Məhkəmə qərarları › İş №2(004)-1844/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1844/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1844/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçının adına açılmış **********24 nömrəli abonent koduna mərkəzi istilik sistemindən istifadəsi üçün hesablanmış 116,78 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatının iddia tələbinə uyğun olduğunu bildirmiş və iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ÖM073147 seriya nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, H.Zərdabi 55, 124 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 04.05.2021-ci il tarixli bildiriş-xəbərdarlığa əsasən müəyyən edilir ki, **********24 nömrəli abonent kodu üzrə yaranmış 116,78 manat məbləğində borcun ödənilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09.12.2021-ci il tarixli, 02/353 qeydiyyat nömrəli akta əsasən müəyyən edilir ki, H.Zərdabi 55, mənzil 124-ün mərkəzi istilik sisteminə birləşməsi olmadığı, dik dayaqların kəsilməsi səbəbindən istiliyin təmin olunmadığı 8 saylı İSİS-in rəisi Kamran Nəsirov, aparıcı mühəndis Bəsti Rəhimova, A və MX üzrə iqtisadçısı Əlibəy Qəribov, 4-cü sahənin rəisi Qalib Əliyev, mənzil 124-ün sakini İddiaçı tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktdan görünür ki, H.Zərdabi 5 ünvanında yerləşən 124 saylı mənzilin mərkəzi istilik sisteminə birləşməsinin olmadığı, dik dayaqların kəsilməsi səbəbindən istiliyin təmin olunmadığı müəyyən edilir, həmçinin iddiaçı tərəfindən istilik enerjisindən istifadə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmir və iş materialları ilə öz təsdiqini tapmır..Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müəyyən edilmiş 116,78 manat məbləğində pul tələbi əsassızdır, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Azəristiliktəchizat” ASC tərəfindən İddiaçı adına açılmış №**********24 olan abonent koduna mərkəzi istilik sistemindən iddiaçının istifadəsi üçün hesablanmış 116,78 borc silinməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Həmin Qanunun 4-cü maddəsinə əsasən elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması üzrə, həmçinin elektrik və istilik qurğularının təhlükəsiz, etibarlı tikilməsi üzrə ümumi qaydaların və standartların müəyyən edilməsi, onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı məsuliyyət daşıyır. Həmin Qanunun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı adına açılmış №**********24 olan abonent koduna mərkəzi istilik sistemindən iddiaçının istifadəsi üçün hesablanmış 116,78 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar