Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1876/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 fevral 2024-cü il tarixə 779.14 manat gecikdirilmiş əsas, 852.42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 112.80 manat dəbbə pulu, cəmi 1744.36 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Fast Track'’ MMC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022ci il buraxılışlı, “Chevrolet Lacetti” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 546.72 manat, ümumilikdə isə 37103 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37103 manatın 25830 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh FAT-426 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 20 fevral 2024-cü il tarixə ümumilikdə 1744.36 manat borcu yaranmışdır. İddiaçı nümayəndəsi Guseinov Gasan məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2023-cü ilin noyabr ayında olmuşdur. Pretenziya məktubu göndərildikdə iki aylıq lizinq ödənişi, yəni dekabr və yanvar aylarının ödənişləri (515,55 manat gecikdirilmiş əsas, 577,89 manat gecikdirilmiş mükafat, 57,63 manat cərimə borcu) cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh X2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2023-cü il tarixli, FAT-426 saylı "Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş , FAT-426 saylı "Daxili lizinq” müqaviləsinə 3 saylı Əlavədən görünür ki, xx.xx.2023-cü il tarixinə əsas məbləğ 255,86, mükafat məbləği 290, 86 manat,xx.xx.2024-cü il tarixinə əsas məbləğ 259,69, mükafat məbləği 287,03 manat təşkil edir. Həmin müqavilədən eyni zamanda görünür ki, müqavilə bağlanan gün cavabdeh tərəfindən 4300 manat lizinq ödənişi (ilkin ödəniş) edilmişdir. İş materiallarından görünür ki, lizinq obyekti üzərində mülkiyyət hüququ müqavilənin qüvvədə olduğu bütün müddət ərzində, hətta həmin müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam verildikdə də lizinq verəndə qalır (Müqavilənin 2.1.-ci bəndi). İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixədək əsas borc üzrə 779,14 manat gecikdirilmiş əsas, 852,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 112,80 manat dəbbə pulu, ümumilikdə 1744,36 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qismində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 25 yanvar 2024-cü il tarixə İddiaçı MMC-yə 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1151.07 manat gecikdirilmiş borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş hesabdan çıxarışdan görünür ki, sonuncu lizinq ödənişi 2023-cü ilin noyabr ayında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 10 fevral 2023-cü il tarixli, FAT-426 saylı "Daxili lizinq” müqaviləsinə əsasən gecikdirilmiş əsas, mükafat məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Göründüyü kimi, tərəflər arasında daxili lizinq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu məbləğini ödəməkdən yayınmış və nəticədə maliyyə arayışına əsasən Cavabdeh lizinq müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixədək əsas borc üzrə 779,14 manat gecikdirilmiş əsas, 852,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 112,80 manat dəbbə pulu, ümumilikdə 1744,36 manat borcu, pretenziya məktubuna əsasən 25 yanvar 2024-cü il tarixə İddiaçı MMC-yə 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1151.07 manat gecikdirilmiş borcu (515,55 manat gecikdirilmiş əsas, 577,89 manat gecikdirilmiş mükafat, 57,63 manat cərimə borcu) yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lzinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748.2.9-cu maddəsinə əsasən lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği lizinq müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.6-ci maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının iddiasının müqavilə üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, cərimə borcu 50 (əlli) manat məbləğində müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh iddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməli, Cavabdeh lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nə geri qaytarılmalı, Cavabdeh 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 515,55 manat gecikdirilmiş əsas, 577,89 manat gecikdirilmiş mükafat və 50 manat cərimə olmaqla, cəmi 1143,44 manat borc, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinə müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə (30 yanvar 2024-cü il tarixli pretenziya məktubu ilə) xitam verilmişdir. Belə olan halda, cavabdehə 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən ödənilmiş 4300 manat olan ilkin məbləğin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nə geri qaytarılsın. Cavabdeh 10 fevral 2023-cü il tarixli FAT-426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 515,55 manat gecikdirilmiş əsas, 577,89 manat gecikdirilmiş mükafat və 50 manat cərimə olmaqla, cəmi 1143,44 manat borc, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiada qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1876/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1876/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver