Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1844/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 572,40 manat borcun onun (abunə kodu **********00240) hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2017-ci ildə almışdır. O, Rusiya Federasının vətəndaşıdır, daimi olaraq Rusiya Federasiyasında yaşadığından yay aylarında istirahət və qohumlarını görmək üçün Azərbaycan Respublikasına gəlir. Azərbaycanda olduğu müddətdə ailəsinə məxsus Novxanı kəndində yerləşən bağ evində qalır. Cari ilin əvvəlində özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzilini yoxlamaq, mənzilin qaz, su və digər kommunal xidmətlərinin haqqını ödəməyə qərara vermişdir. Post terminal vasitəsilə kommunal xərclərə görə ödəniş etdikdə, daxil elədiyi məbləğin dərhal borca silindiyinin şahidi olmuşdur. Bu barədə müvafiq olaraq cavabdehə müraciət etdikdə, onlar əvvəlki qaz sayğacının plomblarından birinin əridiyini bildirmiş, bu barədə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edildiyini və ona cərimə yazıldığını bildirmişlər. Həmin mənzilin sayğacı xx.xx.2019-cu il tarixdə dəyişdirilmişdir, həmin vaxt olan 30 manat borcunu tam ödəmişdir. Sözü gedən aktın tərtib olunmasına isə səbəb köhnə sayğac olmuşdur. Əgər belə bir qüsur olsaydı, sayğac dəyişdirilərkən plomblarında ərimələrin olması ona bildirilməli idi. Sayğacın plombunun əriməsi nəticəsində əlavə sərfiyyat olması sübuta yetirilməmişdir. Həmçinin, sayğac binanın içərisində quraşdırıldığından ona nəzərəti cavabdehin özü etməlidir. O, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Onun mənzildə yaşamamasını elektrik enerjisindən istifadəyə görə sərfiyyata dair abunə vərəqəsi bir daha təsdiq edir. Borcun yazılmasına dair akt qanunsuz tərtib edilib və cərimə əsassız yazılıb. Bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları və rəsmi sənədləri ilə təsdiq edilir ki, xx.xx.2017-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzilində quraşdırılmış mexaniki tipli G-4 markalı ******* saylı sayğac yeni qaz sayğacı ilə əvəz edilmişdir. “Cavabdeh” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, İddiaçı mülkiyyətindəki mənzilin qaz xəttinə quraşdırılmış G-4 markalı, mexaniki tipli ******* zavod nömrəli qaz sayğacı xx.xx.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək, yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli MSK 29/1710- 01078-1 saylı aktında “sayğacın plastmas ekranına vurulan 4 zavod plombundan biri əriyib" qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 572,40 manat dəymiş ziyan hesablanmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və viedeo çəkiliş aparılmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Çünki, mənzildən kənarda quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır, o cümlədən iddiaçının sayğaca hər hansı bir müdaxiləsi halı müəyyən edilmir. Sayğacın plombunun birinin əriməsi halında, sayğacdan kənar qaydada qaz istifadə edilməsi sübuta yetirilməmişdir. İddiaçı RF vətəndaşı olmaqla, mülkiyyətindəki mənzildə faktiki olaraq daimi yaşamır, kommunal xidmətlərdən istifadə etmir. Bunu Azərişıq ASCnin verdiyi abonent haqqında məlumat vərəqəsi ilə bir daha təsdiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 572,40 (beş yüz yetmiş iki manat qırx qəpik) manat borc istehlakçı İddiaçı (abunə kodu **********00240) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1844/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1844/2021
15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver