Məhkəmə qərarları › İş №2(105)-930/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-930/2024

10.07.2024 · Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-930/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasdan imtina, əqdin etibarsızlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X28 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən “Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz”. Odur ki, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

2. “Elektron notariat” X3 xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı 1917-ci ildə vəfat etmiş X5 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.

3. xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

4. İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, Hacıəhmədov Allahverdidən miras qalmış Nakam küçəsindəki 29 saylı mülkün irs payından imtina edir və gələcəkdədə heç bir iddiası olmayacağını öz imzası ilə təsdiq etmişdir.

5. xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış HK- 1/2262 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Material əlavə yoxlamanın aparılması üçün Şəki ŞRPŞ-nin Təhqiqat bölməsinə göndərilməsi qərara alınmışdır.

6. xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X22 və X23 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki ünvanı ünvan 5tnamədən görünür ki, X25 1917-ci ildə ölmüşdür.

9. Şəki regional “Asan xidmət” mərkəzinində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, 1902-ci ildə Şəki şəhərində anadan olmuş X8 atası Hacı-Əhməd Allahverdi oğlu, anası X6r.

10. “Elektron notariat” X10 vasitəsilə “X20” AQİS-dən çıxarışdan görünür ki, X13 xx.xx.1962-ci ildə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində verdiyi, babası X2 qalmış mirasdan imtina edilməsi barədə 8İ-30473 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun babası X9 1917-ci ildə vəfat etmişdir. Babasından ünvan 6 ünvanda yerləşən torpaq sahəsi miras qalmışdır. 22 avqust 2023-cü il tarixdə ögey qardaşının oğlu Cavabdeh2 Niyazi oğlu onun yaşadığı mənzilə gələrək babası X2 qalmış miras əmlakla atası X7 qalmış əmlak arasında hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirmək adı ilə onu 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisinə apararaq, orada onu aldadaraq ondan babası X2 qalmış miras əmlakı qəbul etməkdən imtina etməyi barədə ərizə almışdır. Bu sənədi aldıqdan sonra 2023-cü ilin sentyabr ayında qardaşı oğlu Cavabdeh1 babasından qalmış miras əmlakı qəbul edib həmin əmlak üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Bundan sonra 20 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlakı X1. 2023-cü iln noyabr ayında qardaşı oğlu X11 ona zəng edərək Cavabdeh2 Niyazi oğlunun onun baba mülkünü satdığını bildirmişdir. Bundan sonra o, Şəki Rayon icra başçısının müavini Həsən müəllimin qəbuluna getmişdir. Həmin vaxt Həsən müəllim baş memara tikinti üçün layihənin verilməsinin dayandırmağı tapşırmışdır. O, Şəki Rayon Polis Şöbəsinə müraciət edərək mübahisəli evlə bağlı tikinti işlərinin dayandırılması, dələduzluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması xahiş etmişdir. Şəki Rayon Polis Şöbəsinin təhqiqatçısı Kamal Xəlilzadə tərəfindən cinayət işinin başlamlmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onun babası X2 qalmış miras əmlakdan imtina etməyi barədə ərizə etibarsız hesab edilməlidir.

13. Məhkəmədə şahid X19 bildirdi ki, iddiaçı və cavabdeh onun qohumlarıdır. Ülvi onun əmisi oğludur. Ülvi əvvəllər Bakı şəhərində yaşayırdı. Orada əmisi oğlanları əmisinin onların xeyrinə mirasdan imtina barədə ərizə verməsini istəmişdir. O, bunu biləndən sonra əmisinə də bildirmişdir ki, mirasdan imtina ilə bağlı ərizə verməsin. Əmisi ərizə verəndən sonra onun xəbəri olmuşdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş ərizə birtərəfli əqddir və həmin ərizə hüquqi nəticəyə səbəb olduğundan, yəni miras əmlakdan imtina edilməsi cavabdehlərin miras əmlakdakı payının artmasına səbəb olduğundan, iddiaçı verilmiş ərizənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Lakin məhkəmə iclasında bu ərizənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

16. İşin faktiki hallarından göründüyü kimi iddiaçı babasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşı oğlu Cavabdeh1 xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirməsi barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 329.2, 337.1, 339.2, 339.3, 389.1, 390.1, 1268.1, 1268.2-ci maddələri, Azərbcayn Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı babasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşı oğlu Cavabdeh1 xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarını təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirməsi barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından vacib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz.

20. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, iddia ərizəsində də göstərildiyi kimi 22 avqust 2023-cü il tarixdə iddiaçının ögey qardaşının oğlu Cavabdeh2 Niyazi oğlu onun yaşadığı mənzilə gələrək babası X2 qalmış miras əmlakla atası X7 qalmış əmlak arasında hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirmək adı ilə onu 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisinə apararaq, orada onu aldadaraq ondan babası X2 qalmış miras əmlakı qəbul etməkdən imtina etməyi barədə ərizə almışdır. Bu sənədi aldıqdan sonra 2023-cü ilin sentyabr ayında qardaşı oğlu Cavabdeh1 babasından qalmış miras əmlakı qəbul edib həmin əmlak üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Cavabdeh1 əmisi məhkəmə iclasında verdiyi izhatında vəkilin sualına cavab olaraq əmisi İddiaçı müəyyən vəd verdiyini bildirmiş, lakin bu vədin nədən ibarət olması barədə sual cavab verməkdən imtina etmişdir. Bundan əlavə məhkəmədə şahid qismində dindirilmiş X19 bildirdi ki, iddiaçı və cavabdeh onun qohumlarıdır. Ülvi onun əmisi oğludur. Ülvi əvvəllər Bakı şəhərində yaşayırdı. Orada əmisi oğlanları əmisinin onların xeyrinə mirasdan imtina barədə ərizə verməsini istəmişdir. O, bunu biləndən sonra əmisinə də bildirmişdir ki, mirasdan imtina ilə bağlı ərizə verməsin. Əmisi ərizə verəndən sonra onun xəbəri olmuşdur. Cavabdeh1 əmisi İddiaçıla miras payın 3 nəfər arasında bölünməsi ilə bağlı razılığa gəlmişlər, lakin əmisi İddiaçı mirasdan imtina etməsi ilə bağlı ərizə verdikdən sonra Ülvi vədinə əməl etməyərək miras əmlakı öz adına keçirmişdir. Hesab edirik ki, cavabdehin özünün etirafı və şahid ifadəsi ilə cavabdehin iddiaçını əqd bağlamaq məqsədi ilə aldatması tam sübuta yetirilmişdir. İşə baxan məhkəmə isə yuxarıda qeyd edilən sübutlara obyektiv qiymət verməmiş, nəticədə maddi hüquq normasının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Verilmiş apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirilmişdir.Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.

48. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

49. İşin hallarına görə, İddiaçı ata tərəfdən babası X9 1917-ci ildə vəfat etmişdir. İddiaçının babasından Şəki şəhəri, İsmayılbəy Nakam küçəsi, ev 27 ünvanda yerləşən daşınmaz əmlak miras qalmışdır. İdiaçının atası X12 isə 1962-ci ildə ölmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə “1917-ci ildə vəfat etmiş X4 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir” məzmununda notariat qaydada ərizə verərək, faktiki olaraq mirasdan imtina emişdir. Bundan sonra iddiaçının qardaşı oğlu Cavabdeh1 babasından qalmış miras əmlakı qəbul edib həmin əmlak üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almış, daha sonra əmlakı digər şəxsə satmışdır. İddiaçı hal-hazırda məhkəmədən qeyd olunan ərizənin etibarsız hesab olunmasını xahiş edir.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

51. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.

52. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

53. Belə ki, işdən görünür ki, iddiaçı notariat qaydada ərizə verərək 1917-ci ildə vəfat etmiş babasından qalmış miras əmlakdan imtina etmişdir. Kollegiya ilk öncə İddiaçı belə ərizə verməyə subyektiv hüququnun olub-olmamasını araşdırmasını zəruri hesab edir.

54. Göründüyü kimi, iddiaçının babası X9 1917-ci ildə vəfat edərkən vərəsəsi olan oğlu, yəni idiaçının atası X12 sağ olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, əvvəlki növbənin vərəsəsi mövcud olduğundan, iddiaçının 2023-cü ildə babasından qalmış miras əmlakdan imtina etməsinə dair subyektiv hüququ yoxdur.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisələndirilən ərizə etibarlı olması üçün qanunda nəzərdə tutulmuş əqdin subyektiv tərkibinə aid edilən şərtə cavab vermədiyindən, özlüyündə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz.

56. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

59. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1411/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində verdiyi, babası X2 qalmış mirasdan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli 30473 reyestr nömrəli ərizəsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar