Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1843/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə 03.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh" MMC ilə aralarında 30.10.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi3M/640) ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 (bir yüz iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC 15.03.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Cavabdeh MMC 16.05.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddianin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə - "İstilik" kafesi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Həmin müəssisə dövlət əmlakı olmuş və iddiaçı tərəfindən özəlləşdirilmişdir. Bununla bağlı Azərbaycan Respubliaksı İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən 3 № li reyestr kitabının 10-cu səhifəsində 001431 qeydiyyat nömrəsi ilə 05.07.2002-ci il tarixdə qeydiyyata alınmış və "Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilmişdir. Əmlak kompleksi kimi müəssisə “A", "B” və "C” tikililərindən ibarət olmaqla ümumi sahəsi 155,1 m2, istifadəsində olan ümumi torpaq sahəsi isə 528,6 m2 təşkil elmişdir. 30 dekabr 2009-cu il tarixdə iddia tələbləri üzrə cavabdeh "Cavabdeh" MMC ilə aralarında razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 19 saylı Notariat Kontorunda 3M-640 reyestr nömrəsi ilə qeyd edilməklə notarial qaydada təsdiq edilmişdir. Müqavilənin predmeti ünvan 1 ünvanında 12 mərtəbəli 1 girişi yaşayış binasının inşa edilməsi ilə bağlı olmuşdur. Müqavilədə Birinci tərəf adlandırılmaqla iddiaçının pay qoyuluşu mülkiyyətində olan "İstilik" kafesi olmalı idi. Müqaviləyə əsasən vəzifəsi isə müqavilə imzalandıqdan sonra 10 gün ərzində tələb olunan əmlakı və sənədləri təqdim etmək idi ki, bu vəzifəyə əməl edilmişdir. Müqavilənin "Xüsusi razılaşma” adlandırılmış 6-cı bəndinə əsasən, tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 m2 hissəsi. 18 m2 qaraj və yaşayış mərtəbəsinin 613 m2 hissəsi iddiaçıya məxsus olmalıdır. Bu günədək cavabdeh tərəfindən yalnız müqavilə öhdəliklərinin yaşayış sahəsi ilə bağlı hissəsinə əməl edilmişdir. Qalan hissə, yəni binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 m2 hissəsi və 18 m2 qarajla bağlı öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Vaxtında müraciət edilməmişdir. Əgər iddiaçı vaxtında müraciət etsə idi onlar sübutları təqdim edərdi. Bu müqavilə öhdəliyidir. İddiaçı bir neçə şəxsə etibarnamə vermiş, həmin şəxslər də müqavilənin bir hissəsindən imtina edərək əvəzində pul almışdır. Sonuncu yaşayış sahəsi 2015-ci ildə verilmişdir. Puldan imtina ilə bağlı sənədləri şirkətdə rəhbərlik və heyət bir neçə dəfə dəyişdiyi üçün əldə etmək çətindir. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adından nümayəndəsi X2 ilə Cavabdeh MMC arasında bağlanmış 30.12.2009-cu il tarixli razılaşma müqaviləsinə əsasən tərəflər birgə kommersiya maraqlarını rəhbər tutaraq pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 1 ünvanında 1 girişli, 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşdür. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən obyektin dəmir beton kontruksiyasının xarici və daxili arakəsmələrinin hörülməsi müqavilə imzalandığı gündən 26 ay müddətinə başa çatmalıdır. Müqavilənin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin 293 m2, 18 m2 qaraj, yaşayış mərtəbəsinin 613 m2 sahəsi birinci tərəfə - X1 məxsus olması razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı adından yazılmış, notariat qaydada təsdiq edilmiş 31.03.2011-ci il tarixli ərizəsinə əsasən İddiaçı bildirir ki, ona məxsus olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MMC-nin tikinti işləri aparmasına etirazı yoxdur. bu barədə gələcəkdə iddia qaldırmayacaqdır. Ərizə 13.09.2006-cı ildə Bakı şəhər 19 saylı DNK tərəfindən verilmiş etibarnaməyə əsasən X2 tərəfindən imzalanmışdır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 30.12.2009-cu ildə müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçıya yaşayış və qeyri yaşayış sahlərinin təhvil verilməsi razılaşdırılmışdır. Müqavilə üzrə razılaşdırılmış yaşayış sahəsi təhvil verilmişdir. Hazırda iddiaçı qeyri yaşayış sahəsinin və qarajın təhvil verilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya yaşayış sahəsi təhvil verilmişdir. Lakin müqavilə bağlanarkən də iddiaçının nümayəndəsi olmuş X2 pul müqabilində müqavilədən imtina etmişdir. Notariat qaydasında iddiaçının adından onun nümayəndəsi tərəfindən verilmiş ərizəni məhkəməyə təqdim etsə də, uzun müddət keçdiyindən imtina nəticəsində iddiaçıya pul ödənildiyini təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etdiyini sübut edə bilmir. Lakin müqavilənin icrası müddətinin 26 ay müəyyən edilməsini, habelə mübahisəli ərazidə cavabdehin tikinti işləri aparmasına etiraz etmədiyi və gələcəkdə buna dair iddia qaldırmayacağına dair iddiaçının adından onun nümayəndəsi X2 tərəfindən yazılmış 31.03.2011-ci il tarixli ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh “Cavabdeh" MMC ilə aralarında 30.10.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi3M/640) ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 (bir yüz iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh “Cavabdeh" MMC ilə aralarında 30.10.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi3M/640) ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 (bir yüz iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1843/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1843/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver