləri icrasız məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi qeyd olunan səbəb və əsasla məhkəməyə qaytarılmışdır. Lakin, əvvəlki illərdə olduğu kimi borclunun hər ay eyni qaydada borcunu ödəməsinə baxmayaraq Cavabdeh2 BOKT ASC-nin ərizəsi əsasında sözügedən icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə icraçısı mənzilin yenidən hərracda satışa çıxarılması ilə bağlı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə sifariş məktubu göndərərkən, borclular tərəfindən ötən müddət ərzində iddiaçıya ödənilmiş 210000 ABŞ dollarından artıq məbləğin ödənildiyini nəzərə almamış, qalan borc məbləğini icra sənədində oıduğu kimi, yəni 42993,34 ABŞ dolları olaraq göstərmişdir. Mənzilin hərracda satışını təşkil edən cavabdeh “xxxx” MMC də mənzili qiymətləndirərək Cavabdeh2 BOKT ASC-yə satarkən mənzili bütünlüklə, yəni 41438 ABŞ dolları məbləğində borc əvəzi olaraq satmışdır. Cavabdeh2 BOKT ASC də öz növbəsində borcluların öz borclarının yarısı miqdarında, yəni 21000 ABŞ dolları məbləğini onların hesablaşma hesabına ödənildiyini gizlədərək, bu barədə məhkəmə icraçısına və hərracı təşkil edən “xxxx” MMC-yə məlumat verməmişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən borcluların ona cəmi 42993 ABŞ dolları məbləğində pul borclu olduğu halda, faktiki olaraq cavabdehə məxsus 100700 manat dəyərində əmlakını əldə etmişdir. Cavabdehlər məhkəmənin icra sənədinə əsasən iddiaçıya borclu olduqları 42993 ABŞ dollarının 20000 ABŞ dollarından artıq məbləğini (yəni, yarısını) iddiaçı Cavabdeh2BOKT ASC-nin müvafiq bank hesabına ödəmişdir. Belə olan halda, cavabdehlərin iddiaçıya ödədikləri həmin pul vəsaiti onların ümumi borc məbləğlərindən çıxılmaqla, borcun yalnız ödənilməmiş qalan hisəsinin ödənilməsini təmin edilə bilərdi. Borcun ödənilməmiş qalan hissəsi təxminən 20 000 ABŞ dolları təşkil edir. Bu isə, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə təxminən 34000 manat təşkil edir. Lakin, cavabdehə məxsus mənzilin hərrac yolu ilə iddiaçıya satılması nəticəsində cavabdehdən iddiaçının xeyrinə ümumilikdə təxminən 100700 manat pul ödənilmişdir (yəni, nagd yolla ödənilən 21000 ABŞ dolları * l,7manat = 35700 manat + 65000 manat mənzilin hərracda satış qiyməti = 100700 manat) Bu da, məhkəmə qətnaməsi ilə qət edilmiş 73081 manat (42993ABŞ dolları *1,7 manat = 73081 manat) pul məbləğindən 27619 manat çoxdur (100700-73081=27619). Odur ki, yuxarıda qeyd olunan səbəblərdən hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilə əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh «xxxx” məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(013)-937/2017 saylı qətnaməsi ilə cavabdehlər Bədəlova (Yəhyayeva) Təranə Rizvan qızı və X3 cəmi 42993.34 ABŞ dolları pulun və 31 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, tələbin X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 13 mənzil 62-yə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 13 mənzil 62-dən çıxarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İpoteka predmeti olan əmlak ilkin satış qiyməti 65 000 manata açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 41 438 manata Cavabdeh2 BOKT ASC-yə təklif edilmişdir. “xxxx” MMC ilə Cavabdeh2 BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 13 mənzil 62- yə Cavabdeh2 BOKT ASCnin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan mənzil ASCnin balansına götürüldükdən və borc mənzilin balans qiymətinə müvafiq olaraq silindikdən sonra X4 31 650.1 AZN məbləğində qalıq borcu qalmışdır. X6 tərəfindən müxtəlif vaxtlarda hissələrlə ümumilikdə 20 000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmin ödənişlər isə qalıq borcun silinməsinə yönəldilmiş və onun ASC-yə olan borcu tam şəkildə silinmişdir. İddia ərizəsi ilə tanış olduqdan və X4 artıq ödəniş edib-etməməsi məqsədilə hesablama apardıqdan sonra məlum olmuşdur ki, X6 tərəfindən 2312.80 AZN məbləğindən artıq ödəniş edilmişdir. Onun tərəfindən artıq ödənilən pul 20 000 ABŞ dolları deyil, cəmi 2312.80 AZN təşkil edir. İddiaçı Yəhyayeva (Bədəlova) Təranə Rizvan qızı ipoteka predmeti ASC-nin balansına götürüldükdən və qətnamə üzrə borc silindikdən sonra qalıq borcunun qalmasını nəzərə almamış və 20 000 ABŞ dolları məbləğində pulu artıq ödədiyini düşünmüşdür. Lakin həmin pul X4 qalıq borcunun silinməsinə yönəldilmişdir. X4 cəmi 2312.80 AZN məbləğində artıq pul ödəməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Təşkilat həmin pulu X5 qaytarmağa hazırdır. Borclulara keçirilən hərracların vaxtı və yeri barəsində məlumat verilmişdir. 18 aprel 2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş Yəhyayeva (Bədəlova) Təranənin ünvanına göndərilmiş və bildiriş 06.04.2018-ci il tarixində iddiaçı Yəhyayeva (Bədəlova) Təranə tərərfındən şəxsən imzalanaraq qəbul edilmişdir. 18 aprel 2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş X4 ünvanına göndərilmiş və bildiriş 05.04.2018-ci il tarixində imzalanaraq qəbul edilmişdir. 23 may 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş iddiaçı Yəhyayeva (Bədəlova) Təranənin ünvanına göndərilmiş və bildiriş 28.04.2018-ci il tarixində imzalanaraq qəbul edilmişdir. 23 may 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş X4 ünvanına göndərilmiş və bildiriş 21.04.2018-ci il tarixində həmin ünvanda Hacıyeva soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İpoteka predmeti olan əmlakın hərraca çıxarılmasına dair “Market” qəzetinin 30.03.2018- 05.04.2018-ci il tarixli və 20.04.2018-26.04.2018-ci il tarixli buraxılışlarında elanlar verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 25 may 2018-ci il tarixdə qüvvədə olan redaksiyasının 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). «İpoteka haqqında» Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. «İpoteka haqqında» Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). İstinad olunan maddələrin tələblərinə əsasən qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac və onun nəticələri məhkəmə tərəfindən yalnız etibarsız hesab edilə bilər. İddiaçı isə hərrəcın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hərracın nəticələrinin ləğvi qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmadığından hərracın keçirilməsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsi araşdırılmadan iddia “Hərracın nəticələri haqqında yekun Protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməlidir. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdən göründüyü kimi borcdan onun tərəfindən ödəniş edilməmişdir. Odur ki, o artıq pul ödənişlərinin geri qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət edə bilməz. Məhkəmə hesab edir ki, həmin iddia tələbi iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar